"Prezident İlham Əliyevin Avrasiya İttifaqının Şura iclasına qonaq qismində dəvət edilməsi öz-özlüyündə Azərbaycanın Avrasiya İttifaqına üzv dövlətlər üçün nə qədər önəmli bir ölkə olduğunu göstərir. Azərbaycanın bu birlik üçün kəsb etdiyi əhəmiyyət İlham Əliyevin çıxışında bütün parametrləri ilə öz əksini tapdı". Bu sözləri SİA-ya açıqlamasında deputat Cavanşir Feyziyev deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidentinin çıxışından toplantı iştirakçılarına məlum oldu ki, ölkə iqtisadiyyatımızın makroiqtisadi göstəriciləri İttifaqa üzv olan dövlətlərin göstəricilərindən daha yüksəkdir: "Son 20 il ərazində Azərbaycanın təşəbbüsü ilə həyata keçirilmiş regional və qlobal xarakterli layihələr bütün Avrasiya dövlətlərinin, o cümlədən İttifaq üzvlərinin də maraqlarına uyğundur. Ölkə başçısı Azərbaycanın bərabərhüquqlu tərəfdaşlıq zəminində və qarşılıqlı faydalı əsaslarda bütün ölkələrlə, o cümlədən İttifaqın üzvü olan Ermənistanla da əməkdaşlığa açıq və hazır olduğunu bildirdi".
Deputat sözlərinə davam edərək bildirib ki, regional əməkdaşlığın canlandırılması üçün bölgədə təhlükəsizliyin təmin olunmasının və bu məqsədlə də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzakanmasının zərurətini diqqətə çatdırdı: "Ölkəmizin Avrasiya İttifaqının Şura iclasına dəvət olunması və bu toplantıda təmsil olunması Avrasiya miqyaslı siyasi-iqtisadi proseslərdə Azərbaycanın iştirakına duyulan ehtiyacın təzahürü idi".