Professor Eric Chui “Social Work & Social Research” konfransında plenar məruzə ilə çıxış edəcək

Azərbaycan Universiteti, Sosial Tədqiqatlar Mərkəzi, Türkiyənin Fırat Universiteti və Recep Tayyip Erdoğan Universitetinin birgə təşkilatçılığı ilə 23-25 may 2025-ci il tarixlərində 2-ci “Social Work & Social Research” (Sosial iş və sosial tədqiqat) beynəlxalq konfransının hazırlıqları davam edir.

Azərbaycan Universitetinin ev sahibliyində keçiriləcək konfransın məqsədi bu sahədə çalışan tədqiqatçıların sosial iş və sosial siyasət sahəsindəki aktual məsələlərin müzakirəsinə qoşulması, əhalinin müxtəlif kateqoriyalarının sosial və psixoloji səviyyəsinin yüksəldilməsinə yönəlmiş müasir texnologiyaların, sosial təcrübələrin hazırlanması və tətbiqi sahəsində təcrübə mübadiləsidir.

Çinin Honq-Konq Politexnik Universitetinin (The Hong Kong Polytechnic University) Sosial iş və kriminologiya kafedrasının professoru və Tətbiqi sosial elmlər departamentinin rəhbəri Eric Chui konfransın plenar iclasında “Humanistic learning in a digital world: Innovations in social work education & practice for a sustainable future” mövzusunda məruzə ilə çıxış edəcək. Onun H-indeksi 40-dır, gənclərlə bağlı tədqiqatlar aparır, sosial iş, kriminologiya və cinayət ədaləti məsələləri və bu kimi mövzularda çoxsaylı elmi əsərlərin müəllifidir. 

Qeyd edək ki, konfransın birincisi 24-25 noyabr 2023-cü il tarixlərində hibrid formatda keçirilib. Sosial iş ixtisası və sosial iş təcrübəsinin beynəlxalq müstəvidə müzakirə olunduğu konfransa dünyanın 32 ölkəsindən 156 məruzə qəbul edilib. Konfransın bölmə iclaslarına isə  40-a yaxın ölkədən tədqiqatçı və mütəxəssis qoşulub.