Qərbi Azərbaycana Qayıdış Konsepsiyası strateji hədəf kimi

26 yanvar 2023-cü ildə geniş müzakirələrdən sonra Qərbi Azərbaycan İcmasının Müşahidə Şurası Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını təsdiq etdi. İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya həm də milli ideyamızın siyasi və hüquqi bazasını təşkil edən mühüm bir sənəddir.

Sənəddə qeyd olunur ki, Azərbaycanlıların vaxtilə mütləq əksəriyyət təşkil etdiyi indiki Ermənistan ərazisindən tamamilə qovulması 1991-ci ildə başa çatıb. Azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə əksər hallarda dövlət orqanlarının sistemli fəaliyyəti ilə zorakılıq, soyqırımı, kütləvi qətliam və insanlıq əleyhinə digər cinayətlər və insan hüquqlarının kobud pozulması yolu ilə həyata keçirilib. Bu proses 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xüsusilə şiddətli və amansız olub.

Bu aktların, o cümlədən 1918-1921-ci illərdə “Ermənistan respublikası”, “Dağlıq Ermənistan respublikası” adlanan qurumların, Sovet İttifaqının, ələlxüsus, Zəngəzur daxil olmaqla azərbaycanlıların üstünlük təşkil etdiyi bir çox bölgələri Ermənistana vermiş və yüz min azərbaycanlının Ermənistandan deportasiyası barədə irqçi qərara imza atmış SSRİ-nin bədnam rəhbəri İosif Stalinin və Ermənistan SSR-in 1987-1991-ci illərdə törətdiyi əməllərin nəticələri hələ də qalmaqdadır.

Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus olan tarixi və mədəni irs, o cümlədən məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib, azərbaycanlılara qarşı sistematik xarakterli irqi ayrı-seçkilik həyata keçirilib. Ermənilərin işğalçılıq siyasəti nəticəsində Şərqi Zəngəzur və Qarabağ ərazilərimiz də 30 ilə yaxın tapdaq altında qaldı.

44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız azad ediləndən sonra növbəti hədəfimiz Qərbi Azərbaycana qayıdışdır.

Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt, Qaçqınların Statusuna dair Konvensiya və digər mühüm beynəlxalq aktlar qaçqınların geriyə qayıtmaq hüququnu tanıyır.

Qayıdış Konsepsiyası ilə həyata keçiriləcək fəaliyyətin əsas məqsəd və prinsipləri aşağıdakılardır:

- İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıda bilmələri üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşmanın əldə edilməsi;

- Geriyə qayıtma prosesinin müvafiq təhlükəsizlik, humanitar, sosial-iqtisadi yardım proqramları ilə təminat altına alınması;

- Geriyə qayıtmış əhalinin yenidən qovulmasına, onlara qarşı hər hansı ayrıseçkilik həyata keçirilməsinə və zərər vurulmasına imkan verməmək üçün beynəlxalq monitorinq, hesabatlıq, təhlükəsizlik, müdaxilə və digər zəruri fəaliyyətin bərqərar edilməsi;

- Beynəlxalq nəzarət altında yenidənqurma və barışıq tədbirlərinin həyata keçirilməsi yolu ilə, geriyə qayıtmış insanların davamlı reabilitasiya və reinteqrasiyasının təmin edilməsi.

 

Qərbi azərbaycanlıların Azərbaycan ilə xüsusi bağları nəzərə alınmalı və öz yurdlarına qayıtdıqdan sonra onların bura maneəsiz gediş-gəlişinə imkan yaradılmalıdır.

 

Qayıdış prosesi Qərbi azərbaycanlıların qovulmadan əvvəlki məskunlaşma

konfiqurasiyasını bərpa etməlidir. Qovulmuş azərbaycanlıların qayıdış zamanı müxtəlif bəhanə və hüquqi fəndlərlə pərakəndə səpələnməsi cəhdləri irqçiliyin bir forması və reinteqrasiyaya maneə olan zərərli yanaşma kimi rədd ediləcək. Bu prinsipdən yayınma ancaq aidiyyəti şəxslərin sərbəst iradəsi və razılığı əsasında baş verə bilər.

 

Qovulmuş şəxsin geriyə qayıtmaq barədə qərarı könüllü olmalı və onun bu qərarı verə bilməsi üçün ona hüquqları və imkanlar barədə tam məlumat verilməlidir. Müvafiq hüququ olan şəxsin geriyə qayıtmaq qərarını ancaq ləyaqətli və təhlükəsiz şəkildə evinə dönməyin mümkün olmasını, o cümlədən, qayıdış prosesi zamanı və qayıtdıqdan sonra həyatını qura bilməsi üçün müvafiq zəmanət və yetərli həcmdə resurs ayrılacağını, tarixi vətənində fərdi və kollektiv hüquqlarının təmin ediləcəyini yəqin etdikdən sonra verə biləcəyi nəzərə alınmalıdır.

Beynəlxalq hüquqi çərçivə və zəmanət

İndiki Ermənistan ərazisindən azərbaycanlıların qovulması məsələsini presedentsiz ədalətsizlik kimi beynəlxalq ictimaiyyətin gündəliyinə gətirmək, bu vəziyyətin davametməsinin beynəlxalq sülh və təhlükəsizliyə təhdid kimi qəbul etdirməyə nail olmaq və davamlı sülh və ədalətin bərqərar olması üçün azərbaycanlıların geriyə qayıtma hüququnu təmin edən, hüquqi baxımdan məcburi olan, müvafiq verifikasiya və zəmanət mexanizmini ehtiva edən qərar və razılaşmaların əldə edilməsi ilk vəzifədir.

Qayıdışın beynəlxalq hüquqi çərçivəsinin formalaşdırılması üçün İcma Azərbaycan Respublikası hökuməti, Ermənistan Respublikası hökuməti, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətlər, region ölkələri və digər aidiyyəti dövlətlər və təşkilatlar ilə təmaslara başlayacaq.

 

İcma qayıdış prosesinin nizamlı və effektiv şəkildə həyata keçirmək məqsədilə müvafiq beynəlxalq icraçı tərəfdaş tapmaq üçün səy göstərəcək. Bu tərəfdaşın BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının olmasına üstünlük veriləcək. İcma beynəlxalq icraçı tərəfdaş ilə birlikdə, tətbiq oluna bilən beynəlxalq standartlar əsasında, Azərbaycan hökuməti və Ermənistan hökuməti ilə təmaslar şəraitində qayıdışın detallı planını hazırlayacaq.

 

Qayıdış planı tələb olunan addım və resurslar, dəqiq zaman çərçivəsi göstərilməklə prosesin mərhələlərini və istiqamətlərini təsvir etməlidir.

Ermənistan özünün milli hüquqi çərçivəsini azərbaycanlı icmasına əlçatan etməli, azərbaycanlıların bərabər hüquqlarını təmin etməli, onların ana dillərində təhsil almasına, qanunvericilik, icra və məhkəmə orqanlarında Azərbaycan dilindən istifadəsinə imkan yaratmalı və azərbaycanlıların hüquqlarının qorunmasını tam təminetmək məqsədilə özünün qanunvericiliyinin təkmilləşdirilməsi üçün müvafiq beynəlxalq qurumların hüquqi məsləhət, monitorinq və nəzarət mexanizmi çərçivəsində İcma ilə konstruktiv dialoqa başlamalıdır.

İstənilən halda, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlılar öz vətənlərində yaşamaq hüququna malikdirlər, bu hüquq əzəlidir, toxunulmazdır, mütləqdir və həlledici faktordur.

Ermənistan hökumətinin azərbaycanlı əhaliyə qarşı etnik əsaslarla genişmiqyaslı və sistematik zorakılıq törətmiş olması səbəbindən İcma təhlükəsizlik məsələlərində bu dövlətə etibar etmir və ona görə də müvafiq mandatla və Qərbi azərbaycanlıların etimad göstərdiyi ölkələrin qüvvələrindən ibarət beynəlxalq təhlükəsizlik missiyasının qayıdış olacaq ərazilərə yerləşdirilməsini zəruri hesab edir.

Beynəlxalq missiyanın səlahiyyəti və imkanları təhlükəsizlik vəziyyətindən asılı olacaq. Təhdidlərin qiymətləndirilməsinin müvafiq informasiya toplama və təhlil imkanları tələb etməsini, İcmada bu imkanların olmadığını nəzərə alaraq, İcma bu məsələdə Azərbaycan Respublikası hökumətinin yardımına ümid edir. İcma bu məsələdə Azərbaycan hökumətinin təqdim edə biləcəyi təhdidlərin qiymətləndirilməsini əsas götürəcək. Missiya qayıdışdan əvvəl yerləşdirilməli, müvafiq əraziləri nəzarətə götürməli, mülki-hərbi əlaqə, polis və mülki idarəetmə səlahiyyətinə malik olmalı, İcmanın zəruri hesab etdiyi müddətdə fəaliyyət göstərməlidir.

Qərbi azərbaycanlılara qarşı böyük haqsızlıq törədilib. Bu haqsızlıq etnik təmizləmə ilə məhdudlaşmır. Qərbi azərbaycanlıların evlərinə başqa yerdən insanlar köçürülüb. Bu ağrılı keçmişi tarixi yaddaşında saxlamaqla bərabər İcma qəbul edir ki, sülh və inkişafın təmin edilməsinin yolu barışıqdan keçir. Qərbi azərbaycanlılar onların vətəninə başqa ölkələrdən köçürülmüş ermənilərlə dinc və yanaşı yaşamağa hazırdır.

İcma barışığa nail olmağın uzun müddət tələb edəcəyini və mürəkkəb olacağını gözləyir.

İcma insan hüquqlarına hörməti, hüququn aliliyini və ikili standartların aradan qaldırılmasını barışın əldə edilməsi üçün ən mühüm vasitələr kimi görür. Bu baxımdan, İcma Ermənistanın azərbaycanlılara qarşı nifrət və ayrı-seçkiliyi aşılayan siyasət və praktikasını dayandırmasına, azərbaycanlılara qarşı cinayət törətmiş şəxsləri ədalət məhkəməsinə təslim etməsinə, onları şöhrətləndirməyə dərhal son verməsinə, o cümlədən, azərbaycanlılara qarşı cinayətlərdə iştirak etmiş hərbi və siyasi xadimlərə, terrorçulara qoyulmuş abidələri sökməsinə və aparılmış yer adları dəyişliklərini ləğv etməsinə nail olmaq üçün səylər göstərəcək.

Sonda onu bildirək ki, Qərbi Azərbaycana qayıdış dövlət siyasətində mühüm yer tutur. Azərbaycan dövləti soydaşlarımızın həmin torpaqlara qayıdışını daim gündəmdə saxlayır. Məhz bu çərçivədə Qərbi Azərbaycandan qovulmuş bütün azərbaycanlıların öz yurdlarına qayıtmaq hüququnu bərpa etmək üçün qəbul edilən “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” böyük əhəmiyyətə malikdir.

Prezident İlham Əliyevin bu məsələyə ayırdığı diqqət və qayğı xüsusi qeyd olunmalıdır. Ölkə rəhbərinin öz ad günündə - 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan ziyalılarının bir qrup nümayəndəsi ilə yeni icma binasında görüşü, onların qarşısında mühüm vəzifələri müəyyən etməsi qarşıya qoyulan məqsədin böyüklüyündən, məsuliyyətin ağırlığından xəbər verir. Bu görüşdə dövlət başçımız tərəfindən səsləndirilən fikirlər xalqımızın tarixində yeni bir eranın başlandığını xəbər verir. Dövlətimizin başçısı soydaşlarımızın öz doğma torpaqlarına qayıtması ilə bağlı yeni milli strateji hədəfləri açıqladı. Yuxarıda dərc etdiyimiz konsepsiya məhz yeni milli strateji hədəflərə əsaslanır.

Bu yazı “Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasından irəli gələn məsələlərin mətbuatda işıqlandırılması və sərginin təşkili” layihəsi çərçivəsində hazırlanıb.