Pünhan Şükürün yeni kitabının “imza günü” keçirilib

Aprelin 16-da Bakıdakı Atatürk Mərkəzində istedadlı yazar Pünhan Şükürün yeni işıq üzü görmüş “Mənə Şəhrizadın nağılın danış" adlı kitabının təqdimat mərasimi keçirilib.
Qonaqları salamlayan müəllif həmin gün hava şəraitinin əlverişsiz olmasına baxmayaraq tədbirə qatılan ziyalılara, hətta bölgələrdən gələn söz-qələm adamlarına təşəkkürünü bildirib.
Tarixçi, toponimist Nazim Vəlişovun aparıcılığı ilə olduqca maraqlı, məzmunlu, yaradıcı keçən tədbirdə çıxış edənlər Pünhan Şükür şəxsiyyətindən, onun həyat və yaradıcılığından söz açıb, müəllifin müxtəlif ədəbi janrlarda (hekayə, pritça, şeir, aforizmlər və s.) qələmə aldığı, seçilmiş əsərlərindən ibarət  kitabın  məziyyətindən, mahiyyətindən, oxuculara təlqin olunacaq ictimai-publisistik əhəmiyyətindən danışıblar.
Qeyd edək ki, “Şərq – Qərb” nəşriyyatında çap olunmuş kitabın redaktoru Giya Paçxataşvilidir.
Sonda tədbir iştirakçılarına müəllifin imzası ilə kitab nüsxələri hədiyyə olunub və xatirə şəkilləri çəkilib.