“Qərb demokratiya”sının iki üzü

Azərbaycana qarşı şər kampaniyası davam edir. Ölkəmizin I Avropa Oyunlarına evsahibliliyi etməsi təsdiqlənən gündən mərhələli şəkildə həyata keçirilən bu kampaniyanın yeganə məqsədi belə bir mötəbər yarışa Azərbaycanın evsahibliliyi etməsini əngəlləmək, I Avropa Oyunlarının statusunu aşağı salmaqdır. Bu məqsədlə indiyə qədər çox cəhdlər göstərildi, qarayaxma kampaniyası həyata keçirildi. Hər dəfə də həmin kampaniyalar bumeranq effekti verdi. Azərbaycanda insan hüquq və azadlıqlarına hörmət bəslənilmədiyi, sərbəst toplaşmaq azadlığına məhdudiyyət qoyulduğu iddiasında olanlar çox keçmədən özləri Avropa insanının sərbəst toplaşmaq azadlığını əlindən aldı, ayrı-ayrı Avropa dövləti hakimiyyətlərinə qarşı qalxan dinc kütləni silahla susdurdu. Yaxud Azərbaycan hakimiyyətinin I Avropa Oyunlarına guya həddən artıq vəsait xərclədiyini deyənlər Avropada bir bankın tikintisinə sərf edilən vəsaitin hesabatını verməyə çətinlik çəkdilər. Lakin antiAzərbaycan qüvvələr bu uğursuzluqlardan nəticə çıxarmaq əvəzinə yeni-yeni oyunlar, şər kampaniyası üzərində baş sındırmağa başlayıblar. Bu dəfə isə meydanda Avropa Siyasəti Araşdırmalar Mərkəzi adlı qurum yer alır. Sözügedən mərkəzin bu günlərdə yaydığı açıqlamada Avropa dövlətlərinə iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunlarını boykot etmək çağırışı edilir. Qurumun  Avropa İttifaqına yönəlik çağırışında iddia edilir ki, Azərbaycanda son dövrlər repressiya dalğası müşahidə edilir. Bu səbəbdən Avropa dövlətləri I Avropa Oyunlarını boykot etməlidir. Ancaq bu qondarma qurum repressiya dedikdə nəyi nəzərdə tutduğunu açıqlamır. Çünki heç bir beynəlxalq təşkilat ortaya fakt qoya bilməz ki, son illərdə Azərbaycanda hansısa siyasi və ictimai xadimə qarşı kəskin repressiv hərəkətlərə yol verilib, nəticədə bu və ya digər bir şəxs siyasi təzyiqlər səbəbindən ölkəni tərk etmək məcburiyyətində qalıb. Əgər sözügedən mərkəz bir dənə də olsa belə bir fakt ortaya qoya bilmirsə, onda bu qarayaxma nəyə gərəkdir? Düzdür, etiraf etmək lazımdır ki, bir neçə siyasi partiya funksioneri ayrı-ayrı vaxtlarda Azərbaycanı tərk edərək Avropa ölkələrinə üz tutub. Ancaq bu o demək deyil ki, həmin şəxslərə qarşı Azərbaycan hakimiyyəti tərəfindən represiya həyata keçirilib. Bu əsla belə deyil. Sadəcə həmin şəxslər uzun illərin müxalifətçiliyindən, xalqa artıq "tezliklə hakimiyyətə gələcəyik” kimi yalanlar danışmaqdan bezdiyi üçün Avropaya üz tutublar. Yaxud da Azərbaycana qarşı qarayaxma kampaniyasını bir qədər də sürətləndirmək üçün ölkəni tərk ediblər. Əgər doğrudan da onlara qarşı repressiya olsaydı həmin şəxslər söz azadlığını əldə bayraq tutaraq ağızlarına gələni deməz, yazmazdılar.

Avropa Siyasəti Araşdırmalar Mərkəzi daha sonra iddia edir ki, məhz Ukraynadakı Maydan hadisələrindən sonra Azərbaycan hakimiyyəti Avropa İttifaqı ilə demokratiya sahəsində deyil, təhlükəsizlik və enerji sahələrində əməkdaşlığa maraq göstərir. Bu halda sual oluna bilər, əgər Azərbaycanın təhlükəsizlik və enerji sahələrində əməkdaşlığa maraq göstərməsi elə qəbahətli bir işdirsə onda nə üçün Azərbaycanın nefti və qazından ötrü dəridən-qabıqdan çıxır, gələcək enerji təhlükəsizliyinizin təminatını məhz Azərbaycanda görürsünüz? Cavab sadədir. Sizlər buna məhkumsunuz. Azərbaycanı hər nə qədər qəbul etməsəniz, onun uğuruna sevinməsəniz, əksinə əldə etdiyi nailiyyətləri qısqansanız da, sonda yenə bizlərə möhtacsınız. Bundan sonra da möhtac olacaqsınız.
Digər tərəfdən Qərbin, Avropanın demokratiya anlayışı bir medalın iki üzü kimi bir şeydir. Medalın bir üzü Qərb, Avropa dövlətlərindəki "demokratiya”nı təcəssüm etdirir. Necə ki, öz haqqını tələb etmək istəyən avropalı dərhal cəzalandırılır, ona qarşı fiziki güc tətbiq edilir. Medalın digər üzündəki "demokratiya” isə Qərbin siyasi sabitliyin hökm sürdüyü, sürətli inkişaf dövrü keçən dövlətlərə ixrac etmək istədiyi "demokratiya”dır. Ona görə də Ukraynadakı Maydan hadisələrindən sonra Azərbaycan hakimiyyətinin Avropa İttifaqı ilə demokratiya sahəsində əməkdaşlığa üstünlük verməməsinin bir nöqsan kimi göstərilməsi də absurddur.  Birincisi, bizə ikiüzlü demokratiya lazım deyil.
İkincisi, hər hansı bir ölkənin kiminlə və hansı istiqamətlərdə əməkdaşlıq etməsi o ölkənin daxili işidir. Buna heç kimsənin qarışması doğru deyil. O ki qala Avropa siyasətini araşdırmağı qarşısına məqsəd qoyan bir təşkilata. Üçüncüsü, Qərbin, Avropanın ayrı-ayrı dövlətlər və xalqlara, o cümlədən Ukraynaya bəxş etdiyi demokratiya göz qabağındadır. Əgər Avropanın bəxş etdiyi demokratiya bu və ya digər ölkədə siyasi sabitliyin pozulması, insanların səfalət halına düşməsi, ərazi bütövlüyünün təhlükə altında qalmasına gətirib çıxarırsa bizə elə demokratiya lazım deyil. Qərbin, Avropanın arzusunda olduğu və həmin arzunu Azərbaycanda həyata keçirməyi hədəfləyən daxili qüvvələrin bu istiqamətdəki fəaliyyətləri bundan sonra da baş tutmayacaq. Çünki demokratiya adı altında oyunların oynanıldığı dövlətlərdən fərqli olaraq  Azərbaycanda güclü hakimiyyət və onu dəstəkləyən xalq var. Necə ki, indiyə qədər Avropa, Qərb dağıdıcı, insan tələfatına yol açan demokratiyanı Azərbaycana ixrac edə bilməyib bundan sonra da istəyinə nail ola bilməyəcək.


Süleyman İsmayılbəyli  (Olaylar.az)