Prezidentin strateji hədəfləri

Prezident, Müzəffər Ali  Baş Komandan İlham Əliyevin VII çağırış Azərbaycan Milli Məclisinin ilk iclasındakı nitqi siyasi çalarlarına, qlobal və regional strateji hədəflərinə, yaxın və uzunmüddətli çağırışlarına  görə  müasir tariximizi səciyyələndirən çıxış olmaqla dərin təhlil olunması zərurətini yaradır.  

 

Siyasi varisliyin parlaq nümunəsi  

 

Hələ sovetlər dönəmində dahi siyasətçi Heydər Əliyev  SSRİ Ali Sovetinin (8, 9, 10 və 11-ci çağırışlar) deputatı, 9-cu çağırış SSRİ Ali Sovetinin sədr müavini (1974-1979), RSFSR Ali Sovetinin deputatı (XI çağırış, 1985), Azərbaycan SSR Ali Sovetinin (7, 8, 9, 10 və 12-ci çağırışlar) deputatı və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü (8, 9 və 10-cu çağırışlar) olmuşdur. Müstəqillik dönəmində isə Heydər Əliyev Azərbaycan parlamentinin deputatı olmuş, Naxçıvan Ali Məclisinin Sədri və Azərbaycan Parlamentinin Sədri vəzifələrini daşımışdır. 

Ulu Öndərin siyasi varisi Prezident  İlham Əliyev 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilmişdir. 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olmuşdur. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilmişdir.

Göründüyü kimi, hər iki siyasi liderin siyasi fəaliyyətinin mühüm mərhələlərindən biri parlamentlə bağlıdır. Hər iki liderin ölkəmiz üçün ən vacib taleyüklü məsələlərlə bağlı mühüm çağırışları və çıxışları məhz parlamentdə etməsi təsadüfi deyil.  

 

Qarşıda duran vəzifələr

 

Prezident  İlham Əliyevin VII çağırış Azərbaycan Milli Məclisinin ilk iclasındakı nitqi onun parlament kürsüsündən etdiyi çıxışların vacib bir halqası olmaqla sistematik xarakter daşıyır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev ölkə vətəndaşları üçün vacib olan ən mühüm çıxışlarını məhz parlamentin yüksək kürsüsündən etmişdir. Yaxın keçmişimizin siyasi hadisələri olan 4, 5, 6-cı çağırışlar Milli Məclisin ilk iclaslarında çıxışlar edən Prezident İlham Əliyevin nitqlərinin əsas leytmotivini qarşıda duran vəzifələr, siyasi tezislərinin məcmusunu isə məhz  siyasi məsuliyyət anlayışı təşkil edir. 

Biz bu inkişaf tendensiyasının səciyyəvi xüsusiyyətlərini və xarakterik cizgilərini daha dərindən anlamaq üçün Prezidentin ayrı-ayrı dönəmlərdə parlamentdəki çıxışlarına diqqət edək. Öncə Prezident İlham Əliyevin  2010-cu ildə  parlamentdə etdiyi çıxışın siyasi çalarlarına nəzər salaq. Azərbaycan torpaqlarının işğalda olmasından 20 ilə yaxın vaxt keçdiyi bir dönəmdə Prezident ölkənin birnömrəli məsələsi olan işğal faktının aradan qaldırılması üçün xarici siyasəti prioritet olaraq götürür.  Prezident deyir: "Biz apardığımız xarici siyasətə sadiq olacağıq. Xarici siyasətimiz artıq dünya birliyində uğurlu siyasət kimi tanınır. Bizimlə ikitərəfli münasibətlərdə və dostluq münasibətlərində olan ölkələrin sayı artır. Bir sözlə, dostlarımızın sayı artır. Diplomatiyamız çox çevikdir, çox fəaldır və qarşılıqlı maraqlar üzərində, ölkələrin bir-birinə hörmət, bir-birinin işlərinə qarışmamaq prinsipləri əsasında qurulubdur. İkitərəfli əlaqələr genişlənir. Xarici ölkələrdə səfirliklərimizin sayı bir neçə dəfə artmışdır. Bu, bizə imkan verir ki, həm ölkəmizi dünyada daha da dolğun şəkildə tanıtdıraq, həm də ki, öz maraqlarımıza nail olaq, onları təmin edək".

Eyni zamanda Prezident İlham Əliyev xarici siyasətdə qonşularla münasibətləri prioritet məsələ kimi qeyd edir və bu siyasətin davamlı olacağını vurğulayır. Dövlət başçısı Azərbaycan üçün siyasi və iqtisadi prioritetləri müəyyənləşdirərkən  xarici siyasət,  regional əməkdaşlıq, qeyri-neft sektorunun inkişafı, ordu quruculuğunu önə çəkir.

Prezident parlamentin fəaliyyətinə də qiymət verir. "Beşinci çağırış Milli Məclis, onun deputatları, rəhbərliyi ölkəmizin uğurlu inkişafı istiqamətində böyük rol oynamışlar, parlament tərəfindən qəbul edilmiş qanunlar bizim uğurlu inkişafımızın hüquqi bazasını gücləndirmişdir", - deyə həmin çıxışında cənab İlham Əliyev bildirmişdir.

 

Milli-mənəvi dəyərlərin qorunması  hər zaman prioritetdir

 

Bir məsələni xüsusilə qeyd etməliyik ki, Prezident İlham Əliyevin bütün çıxışlarında ön planda milli-mənəvi dəyərlərin qorunması qırmızı xətt olaraq qalmaqdadır. 2020-ci il parlamentin açılış iclasındakı nitqində İlham Əliyev söyləyir: "Hesab edirəm ki, bizim milli dəyərlərimizlə, milli ənənəvi dəyərlərimizin qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır".

Cənab Prezident 2024-cü il parlamentin açılış iclasındakı nitqində isə milli-mənəvi dəyərlərlə bağlı məsələyə daha geniş aspektdə toxunur. O deyir: "Digər vacib vəzifələr ideoloji təhlükəsizliklə bağlıdır və burada da biz daim diqqətli olmalıyıq. Çünki bizə qarşı ideoloji təxribatlar davam edir. Düzdür, onların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Ancaq bununla bərabər, bu, bizi sakitləşdirməməlidir. Ona görə biz buna daim hazır olmalıyıq və bizə qarşı aparılan çirkin oyunları ifşa etməliyik, necə ki, edirik, həm rəsmi surətdə, həm ictimai məkanda, həm də media məkanında".

Prezident ideoloji mübarizədə işlək funksional mexanizmləri də göstərir. O,  cəmiyyətin bütövlükdə səfərbər olunmasının vacibliyini vurğulayır. Prezident burada dövlət və ictimai platformaların birgə mübarizəsini faydalı hesab edir. Beləliklə, Prezidentin ideoloji mübarizədə çağırışlarının yönəldiyi obyektləri aşağıdakı kateqoriyalara ayıra bilərik.  

1) Rəsmi - dövlət qurumları (publik hüquqi şəxslər)

2) İctimai - vətəndaş cəmiyyəti institutları 

3) Media - kütləvi informasiya və sosial şəbəkə seqmentləri 

Bu çağırışdan sonra biz cəmiyyətin həssas münasibətinin şahidi olduq. Vətəndaş cəmiyyəti institutları bu məsələyə dərhal reaksiya verərək ictimai dinləmə keçirdilər. Əlbəttə, biz bunu yüksək qiymətləndiririk. Lakin bu, davamlı olmalıdır. 

Ümumiyyətlə, ideoloji məsələ və milli-mənəvi dəyərlər Prezidentin daim diqqət mərkəzində olmuşdur. Azərbaycan Prezidentinin 23 may 2007-ci il tarixli  sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Milli Təhlükəsizlik Konsepsiyasının 2-ci maddəsi respublikamızın milli maraqlarının qorunmasına həsr edilmişdir. Sənədə əsasən, Azərbaycan xalqının vahidliyinin qorunub saxlanılması, azərbaycançılıq ideyasının təşviqi, dünya azərbaycanlılarının bölüşdüyü dəyərlərə əsaslanan milli özünəməxsusluğun və həmrəyliyin möhkəmləndirilməsi, xalqın mədəni-tarixi irsinin və mənəvi dəyərlərinin qorunması, eləcə də ümumbəşəri dəyərlərlə zənginləşdirilməsi, dilinin, özünüdərk, vətənpərvərlik və milli iftixar hissinin, intellektual potensialının inkişaf etdirilməsi milli maraqlarımızın vacib tərkib hissəsi kimi verilmişdir. 

Bundan başqa, həmin sənəddə elm, təhsil, mədəniyyət siyasəti və mənəviyyatın qorunması xüsusi vurğulanmışdır. Konsepsiyaya əsasən, elm, təhsil, mədəniyyət və mənəviyyatın qorunması siyasəti Azərbaycan xalqının mədəni irsinin, maddi və mənəvi dəyərlərinin mühafizəsinə, onun mədəni tələbatlarının ödənilməsi vasitələrinin və elmi-texniki potensialının daxili və xarici təhdidlərdən qorunmasına, mütərəqqi daxili və beynəlxalq inkişafdan bəhrələnməsinə yönəlmişdir. Azərbaycan Respublikası ümumdünya mədəniyyətinin qloballaşması meyillərindən kənarda qalmamaq şərtilə milli mədəniyyətin özünəməxsusluğunu qoruyur və eyni zamanda dünyanın mədəni nailiyyətlərindən milli mədəniyyətin tərəqqisində istifadə üçün imkanlar yaradır.

Göründüyü kimi, cənab Prezident qloballaşma meyillərindən kənarda qalmamaq şərtilə milli mədəniyyətin özünəməxsusluğunun qorunmasının vacibliyini vurğulayır.

Mənəvi deqradasiyaya qarşı çıxışlar Prezidentin nitqlərində sistemli şəkildə yer almışdır. Dövlət başçısı BDU-nun 100 illik yubileyində bununla bağlı deyir: "Biz ənənəvi dəyərlər üzərində dövlət qururuq, böyük-kiçik var. Bunu biz qorumalıyıq, gənclər də məni eşitsinlər, daim böyük-kiçik məsələsinə fikir versinlər. İndi bəzi ölkələrdə buna fikir verilmir. Qadınlarla kişilər arasında artıq fərq qoyulmur. Amma biz ənənəvi cəmiyyətdə yaşayırıq və yaşamalıyıq. Qadınlara hörmət etməliyik, biz onları qorumalıyıq, onları müdafiə eləməliyik. Onlar bizi yox, biz onları. Gender bərabərliyi var, biz də bunu qəbul edirik. Amma biz ənənəvi düşüncədən kənarda yaşaya bilmərik və gənc nəsil də bunu bilsin. Yaşlılara hörmət olunmalıdır, yaşına görə. İndi bəziləri istəyirlər ki, bizim lüğətimizdən "ağsaqqal", "ağbirçək" sözləri çıxsın, necə ki, bəzi ölkələrdə. Onlara baxanda adam dəhşətə gəlir. Sonra da bizə deyirlər ki, gəlin bizə inteqrasiya edin. Mən bir dəfə demişəm, hələ Avropada o iqtisadi böhran baş alıb gedəndə dedim ki, biz haraya inteqrasiya etməliyik, böhrana? Haraya inteqrasiya etməliyik, "Stop islam!" deyənlərə? Haraya inteqrasiya etməliyik, qadınla kişi arasında fərq görməyənə? Mən artıq daha dərinə getmək istəmirəm. Biz qətiyyən oraya inteqrasiya etməyəcəyik". 

Göründüyü kimi, Prezident İlham Əliyev mənəvi aşınmanı cəmiyyət üçün ən böyük problem hesab edir. Dövlət başçısı hesab edir ki, bütün hallarda milli özünəməxsusluğumuzun qorunması bizim üçün birnömrəli məsələ olmalıdır.  

Lakin Prezident pessimist deyil. O, gənc nəslə inanır, onlara dəyər verir. 2020-ci il parlamentarilər önündə çıxış edən Prezident öz fikirlərini belə ifadə edir:  "O ki qaldı gənc nəslə, yenə də deyirəm, bizim gənc nəslimiz vətənpərvərdir, Vətənə bağlıdır, milli köklərə bağlıdır, elə də olmalıdır. Bizim gənclər, mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, milli ruhda tərbiyə almalıdırlar. Eyni zamanda gənclərin mənəvi və fiziki hazırlığı üçün əlavə tədbirlər həyata keçirilməlidir. Hesab edirəm ki, Milli Məclis və onun müvafiq komitələri bu işlə məşğul olub konkret təkliflər irəli sürəcəklər".

 

İlham ƏLİYEV: "Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır"

  

Prezident İlham Əliyev 2020-ci ildə VI çağırış Milli Məclis qarşısındakı çıxışı zamanı  cəmiyyətin bir parçası olan parlament üzvlərinə də mənəvi aşınmadan uzaq olmağı tövsiyə edir:  "Əlbəttə, deputatlara tövsiyəm odur ki, onlar seçildikləri dairələrdə fəal olsunlar, seçicilərlə daim təmasda olsunlar. İndi sirr deyil, əvvəlki dövrlərdə bəzi deputatlar seçicilərdən bir qədər, yaxud da ki, tamamilə uzaqlaşmışdılar. Heç öz dairələrinə baş çəkmirdilər, problemlərlə maraqlanmırdılar. Öz şəxsi problemlərini ortaya qoyurdular. Buna da son qoyulmalıdır. Əvvəllər belə hallar kifayət qədər çox olubdur. Öz qohumlarını vəzifələrə yerləşdirmək, hansısa torpaq sahələri əldə etmək, hansısa biznesə dəstək göstərmək və sair və ilaxır. Mən dərinə getmək istəmirəm. Ona görə yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır".

Cənab Prezident VII çağırış Milli Məclis qarşısındakı çıxışında xüsusi olaraq qeyd edir ki, "...bu gün öz işinə başlayır. Bu münasibətlə bütün deputatları ürəkdən təbrik etmək istəyirəm, Milli Məclisə uğurlar arzulayıram. 

Əminəm ki, Milli Məclis və onun deputatları öz işi ilə ölkəmizin hərtərəfli inkişafına öz töhfəsini bundan sonra da verəcək və Azərbaycanın dayanıqlı inkişafı təmin ediləcəkdir".

Bu təbrik VII çağırış Milli Məclis üzvlərində böyük məsuliyyət yaradır.

 

Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır

 

İlham Əliyevin 2020-ci il parlamentarilər qarşısındakı çıxışının əsas istiqamətlərindən biri də ölkə daxilində siyasi plüralizmin təmin olunması, siyasi qüvvələrin milli maraqlar naminə səfərbər olunmasıdır. Prezident deyir: "Bir sözlə, seçkilər bir daha bizim siyasi xəttimizin xalq tərəfindən yüksək qiymətə layiq olduğunu göstərdi. Hesab edirəm ki, seçkilərdən sonrakı proseslər müsbət istiqamətdə inkişaf edəcək. VI çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Bu, çox müsbət əlamətdir. Hesab edirəm ki, siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu olacaqdır və olmalıdır. Bütün siyasi qüvvələr seçkilərdə iştirak etmişlər. 

Deyə bilərəm ki, həm VI çağırış Milli Məclis bu sahədə, əlbəttə, öz sözünü deyəcək, eyni zamanda Prezident Administrasiyasının nümayəndələri son vaxtlar demək olar ki, bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir. Mənə bu görüşlər haqqında müntəzəm olaraq məruzə edilir. Bütövlükdə ilkin rəy müsbətdir. Hesab edirəm ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bir partiya - hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir. Bu təşəbbüs heç bir şərt qoymadan həyata keçirilir. Ancaq yenə də marginallaşmış və bütün dayaqlarını tam itirmiş dərnək tipli qruplaşma bu görüşdən imtina etdi. İmtina edib, indi özü bilər. Hər halda uduzan biz olmayacağıq. Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır".

Prezident İlham Əliyevin müharibə ərəfəsində Azərbaycanın siyasi sferasında milli həmrəyliyə nail olması öz töhfəsini verdi. Heç kimə sirr deyil ki, marginal siyasi qruplar yenə də öz dağıdıcı fəaliyyətini davam etdirməyə cəhd göstərirlər. Onların cəmiyyətdə heç bir sosial bazası olmadığı üçün iflasa məhkumdurlar. 

İlham Əliyevin 2020-ci və 2024-cü illərdə parlamentarilər  qarşısında etdiyi çıxışlar Azərbaycanın siyasi kursunda və inkişafında müəyyən dəyişiklikləri əks etdirir. Bu çıxışların müqayisəli təhlili, Azərbaycanın daxili və xarici siyasətində qlobal və regional prioritetlərdə baş verən dəyişiklikləri, ölkənin iqtisadi durumunu, sosial problemləri və beynəlxalq münasibətlərdə tutduğu mövqeyi daha aydın şəkildə göstərir. 

2020-ci il çıxışında ərazi bütövlüyümüzün qorunmasına yönəlik tədbirlər  iri planda keçir. Prezident İlham Əliyev çıxışında həmçinin Azərbaycan Ordusunun gücünü və bu   bölgədəki geosiyasi tarazlığa necə təsir etdiyini də  vurğulayır.  

2024-cü il çıxışında isə artıq post-müharibə dövrü ilə bağlı məsələlərə diqqət daha çox yönəlib. Prezident İlham Əliyev bu çıxışında 2020-ci ildə əldə olunan qələbənin nəticələrinin reallaşmasından, xüsusilə azad edilmiş ərazilərdə gedən bərpa və yenidənqurma işlərinin davam etdirilməsindən danışır.  Dövlət başçısı bu işlərin təkcə infrastruktur və sosial məsələlərlə məhdudlaşmadığını, həm də Qarabağda iqtisadi inkişaf və dayanıqlı yaşayışın təmin olunmasının vacibliyini vurğulayır. 

Burada diqqətçəkən əsas məqam ondan ibarətdir ki, 2024-cü ildə Prezident İlham Əliyev Qarabağın bərpasını artıq uzunmüddətli bir dövlət strategiyası kimi təqdim edir. Burada təkcə hərbi və iqtisadi güc deyil, həm də Azərbaycanın beynəlxalq arenada daha aktiv rol alması, regionda aparıcı bir dövlət kimi mövqeyinin güclənməsi məsələləri  vurğulanır. 

  

İqtisadiyyat və sosial məsələlər

 

 2020-ci ildə iqtisadi inkişaf məsələləri xüsusilə pandemiya ilə bağlı çətinliklərin fonunda müzakirə olunurdu. Pandemiyanın qlobal miqyasda yaratdığı iqtisadi problemlər Azərbaycan iqtisadiyyatına da təsir etmişdi. İlham Əliyev çıxışında hökumətin bu çətinliklərlə necə mübarizə apardığını və əhalinin sosial rifahını qorumaq üçün gördüyü tədbirləri qeyd edirdi. 

Bununla yanaşı, qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın diversifikasiyası məsələləri də çıxışın əsas mövzularından idi. 

2024-cü il çıxışında iqtisadiyyat mövzusu artıq yeni mərhələdə müzakirə olunur. İlham Əliyev Azərbaycanın iqtisadiyyatının pandemiyadan sonra bərpa olunduğunu və sabit inkişaf yoluna qədəm qoyduğunu bildirdi. Bu dəfə diqqət daha çox strateji layihələrə, rəqəmsal iqtisadiyyatın inkişafına və innovativ texnologiyaların tətbiqinə yönəlmişdir. 

Dövlət başçısı həmçinin sosial məsələlərə də toxunmuşdur. Bu dövrdə sosial rifahın artırılması, əhalinin maddi vəziyyətinin yaxşılaşdırılması və təhsil, səhiyyə kimi sahələrdə aparılan islahatlar xüsusi diqqət mərkəzində olmuşdur. Ölkənin sosial siyasətinin əhalinin real tələbatlarına uyğunlaşdırılması və regional fərqlərin aradan qaldırılması məsələləri də bu çıxışda əhəmiyyətli yer tutmuşdur. 

  

Xarici siyasət və beynəlxalq münasibətlər

 

2020-ci ildə Prezident İlham Əliyevin çıxışında xarici siyasət, xüsusilə Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq reaksiyalar və Azərbaycanın bu münaqişədə göstərdiyi mövqenin qlobal səviyyədə dəstəklənməsi əsas mövzulardan biri idi. Dövlət başçısı  Azərbaycanın müstəqil xarici siyasətinin və hərbi doktrinasının möhkəmlənməsinin bölgədə siyasi tarazlığın qorunmasına töhfəsindən danışmış, xüsusilə Ermənistanın təxribatlarına qarşı Azərbaycanın prinsipial mövqeyini və beynəlxalq hüququn təmin olunmasının vacibliyini qeyd etmişdi. 

VII çağırış parlamentin ilk iclasında isə Prezident İlham Əliyev  artıq postmünaqişə dövründə Azərbaycanın regional güc kimi rolunu daha da gücləndirdiyini və qonşu dövlətlərlə əməkdaşlığın inkişafını vurğulamışdır. Dövlət başçısı həmçinin beynəlxalq təşkilatlarda Azərbaycanın nüfuzunun artmasından və yeni iqtisadi-siyasi alyansların yaradılmasında ölkənin fəal iştirakından danışmışdır. Burada diqqətçəkən məqamlardan biri də odur ki, Prezident İlham  Əliyev Azərbaycanın regional təhlükəsizliyə töhfə vermək üçün daha fəal şəkildə işlər gördüyünü və enerji təhlükəsizliyi sahəsində qlobal bir oyunçu kimi mövqeyini gücləndirdiyini qeyd etmişdir. 

 

İslahatlar və daxili siyasət

 

Cənab Prezidentin 2020-ci ildə Milli Məclisdə etdiyi çıxışda daxili siyasət sahəsində islahatların davam etdiriləcəyi vurğulanmışdı. Xüsusilə pandemiya dövründə dövlət aparatının çevikliyinin artırılması və islahatların sürətləndirilməsi məsələləri ön planda idi. Prezident İlham Əliyev xüsusilə korrupsiya ilə mübarizənin gücləndiriləcəyini və dövlət idarəçiliyində şəffaflığın təmin olunacağını qeyd etmişdi.  

2024-cü ildə isə daxili siyasət və islahatlar məsələləri daha dərin və sistemli şəkildə təqdim olunmuşdur. Prezident İlham Əliyev bu çıxışında dövlət idarəçiliyi sisteminin modernləşdirilməsi, yerli idarəetmədə rəqəmsal texnologiyaların geniş tətbiqi və gənclərin dövlət idarəçiliyinə cəlb olunması məsələlərinə diqqət yetirmişdir. İslahatların dərinləşməsi və yeni idarəetmə modellərinin tətbiqi ilə Azərbaycanın dövlət aparatının daha effektiv işləməsi qarşıya məqsəd qoyulmuşdur. 

 

Birnömrəli vəzifə

 

Prezident İlham Əliyevin VII çağırış parlamentarilər qarşısındakı çıxışında toxunduğu bir məsələni xüsusi qeyd etməliyik. Dövlət başçısı postmüharibə dövründə arxayınçılığın yaranmamasını bir daha vurğuladı, hətta bunu ölkə qarşısında birnömrəli vəzifə olaraq qeyd etdi.  Cənab Prezident bu barədə dedi: "Ona görə bir daha deyirəm: vəzifə nömrə bir - hərbi gücümüzün artırılması və biz bunu edirik. İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində öz hərbi gücümüzü böyük dərəcədə artırmışıq, yeni silahlı birləşmələr yaradıldı, xüsusi təyinatlı qüvvələrin say tərkibi bir neçə dəfə artırıldı. Yeni xüsusi təyinatlı qüvvələr, Komando qüvvələri yaradıldı və onların da say tərkibi ildən-ilə artır və artacaq. Digər xüsusi təyinatlı silahlı birləşmələr yaradılmışdır və gecə-gündüz təlim işləri aparılır. Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir və təmin ediləcəkdir. Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. İstənilən cavabı verməyə hazırıq, buna qadirik və hər zaman buna hazır olmalıyıq".

Bir məsələni xüsusilə qeyd etməliyik ki, Prezident İlham Əliyevin ölkə qarşısında duran ən mühüm vəzifələri, siyasi-iqtisadi prioritetləri  məhz parlamentdəki çıxışlarında elan etməsi bizə həm qürur verir, həm də siyasi məsuliyyətimizi artırır. Unutmayaq ki, İlham Əliyev özü də bir müddət parlamentari kimi fəaliyyət göstərib və Azərbaycanı beynəlxalq platformalarda ən ali səviyyədə təmsil edib. Məhz onun Avropa Şurası Parlament Assambleyasındakı diplomatik uğurları Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsinə səbəb olmuşdur.  

Prezident İlham Əliyevin 2020-ci il və 2024-cü il Milli Məclisdəki çıxışları Azərbaycan üçün vacib olan dövrlərdə, fərqli tarixi şərtlər altında olmuşdur. Prezidentin 2020-ci ildə parlamentdə çıxışı ərazi bütövlüyümüzün təmin olunması, münaqişənin həllinə yönəlik fəaliyyətlərlə  bağlı məsələləri əhatə edirdisə, 2024-cü ildə çıxışı artıq bu qələbənin nəticələrinin inkişafı, iqtisadi və sosial islahatların daha geniş miqyasda həyata keçirilməsi və ölkənin beynəlxalq aləmdə güclənən mövqeyinə yönəlmişdir. Hər iki çıxış Azərbaycanın qarşısında duran yeni çağırışları əks etdirməklə yanaşı, ölkənin inkişaf yolunu və strateji hədəflərini ortaya qoyur.

 

Sadiq QURBANOV,  

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri