Qışa hazırlıq Nərimanov rayonunda müzakirə edilib

 

Nərimanov  Rayon  İcra Hakimiyyətində Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin də iştirakı ilə 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlığın yekunları ilə bağlı təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisə və təşkilatların gördüyü işləri və qarşısında duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir.
Toplantıda çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin  Həbibullayev qış mövsümünə hazırlıqla bağlı görülmüş işlər haqqında geniş məlumat verərək,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin inkişaf etdiyini, kommunal xidmət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində önəmli addımların atıldığını bildirdi. Eyni zamanda, bu ilki payız-qış mövsümü ilə əlaqədar Rayon İcra Hakimiyyətində təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq rayon  MKTB-nin tabeliyində olan xüsusi texnikaların saz vəziyyətə gətirildiyi,  lazımi inventar, qum və duz tədarükü edildiyi qeyd olundu, qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı günlərində,  rayonun ayrı-ayrı təsərrüfat xidmətlərinin xüsusi rejimində çalışacağı,  yaranan çatışmamazlıqların aradan qaldırılması məqsədilə operativ tədbirlərin görüləcəyi vurğulandı. 
İclasda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən 2022-2023-cü illəri əhatə edən payız-qış mövsümünə hazırlıq işlərinin təşkili və təmin edilməsi
barədə Bakı Şəhər İcra Hakimiyyətində keçirilmiş müşavirədə verilən tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar paytaxtın bütün rayonlarında müşavirələrin keçirildiyi vurğulanıb, bu sahədə zəruri tədbirlərin görülməsi qeyd olunub. 
Müzakirələr zamanı məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.