Avropa Siyasi icması klubunun sammiti çərçivəsində Azərbaycan, Fransa, Avropa İttifaqı şurasının Prezidentləri, İlham Əliyev, Emmanuil Makron, Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüş keçirildi. Ağır keçən müzakirələrin yekunu olaraq, səslənən bəyannamədə, tərəflərin BMT nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanıyan 1991-ci il Alma-Ata bəyannaməsinə sadiqliyini təsdiq edirlər.
Alma-Ata bəyannaməsi, keçmiş SSRİ-n 12 respublikası tərəfindən imzalanmışdır. Bu isə, o deməkdir ki, Ermənistanla yanaşı, Avropa liderləri də Azərbaycanın, Qarabağ daxil ərazi bütövlüyünü, tanıyır və sülh danışıqları, Prezident İlham Əliyevin təklif etdiyi 5 prinsip əsasında aparılacaqdır.
Sənəddə diqqət çəkən məqamlardan biri, Ermənistanın Azərbaycanla sərhəddə Avropa İttifaqının missiyasının fəaliyyətə başlamasına razılıq verməsidir. Aİ-n missiyasının Ermənistana buraxılması, Fransanın Cənubi Qafqaza daxil olması, Paşinyanın Qərbə yönəlik siyasətinin davam edəcəyini göstərir. Çətin ki, onun davranışları, ənənəvi müttəfiqi Rusiya Federasiyası tərəfindən müsbət qarşılansın. Bu baxımdan, düşünürəm ki, qonşu ölkədə müəyyən sürprizlərin baş verməsi mümkündür.
Prezident İlham Əliyev isə, tam haqlı olaraq, belə bir missiyanın ölkə daxilində fəaliyyətinə razılıq vermədi. Sadəcə, ölkəmizin milli maraqları çərçivəsində, sözügedən missiya ilə əməkdaşlığın mümkünlüyünü bildirdi. Çünki, həmin Fransanın da üzvü olduğu Minsk qrupunun bədnam fəaliyyətini Azərbaycan xalqı unutmayıb. Faktdır ki, İstənilən xarici dövlətin və yaxud beynəlxalq təşkilatın müdaxiləsi, suveren hüquqların məhdudlaşdırılması deməkdir. Ermənistanın isə, müstəqil dövlət olmaması, çoxsaylı xarici aktorlardan asılı olduğu heç kimə sirr deyil.
Avropa İttifaqının sammiti, Azərbaycanın diplomatik qələbəsi, sülh istiqamətində atılmış növbəti addım kimi qiymətləndirilməlidir.
Sammitdə qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla, Prezident İlham Əliyev tandemi dostlarımıza qürur, inam hissi yaşatdı. Birmənalı demək olar ki, sammitin yüksək səviyyədə keçməsinin əsas səbəblərindən biri də, sentyabr ayının 12-13-də erməni təxribatlarına verilmiş cavab idi. Paşinyan başa düşdü ki, arxayın olduğu Qərbin müəyyən dairələri belə, ƏlAHƏZRƏT faktın qarşısında acizdir.
Praqa görüşləri bir daha göstərdi ki, mövcud şəraitdə, Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyi üçün əvəz olunmaz müttəfiqdir. Prezident İlham Əliyev etibarlı, stabil, sözü ilə əməli üst-üstə düşən və müstəqil siyasət aparan prinsipial Liderdir. Onun, kimliyindən, hansı fövqəldövlətin rəhbəri olmasından asılı olmayaraq, hər zaman milli maraqları müdafiə etmək bacarığı, Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir və dəstəklənir.
Nəsib Məhəməliyev
Milli Məclisin deputatı