Hər bir xalqın taleyində mühüm tarixi hadisələr, dönüş nöqtələri olur. Azərbaycan xalqının həyatındakı həlledici həssas məqam müstəqilliyimizin əldə edilməsi və onun qorunub saxlanılmasıdır. Mürəkkəb siyasi proseslər, gərginliklər, xalq hərəkatları tarixi şəxsiyyətlər yetişdirir. Tarixi şəxsiyyətin üzərinə isə düşən əsas yük xalqın iradəsini, mübarizəsini milli maraqlarla uzlaşdıraraq dövlət quruculuğunu həyata keçirməkdir. Hər bir dövlətin inamlı inkişafını təmin edən lider milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Bu mənada Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu tarixi şəxsiyyət faktoru ilə birbaşa bağlıdır. Azərbaycanın siyasi tarix səhnəsində parlaq yer tutmasını, gerçək müstəqilliyə qovuşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. İctimai-siyasi sabitliyin qorunması, mövcud iqtisadi inkişaf, hərtərəfli tərəqqi ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası üzərində qurulub.
Dahi siyasətçi həm SSRİ dönəmində, həm də müstəqillik illərində respublikamızın tərəqqisinin təmin olunması üçün misilsiz işlər görüb. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) 1969-cu il iyul plenumunda Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçiləndən sonra bütün sahələrdə həyata keçirilən islahatlar, görülən tədbirlər respublikamızın inkişafını sürətləndirdi. Azərbaycanda milli şüurun inkişafı, müstəqilliyə gedən yolun başlanğıcı məhz bu dövrdən başlanır. 1971-ci ildə Ulu Öndərin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması isə peşəkar milli hərbçilərimizin yetişməsində mühüm amil oldu. Heydər Əliyevin bu uzaqgörən qərarı gələcəyə hesablanmışdı və müstəqil Azərbaycanın ordu quruçulugunda həmin lisey mühüm ciddi faktor oldu. 1978-ci ildə isə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ittifaq respublikaları arasında ilk olaraq məhz Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Ulu öndərin tutduğu yol, milli maraqlara söykənən azərbaycançılıq ideyaları uğrunda apardığı mücadilə SSR-i rəhbərliyinin xoşuna gəlmirdi. Buna görə də, mərhum prezidentə qarşı Moskvada geniş kampaniya aparılır, onu həbslə, ölümlə hədələyirdilər. Amma Heydər Əliyev heç zaman öz əqidəsindən, mübarizə yolundan geri addım atmadı.
1990-cı ildə Azərbaycan mürəkkəb situasiya qarşısında olduğu zaman muxtar respublikanın blokada şəraitində olması, sosial-iqtisadi durumunun acınacaqlı hal alması, mərkəzi hakimiyyətin muxtar quruma qarşı yürütdüyü qərəzli siyasət Naxçıvanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. 1991-ci ilin sentyabr ayında Ulu Öndər Heydər Əliyevin Naxçıvan MSSR-in Ali Məclisinin sədri seçilməsindən sonra muxtar respublikada sabitlik təmin edildi. Muxtar respublikanın ərazisinin düşmənin işgalı altına düşməsinin qarşısı alındı. 17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Naxçıvan MSSR adından “sovet” sözü çıxarıldı, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və sovet ordusu Naxçıvan MR ərazisindən çıxarıldı. “1990-cı il yanvar ayının 20-də törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” və 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi barədə qərarlar qəbul edildi.
1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu Öndər Heydər Əliyev partiyanın sədri seçildi. Yeni Azərbaycan Partiyası təşkilatlanaraq öz fəaliyyətini davam etdirdi və qısa zaman kəsiyində xalqın etimadını qazanmaga nail oldu. 1993-cü ildə xalqın dəstəyi ilə Ulu Öndər hakimiyyətə gəldi və YAP hakim partiyaya cevrildi.
Heydər Əliyev zəngin dövlətçilik təcrübəsindən yararlanaraq ölkədə dağıdıcı prosesləri aradan qaldırdı. Azərbaycanı vətəndaş müharibəsindən – qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edildi. Ulu Öndər illər sonra o günləri belə xatırlayırdı: “Eşidəndə ki mənim doğma vətənim, mənim doğma torpağım dağılır, uzun müddət bu vətənin, ölkənin inkişafına xidmət etmiş bir adam kimi mən bilirəm ki, burada nələr etmişik və bu, dağılır, şübhəsiz ki, özümü qurban verməli oldum və gəldim, məsuliyyəti öz üzərimə götürdüm”.1993-cü ildə keçirilmiş prezident seçkilərində 98,84 faiz səslə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.
Ümummilli Liderin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtması mühüm siyasi hadisə kimi tarixə düşdü. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, parlament seçkilərinin keçirilməsi dövlətin hüquqi əsaslarının gücləndirdi. Kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları təmin edildi. Bununla yanaşı, məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı.
Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası milli həmrəyliyi təmin edən mühüm faktor oldu. Ulu Öndər dağılmaqda olan Azərbaycanı müstəqil ölkəyə çevirdi. Ulu Öndərin həyata keçirdiyi praqmatik xarici siyasət kursunun mühüm istiqamətlərindən birini enerji resurslarından səmərəli istifadə olunması və bu kontekstdə Azərbaycanın etibarlı strateji tərəfdaşa çevrilməsi təşkil edirdi. İlk növbədə 1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti ilə “Əsrin müqaviləsi” adlanan beynəlxalq saziş imzalandı.
Sözsüz ki, qarşıya qoyulan əsas məqsədlərdən biri Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli idi. Ordu quruculuğu, milli ruha sahib vətənpərvər gənc nəslin yetişdirilməsi üçün hərtərəfli işlər görüldü. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti layiqincə həyata keçirən Prezident, Ali Baş Komandan İlham Əliyevin ötən illər ərzində bütün müstəvilərdə, o cümlədən iqtisadi inkişaf, ordu quruculuğu, diplomatiya və digər sahələrdə əldə etdiyi uğurlar onun rəhbərliyi ilə müzəffər ordumuzun yaratdıgı və yazdıgı Qələbə salnaməsinin əsasını qoydu. 30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində azad edildi və 24 saatlıq antiterror tədbirləri ilə ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olundu. Son 200 illik tariximizdə ilk dəfə torpaqlarımızı işgaldan azad edən müzəffər Sərkərdə oldu. Bu həm də cənab Prezidentin ata vəsiyyətini yerinə yetirməsi demək idi. Artıq Ulu Öndərin ruhu şaddır, çünki onun ən böyük arzusu Vətən torpaqlarımız erməni işğalından azad edilib, ərazi bütövlüyümüz bərpa olunub və hazırda azad olunan torpaqlarda əsil sahibləri tərəfindən sürətli quruculuq və bərpa işləri həyata keçirilir.
Biz xalq olaraq bu gün əldə etiyimiz uğurulara görə Ümummilli Liderə borcluyuq. Azərbaycan xalqı vəfatının 20-ci ildönümündə dahi rəhbəri ehtiramla anır, onu qəlbində yaşadır, anır.
Zaur Tarverdiyev
Sahubkar