Qayıdışla başlanan Qurtuluş

32 il öncə Heydər Əliyev Azərbaycana qayıdaraq xilaskarlıq missiyasına başladı

 

Tarixi reallıqlar təsdiq edir ki, məhz güclü və qətiyyətli siyasi liderlər öz xalqlarına nəinki rifah bəxş edir, həm də dövrün ən çətin sınaqlarından  layiqincə çıxararaq xilaskarlıq missiyalarını da yerinə yetirirlər.

Bu baxımdan xalqımızın Ulu Öndəri Heydər Əliyevin istər sovet, istər müstəqillik illərində həyata keçirdiyi tarixi missiya siyasi liderlərin mənsub olduqları xalqların və dövlətlərin taleyindəki roluna dair mükəmməl nümünədir.

Öncə qeyd etmək yerinə düşər ki, ötən həftə Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərliyə başlamasının 53-cü ili tamam oldu. 1969-cu ilin 14 iyulunda respublika rəhbəri kimi vəzifəsinin icrasına başlayan Heydər Əliyev Azərbaycanı keçmiş ittifaqın qabaqcıl ölkəsinə çevirməklə yanaşı, həm də ötən əsrin 60-cı illərindən etibarən ermənilərin ölkəmizə qarşı həyata keçirməyə cəhd göstərdikləri separatçı planların qarşısını qətiyyətlə almışdı. İstər sovet Azərbaycanına rəhbərliyi illərində, istərsə də SSRİ rəhbərliyində çalışdığı dövrdə Heydər Əliyev ermənilərin bütün riyakar planlarının üstündən xətt çəkmişdi. Təsadüfi deyil ki, ermənilər Azərbaycana qarşı əsassız iddialarını və separatçılıq fəaliyyətlərini yalnız Heydər Əliyevin sovet rəhbərliyinin siyasətinə etiraz olaraq öz vəzifələrindən istefaya getdikdən sonra həyata keçirməyə başladılar.

Ötən əsrin 80-ci illərinin sonlarında xalqımızın üzləşdiyi ağrılı proseslər, 20 Yanvar hadisələri həm də onu göstərirdi ki, Azərbaycana rəhbərlik edənlər siyasi lider üçün xarakterik olan bütün yüksək keyfiyyətlərdən uzaqdırlar. Sovet respublikalarında mərkəzdənqaçma meyillərinin gücləndiyi, müstəqillik ideyalarının geniş yayıldığı bir dövrdə respublikamızın rəhbərləri SSRİ rəhbərliyinin erməni təəssübünü çəkən fəaliyyəti qarşısında qətiyyətsizlik nümayiş etdirir, etirazlarını ifadə edə bilmirdilər. Hətta öz müti siyasətləri ilə sovet dövlətinin qorunmasına tərəfdar olan həmin rəhbərlər xalqımızın azadlıq mücadiləsinin boğulması üçün əllərindən gələni edirdilər.

Məhz belə bir ərəfədə - 1990-cı il iyulun 20-də Heydər Əliyevin Moskvadan Azərbaycana qayıdışı respublikamızda başlanan milli azadlıq mücadiləsinin tamamilə yeni keyfiyyət mərhələsinə yüksəlməsinin başlanğıcı oldu. Ulu Öndər bir vaxtlar inkişaf etdirdiyi, yüksəltdiyi, lakin sonrakı dövrdə qətiyyətsiz rəhbərlərin tənəzzülə uğratdıqları Azərbaycanın müstəqilliyi uğrunda tarixi missiyasını isə qədim yurdumuz Naxçıvandan başladı. Heydər Əliyevin iyulun 22-də Bakıdan Naxçıvana gəlişi həm də bu dahi şəxsiyyətin, görkəmli dövlət xadiminin yenidən böyük siyasətə qayıdışı ilə əlamətdar oldu.  Heydər Əliyevin Naxçıvana qayıdışı muxtar respublika sakinləri tərəfindən coşqu və sevgi ilə qarşılandı. Ulu Öndərin həmin il Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə deputat seçilməsi də bu sevginin və Heydər Əliyev şəxsiyyətinə böyük inamın təcəssümü idi.

Heydər Əliyevin Naxçıvana qayıdışı respublikamızda davam etməkdə olan müstəqillik uğrunda mübarizədə muxtar respublikanın aparıcı rol oynamasına, bir növ bu mücadilənin mərkəzinə çevrilməsinə gətirib çıxardı. Belə ki, məhz Heydər Əliyevin sayəsində ilk dəfə olaraq Naxçıvanda müstəqilliyimizə aparan yolda həlledici, bütövlükdə azadlıq mübarizəsi prosesinə əhəmiyyətli dərəcədə təsirini göstərən və bu gün dövlətçilik tariximizin şərəfli hadisələri kimi ehtiramla xatırlanan addımlar atıldı. Belə ki, Heydər Əliyevin qətiyyəti və prinsipiallığı nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının rəsmi dövlət bayrağı kimi qəbul edilməsi, muxtar respublikanın adından "sovet" və "sosialist" sözlərinin çıxarılması, Naxçıvan MSSR Ali Sovetinin adının dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması sıradan olan hadisələr deyildi. Bütün bunları etmək o dövr üçün böyük qəhrəmanlıq və cəsarət tələb edirdi. Bu gün dönüb tarixə baxanda, prosesləri təhlil edəndə Ulu Öndər Heydər Əliyevin nə qədər böyük və qətiyyətli şəxsiyyət, əsil siyasi və milli lider  olduğunu görürük. Bütün bunlar məhz xalqımızın dahi övladının müəllifliyi ilə yazılan şanlı dövlətçilik tariximizin parlaq səhifələridir.

Heydər Əliyev Naxçıvana qayıdışı ilə həm də öz doğma yurdunu erməni qəsbkarlığından, işğalından qorudu, xilas etdi. O illərdə Azərbaycan hakimiyyətinin ögey münasibəti Naxçıvanı düşmən qarşısında təkbaşına qoymuşdu. Ölkə rəhbərliyinin qətiyyətsizliyi ermənilərin Qarabağla bağlı işğal planlarına yol açdığı kimi Naxçıvan üçün də böyük təhlükələr yaradırdı. Məhz Heydər Əliyevin sərkərdə qətiyyəti ermənilərin Naxçıvanla bağlı planlarını alt-üst etdi.

Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi isə nəinki Naxçıvanın, bütün respublikanın həyatında mühüm siyasi hadisə oldu. O illərdə Naxçıvanda müdafiənin etibarlı təşkili, Türkiyə və İranla əlaqələrin qurulması, Araz çayı üzərində "Ümid körpüsü"nün salınması, keçmiş sovet ordusunun hissələrinin muxtar respublikadan çıxarılması və onlara məxsus hərbi texnika və sursatın təhvil alınması, torpaq islahatlarının və ordu quruculuğunun həyata keçirilməsi Ulu Öndərin siyasi fəaliyyətinin Naxçıvan dövrünün möhtəşəm nümunələridir.

Elə buna görə də müstəqilliyimizin ilk illərində yaranmış böhranlı şəraitdə xalqımız  inanırdı ki, respublikanı bu vəziyyətdən yalnız Heydər Əliyev xilas edə bilər. 1992-ci ilin noyabrında Naxçıvanda Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının təsis olunması da Ulu Öndərin qurtuluş missiyasının ilk addımı idi. 

Bütövlükdə 1990-cı il iyulun 22-də Naxçıvana qayıdışı ilə xalqımızın müstəqillik mübarizəsinin möhtəşəm salnaməsini yaradan, muxtar respublikanı düşməndən qoruyan Heydər Əliyev 1993-cü ildə qurtuluş missiyasını da şərəflə yerinə yetirərək dövlətçiliyimizi sarsılmaz, müstəqilliyimizi əbədi etdi. Naxçıvana və böyük siyasətə qayıtdıqdan sonra başlatdığı tarixi missiya ilə Heydər Əliyev həm də Azərbaycan dövlətinin memarına və xalqımızın Ümummilli Liderinə çevrildi.

Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası, dövlətçilik xətti bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, layiqincə yaşadılır. Bunun nəticəsidir ki, vaxtilə Heydər Əliyevin qoruduğu Naxçıvan indi yüksəlişinin qızıl dövrünü yaşayır. Öz inkişafı ilə nümunələr yaradan muxtar respublika həm də düşmən qarşısında göz dağıdır.

Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan dövləti bu gün bölgədə lider, dünyada söz sahibidir. Prezident İlham Əliyev ölkəmizin inkişafını elə bir səviyyəyə çatdırıb ki, indi Azərbaycanın qarşısında həlli mümkün olmayan məsələ yoxdur.

44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması bunu təsdiq edən ən böyük tarixi gerçəklikdir.

 

Cəbi QULİYEV,

Milli Məclisin deputatı