Prezident: “Mingəçevir Elektrik Stansiyasının səkkiz bloku qısa müddət ərzində yenidən qurulub”

“İllər keçdikcə istənilən infrastruktur köhnəlir, o cümlədən Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması prioritet məsələlərdən biri idi və mənim göstərişimlə 2018-ci ildə stansiyanın tamamilə yenidən qurulması prosesi başlamışdır”.

Sabahinfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev müstəqillik dövrünün ən böyük istilik elektrik stansiyasının təməlqoyma mərasiminə həsr olunmuş tədbirdə deyib.

Qısa müddət ərzində artıq səkkiz blokun tamamilə yenidən qurulduğunu və istifadəyə verildiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib:

“Beləliklə, 2020-ci ildə stansiya, necə deyərlər, öz əzəli gücü ilə yenidən işləməyə başlamış və 2400 meqavat generasiya gücünə malik olmuşdur. Onu da bildirməliyəm ki, bərpa-yenidənqurma işləri nəticəsində təqribən 600 meqavatdan çox itirilmiş güclər bərpa edildi və bu da özlüyündə yeni bir böyük stansiyanın tikintisi deməkdir”.