"Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçirilən qeyri-rəsmi Zirvə toplantısında imzalanan Qarabağ bəyannaməsi türkdilli dövlətləri arasında strateji müttəfiqlik münasibətlərinin inkişafı baxımdan çox mühüm tarixi əhəmiyyət kəsb edən bir siyasi sənəddir. Çünki sənəddə Türk dövlətlərinin qlobal miqyasda potensialı nəzərə alınmaqla daha iddialı məqsədləri qarşıya hədəf kimi qoyulub. Bu həm TDT-nin dünyanın yenidən şəkilləndirilməsi istiqamətində gedən geosiyasi və geoiqtisadi proseslərdə bir siyasi-iqtisadi güc kimi formalaşması, həm Qərblə Şərq arasında təkcə nəqliyyat dəhlizinin yaradılması baxımdan deyil, həm də çoxçeşidli logistik dəhlizin yaradılması baxımdan ciddi sənəddir. Bir sözlə, Qarabağ bəyannaməsi Türk coğrafiyasında dayanıqlı gələcəyin qurulmasını təmin edən bir sənəddir".
Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov deyib.
Deputat əlavə edib ki, TDT-yə üzv dövlətlər müasir qlobal çağırışlara uyğun olaraq yerləşdikləri coğrafiyanın əhəmiyyətini nəzərə alaraq çevik reaksiya verməkdədirlər: "Məqsəd TDT-yə üzv ölkələr regionda və dünyada qlobal ticarətin və iqtisadiyyatın inkişafında əvəzsiz rolu nəzərə alınmaqla, müvafiq nəqliyyat infrastrukturunun və səmərəli transregional dəhlizlərin inkişaf etdirilməsi istiqamətində birgə strateji əhəmiyyətli regional layihələrin həyata keçirməyi planlaşdırırlar.
Bununla da TDT Avropa-Türkiyə-Cənubi Qafqaz-Mərkəzi Asiya-Çini birləşdirən Orta Dəhlizdən təkcə yükdaşımalar üçün deyil, çoxçeşidli logistik dəhlizə çevrilməsi imkanlarına nail olmağı qarşıya hədəf qoyublar.
Türk dövlətləri dayanıqlı gələcək inkişafı, regional sabitliyi, təhlükəsizliyi təmin etmək məqsədilə geosiyasi və geoiqtisadi proseslərdə neft və qazla yanaşı, bərpaolunan enerji potensialından faydalanmağa çalışırlar. Bunun üçün də günəş, külək və su elektrik enerjisi kimi təmiz enerji mənbələrinin inteqrasiyasına diqqət yetirməklə TDT-nin İqlim və Yaşıl Rəqəmsal Platformasının yaradılmasına çalışırlar.
Azərbaycan-Qazaxıstan-Özbəkistan enerji sistemlərinin qarşılıqlı əlaqələndirilməsi layihəsi isə gələcəkdə türk coğrafiyasını "Yaşıl Dəhliz"ə çevirmək niyyəti dayanır. Bərpaolunan geniş enerji potensialından istifadə etmək nəticə etibarilə TDT-nin geosiyasi və geoiqtisadi cəhətdən mövqeyini möhkəmlədib siyasi-iqtisadi gücə çevrilməsinə gətirib çıxaracaq.
Qarabağ bəyannaməsinin digər mühüm əhəmiyyəti isə TDT ölkələrinin mövcud imkanlarından və infrastrukturundan istifadə etməklə Avropa ilə Asiya arasında yeni telekommunikasiya “Rəqəmsal İpək Yolu” dəhlizi layihəsini reallaşdırmaqdır. Bununla da TDT Qərblə Şərq arasında nəqliyyat-tranzit yükdaşıma dəhlizi ilə yanaşı, bu corafiyanı çoxçeşidli "Yaşıl Dəhliz"ə, “Rəqəmsal İpək Yolu” dəhlizinə çevirməkdir. Bu da nəticə etibarı ilə Türk dünyasının birliyinə, həmrəyliyinə, sıx inteqrasiyasına, əməkdaşlığına, təhlükəsizliyinə və xalqlarının rifah halında yaşamasına böyük töhfə verəcək".