Qarabağdakı qlobal media forumları – Milli ideologiya, milli hədəflər və inrformasiya savaşı

Dünyanı hörümçək toru kimi bürümüş sosial media platformalar artıq ayrı-ayrı ölkələrin deyil, beynəlxalq ictimaiyyətin düşüncə tərzinin formalaşmasında mühüm rol oynayır. Təkcə sosial şəbəkələr deyil, rəqəmsal fenomen kimi ortaya çıxmış süni intellektin də həyatımıza təsiri getdikcə artmaqdadır. Qlobal informasiya məkanında baş verən dinamik dəyişikliklər ölkələr qarşısında yeni çağırışlar qoyur. Azərbaycan dövləti həssas yanaşdığı bu çağırışları ardıcıl şəkildə müzakirəyə çıxarır, yeni həll yollarının axtarışına beynəlxalq tərəfdaşları ilə birlikdə çıxır. Bu məqsədlə ölkəmizdə bu günə qədər üç qlobal media forumu keçirilib.

Birinci Şuşa Qlobal Media Forumu

21 iyul 2023-cü ildə Şuşada keçirilən Birinci Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilatın və media qurumunun, həmçinin 60 yerli media rəhbəri və nümayəndəsi qatılmışdı.

“4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda keçirilən Forum imkan verdi ki, müharibədən yeni çıxmış Azərbaycan dövləti öz siyasətini, məqsədlərini bütün dünyaya çatdıra bilsin. Hələ o zaman Xankəndi, Xocalı, Əskəran kimi şəhər və rayonlarımız ermənis separatçılarının nəzarətində idi. Birinci Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq aləmdəki hüquqi mövqeyini daha da möhkəmləndirdi. Yerli və beynəlxalq media qurumlarının vasitəsi ilə bütün dünyaya çatdırıldı ki, Azərbaycanın haqq savaşı BMT-nin qətnamələrinə, hüquqa və haqqa əsaslanır. Şuşada keçirilən forumdan dünyaya verilən mesajlar və ona olan reaksiyalar rəsmi Bakıda “Xankəndi, Xocalı və Əskərandakı separatizm yuvalarını təmizləyim işi başa çatdırmaq olar” əminliyi yaratdı. İdeoloji məqsədlərə çatmaqda informasiya siyasətinin rolunun böyüklüyü bir daha öz təsdiqini tapdı. Düşmən üzərində qazanılan qələbədə, informasiya müharibəsində Azərbaycan mediasının da rolunun olması danılmazdır. Medianın müstəqilliyi cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biridir. Azad və sağlam media milli və dövlət maraqlarına zərbə vura biləcək faəliyyətləri vaxtında ifşa edir və cavab verir.

Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxışında bu tədbirin Azərbaycan, həmçinin Qarabağ bölgəsi üçün müstəsna əhəmiyyətini vurğulayıb: “Şuşa rəsmi olaraq Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa bizim Qələbəmizin, sülhün rəmzidir. Çünki Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı. Siz buraya gələrkən azad olunmuş ərazilərdən keçdiniz. Siz, Füzuli Hava Limanından Şuşaya elə bir yolla gəlmisiniz ki, biz onu Zəfər yolu adlandırmışıq”.

Birinci Şuşa Qlobal Media Forumunun əhəmiyyəti:

- Azərbaycan Ermənistanla sülh sazişi bağlamağa hazırdır. İrəvan Bakının sülh təkliflərini qəbul etməlidir;

- Azərbaycan dövləti Qarabağda yaşayan ermənilərin cəmiyyətimizə inteqrasiyasında maraqlıdır. Çoxmillətli və çoxkonfessiyalı dövlət olan Azərbaycanda yaşayan etnik qrupların bütün nümayəndələri eyni hüquq və vəzifələrə malikdirlər;

- Ermənistan erməni silahlı qüvvələrini Qarabağdan çıxarmalı və Naxçıvana çıxışı təmin etməli, Cənubi Qafqaz yüksək risk zonasından çıxarılmalıdır;

- Azərbaycan ermənilərin məhv etdiyi şəhər və rayonları azad etdikdən sonra orada bərpa-quruculuq işləri həyata keçirir;

- İşğaldan azd edilmiş ərazilərə qayıdış planlı şəkildə aparılır;

- Ermənistanın ərazilərimizdə minaları basdırması dirçəliş, quruculuq işlərinə mane olan baçlıca amildir. Minlara dair xəritəni təqdim etməklə Ermənistan mina terroru dövləti olduğunu göstərib;

- Qeyri-neft sektorunun inkişafı, xarici şirkətlər üçün əlverişli mühit mövcudluğu Azərbaycan dövlətinin məqsədyönlü iqtisadi siyasətinin nəticəsidir;

- Avropa ölkələrinin qaz təchizatında Azərbaycanın rolu daha da artaraq bütün qitəni əhatə edəcəkdir;

- Azərbaycan xalqının rifahının yüksəldilməsi hökumətin prioritet siyasətidir;

İkinci Şuşa Qlobal Media Forumu

2024-cü il iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib.

Forumda Ermənistanın ölkəmizə qarşı törətdiyi vandalizm hərəkətləri, azad edilmiş torpaqlarımızda həyata keçirilinə abadlıq-quruculuq işləri barədə geniş məlumat verildi.

Forumda rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiya və feyk nyusla mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələlərlə bağlı müzakirələr aparıldı.

Forumu cənab Prezidentin bölgəmizdə marağı olan qüvvələrə, Ermənistan və onun havadarlarına verilən ciddi mesajları ilə yadda qaldı. Mesajlar isə bundan ibarət idi:

- Cənubi Qafqazda yeni tarixi transformasiya prosesləri baş verir ki, bu da yeni əməkdaşlıq formatlarının yaranmasını zəruri edir. Bu format Azərbaycan, Gürcüstan və Ermənistanın əməkdaşlığından keçir. Bölgədə dayanıqlı sülhün, inkişafın əldə olunası üçün birgə addımlar atılmalıdır. İlk növbədə İrəvanla Bakı arasında dayanıqlı sülh olmalıdır;

- Dayanıqlı sülh üçün İrəvan Bakının şərtlərinə uyğun şəkildə konstitusiyaya dəyişiklik etməli, ATƏT MQ-nin fəaliyyətindən imtina edilməlidir. İrəvan regional əməkdaşlıqda maraqlıdırsa, Bakının şərtlərini qəbul etməlidir;

- Erməni lobbisinin təsiri altında olan bəzi Avropa ölkələri, xüsusən də Fransa Azərbaycana qarşı qərəzli informasiya siyasətinə və soyuq müharibəyə son verməlidir;

- Dezinformasiya siyasətinə son verilməlidir. Hər kəs dezinformasiya siyasətinin qurbanı ola bilər;

- Rusiya-Ukrayna müharibəsinin danıqşılar yolu ilə tənzimlənməsində Azərbaycan praktikası xüsusi rol oynaya bilər. Ən pis şərtlər daxilində hərbi əməliyyatları dayandırıb danıqşılar yolu ilə problemin nizamlanmasına üstünlük vermək daha yaxşıdır;

- Azərbaycan-Qərb münasibətlərində müsbət dəyişikliklər var. Avropa ölkələri Azərbaycana bərabər tərəfdaş kimi yanaşır. Avropanın 9 ölkəsinin Azərbaycanla strateji tərəfdaşlıq sənədi bunun sübutudur;

- Azərbaycan İkinci qarabağ müharibəsindən sonra əldə etdiyi qələbəyə deyil, gələcəyə fokuslaşıb. Azərbaycan postmüharibə dövründə milli birlik ideyasını daha da gücləndirəcək, inkişaf etdirəcək;

- Neft-qaz sahəsində olduğu kimi, Azərbaycan qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə və təhlükəsizlik sisteminə "yaşıl enerji" sahəsində də öz töhfəsini verməyə hazırdır. Azərbaycan bu sahədə həm də qovşaq rolunu oynaya bilər;

- Azərbaycan neokolonist siyasətdən əziyyət çəkən Okean ölkələrinə dəstək verib və bu siyasəti davam etdirəcək;

- Fələstin-İsrail münaqişəsinin həlli və Yaxın Şərqdə sülhün təmin edilməsi baxımından iki dövlətli həll yolu yeganə çıxış yoludur. Fələstin dövlət qurmalı və Şərqi Qüds onun paytaxtı olmalıdır;

- Yeni dünya düzənində Türk dövlətlərinin yeni güc mərkəzi kimi formalaşması günün reallığıdır. Bu baxımdan Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var;

Üçüncü Şuşa Qlobal Media Forumu

Üçüncü Şuşa Qlobal Media Forumu 19 iyul 2025-ci ildə Xankəndidə keçirilib. Forum bu dəfə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr olunub. Sayca üçüncü olan ənənəvi foruma əvvəlki illərdə olduğu kimi, 50-dən çox ölkədən jurnalist və ekspert qatılıb ki, bu da Foruma olan yüksək marağın göstəricisidir.

Keçirilmiş hər üç forumun gündəliyi göstərir ki, rəsmi Bakı sürətlə gedən qlobal rəqəmsal transformasiya prosesinə öz töhfəsini vermək imkanındadır. Prezident İlham Əliyevin Forum iştirakçıları ilə görüş zamanı səsləndirdiyi “biz dünyadakı tendensiyaların arxasınca getməliyik. Sadəcə, oturub gözləyə bilmərik” bəyanatı bunu təsdiqidir.
Forum süni intellektin doğurduğu informasiya çağırışları fonunda dezinformasiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığı gücləndirmək və ənənəvi medianın imkanlarından istifadə baxımından unikal platforma kimi qiymətləndirilir.
Şuşada keçirilmiş hər üç Media Forumunun təhlili onun əhəmiyyəti barədə aşağıdakə qənatəti formalaşdırır.

- Şuşa təkcə mədəniyyət paytaxtı deyil, həm də Azərbaycanın suverenliyinin rəmzidir;

- Forumun azad edilmiş ərazidə keçirilməsi dünyaya aydın mesaj verir;

- Qarabağ artıq beynəlxalq tədbirlərin keçirildiyi məkandır;

- Azərbaycana qarşı informasiya hücumlarının qarşısını almaq və ölkənin haqq səsini yaymaq üçün əhəmiyyətli platformadır;

- Qarabağ münaqişəsi yalnız hərbi deyil, informasiya müharibəsi idi;

- Forum yerli media standartlarının yüksəldilməsi, etik jurnalistikanın təşviqi və qlobal tendensiyaların izlənməsi üçün fürsət yaradır.

- Şuşa Forumuna gələn və hər şeyi öz gözləri ilə görən beynəlxalq media nümayəndələri həqiqətləri, erməni barbarlığını ölkələrinin ictimaiyyətinə çatdırır;

- Azərbaycan dövlətinin təkcə ölkənin deyil, Cənubi Qafqaz regionunun inkişafı üçün aydın planı var və konkret təşəbbüslərlə çıxış edir.

Hər üç forum ümumilikdə Azərbaycanın milli maraqlarının müdafiəsi, milli hədəflərimizin dünyaya təqdim edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Gələcəkdə də keçirilməsi nəzərdə tutulan bu forumlar Azərbaycanın imkanlarını və baxışlarını dünyaya çox aydın şəkildə çatdırılmasına xidmət edəcəkdir.

Bu yazı “Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyi tərəfindən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Milli ideologiyaya yönəlik təxribatlar əleyhinə fəaliyyətin təşviqi” layihəsi çərçivəsində hazırlanıb. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.