Qənirə Paşayevadan hökumətə çağırış

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edərək Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatını yüksək qiymətləndirdiyini deməklə bərabər, bir sıra problemləri o cümlədən bölgələrdə əhalinin mənzillərinin hələ də əksəriyyətinin icbari sığorta olunmadığını diqqətə çatdıraraq hökumətdən bu məsələyə daha çox diqqət qyırmasını istəyib.

Qənirə Paşayeva bildirib ki, bölgələrdə vətəndaşlara məxsus evlərin icbari sığortasının həyata keçirilməsinin sürətləndirilməsi çox vacibdir. Millət vəkilinin sözlərinə görə, "İcbari sığortalar haqqında” Qanunun qəbulundan 2 ildən artıq vaxt keçməsinə baxmayaraq, sığorta qurumlarından əldə etdiyi məlumata görə 2 milyondan artıq yaşayış evindən 120 mini, yəni təqribən 6%-i sığortalanıb:

"Mən fürsətdən istifadə edərək hökumətimizi bu qanunun həyata keçirilməsi istiqamətində daha fəal olmağa çağırıram". 

Millət vəkili bildirib ki, rayonlarda, kəndlərdə evlərin böyük əksəriyyəti sığortasızdır, hər hansı bədbəxt hadisə, faciə, təbii fəlakət, yanğın, partlayış, daşqın baş verdiyi zaman, mənzil dağıldığı və ya yararsız vəziyyətə düşdüyü zaman bu cür hallarla üzləşən belə  bir ailə  çox ağır vəziyyətdə qalır və ona kömək etmək imkanları da çox çətin olur. Təkcə son aylar millət vəkili seçildiyi Tovuz rayonunda bir neçə evdə qaz sızması nəticəsində partlayış baş verdiyini və bəzi evlərdə müxtəlif səbəblərdən yanğın baş verdiyini qeyd edən Qənirə Paşayeva evlərinin sığortasının olmaması səbəbindən vətəndaşların çətin vəziyyətə düşdüyünü və "əgər sığorta olunmuş olsaydı,  bu cür bədbəxt hadisələr zamanı sığortadan pul alaraq baş qaldıran çətinliklərin öhdəsindən gəlmək asan olardı” deyib. 
"Ona görə də vətəndaşlarımız arasında sığortanın vacibliyini və önəmi ilə bağlı təbliğat-təşviqat işlərini daha da artırmaqla bərabər, rayonlarda və kəndlərdə evlərin  sığortalanmasının sürətlənməsi istiqamətində bütün istiqamətlərdə daha da çox addımlar atmalıyıq. Bu işi sürətləndirsək, əslində təbii fəlakətlər, bədbəxt hadisələr zamanı dövlətin üzərinə də yük az düşər, ən vacibi isə vətəndaşlarımız çıxılmaz vəziyyətdə qalmazlar”- Qənirə Paşayeva deyib.