QONŞULARIMIZ ÜÇÜN ƏN ÇƏTİN VAXTLARDA AZƏRBAYCAN ÖZÜNÜ DOSTCASINA APARIB        

Dekabrın 29-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xidməti vəzifələrini yerinə yetirərkən  həyatlarını təhlükəyə ataraq yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərmiş pilotlarımız İqor Kşnyakin və Aleksandr Kalyaninov, bələdçi Hökumə Əliyeva ilə Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimində iştirak etdilər, onların ailə üzvlərinə və yaxınlarına başsağlığı verdilər. Bir daha həlak olmuş ekipaj üzvlərinə və sərnişinlərə Uca Allahdan rəhmət, doğmalarına və xalqımıza səbr diləyirəm. Yaralılara tezliklə şəfa tapmalarını arzu edirəm.  

Prezident İlham Əliyev elə həmin gün hava limanında Azərbaycan Televiziyasına müsahibə verdi. Müsahibə bu gün də beynəlxalq medianın və dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Dövlətimizin başçısı açıq mətnlə  bildirdi ki, qəzanın  guya quş dəstəsi ilə toqquşması və göyərtədə hansısa balonun partlaması nəticəsində baş verdiyini uyduranların yeganə məqsədi faciənin əsl səbəbini gizlətmək və ört-basdır etməklə bağlı olub. Çünki təyyarəmiz Qroznı üzərində yerdən açılan atəş nəticəsində zədələnib. Prezident bunu gizlətməyə çalışan dairələrə sərt mesajını da verdi: “Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik... Bunu hansısa quşlarla bağlamaq, yaxud da ki, qaz balonunun partlaması kimi qələmə vermək həm ağılsızlıqdır, həm də vicdansızlıqdır”.    

 Nüfuzlu media resurslarının və aparıcı beyin mərkəzlərinin diqqətini cəlb edən həssas məqamlardan biri də onunla bağlıdır ki, Azərbaycan Prezidenti bu müsahibəni Rusiya dövlət başçısının rəsmi şəkildə etdiyi üzrxahlığından bir gün sonra verdi. Rusiya tərəfinin dekabrın 28-də yaydığı rəsmi mətndə bildirilirdi ki, Prezident Vladimir Putin Azərbaycan Prezidentinə  telefon zəngi zamanı “faciəli insidentin Rusiya hava məkanında baş verdiyinə görə üzrxahlıq edib”. Çox güman ki, şimal qonşumuzun bəzi rəsmi məqamları və təbliğat ruporları tərəfindən Azərbaycan Prezidentinin hələ dekabrın 25-də verdiyi diplomatik mesaj tam ölçüdə dəyərləndirilməmişdi.      

Prezident İlham Əliyev həmin gün MDB Dövlət Başçılarının Zirvə görüşündə iştirak etmək üçün Sankt-Peterburqa yola düşmüşdü. Hadisə ilə bağlı məlumat cənab Prezidentə Rusiyanın hava məkanında olarkən verilmişdi. Dövlətimizin başçısı dərhal səfərini ləğv edərək Vətənə dönmüşdü. Bununla da ev sahibi ölkənin rəsmi məqamlarına faktiki olaraq çatdırmışdı ki,  onun üçün öz vətəndaşlarının taleyi, insan amili və dövlət maraqlarımız bütün siyasi dividendlərin önündə dayanır. Rusiya tərəfinin rəsmi şəkildə yaydığı üzrxahlıq mətninə gəldikdə isə, Prezident İlham Əliyevin müsahibədə səsləndirdiyi növbəti fikir həm yerli, həm də beynəlxalq ictimaiyyətin diqqətini xüsusilə cəlb etdi. Prezident müsahibədə açıq şəkildə bildirdi ki, edilən üzrxahlıq bir fakt kimi nəzərə alınır, amma Rusiya tərəfi günahını da etiraf etməlidir. Eyni zamanda, günahkarları cəzalandırmalı və onları cinayət məsuliyyətinə almalıdır, Azərbaycan dövlətinə və zərər çəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Cənab Prezidentin qeyd etdiyi kimi, “bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanan” gözləntilərdir.      

Təhlil və yanaşmalarımızda olduqca həssas olan bir məqamı da diqqətdən qaçırmamalıyıq. Rusiyanın istər tarixi, istərsə də müasir dövlətçilik təcrübəsi göstərir ki, ali səviyyədə üzrxahlıq edilməsi şimal qonşumuzun rəsmi məqamları, yerli ictimaiyyəti və təbliğat maşını üçün istisna və yenilikdir. Heç şübhəsiz ki, bu istisnanın təməl səbəbi Azərbaycan Prezidentinin tərəddüd etmədən ortaya qoyduğu siyasi qətiyyətlə bağlıdır. Düşünürəm ki, Rusiyanın əsas dairələri Prezident İlham Əliyevin dekabrın 17-də “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibədə səsləndirdiyi bu həqiqəti də görməzdən gələ bilməzdilər: “Artıq dediyim kimi, ölkələrimiz üçün çətin vaxtlarda biz həmişə həm vəziyyətin dərk olunmasını nümayiş etdirmişik, həm də özümüzü dostcasına aparmışıq”.      

Şübhə etmirəm ki, Rusiyada bu gerçəkliyin miqyasını adekvat səviyyədə dəyərləndirən rəsmilər kifayət qədərdir. Məhz buna görə Azərbaycan cəmiyyəti ümid edir ki, onlar cəfəng versiyalarla hadisənin əsl səbəbini ört-basdır etməyə çalışan dairələri başa sala biləcəklər ki, bu, vicdansızlıqdır və xüsusilə dost ölkəyə münasibətdə yolverilməzdir. Yəqin ki, Prezident İlham Əliyevin Rusiya kanallarına  müsahibəsində səsləndirdiyi növbəti həqiqət də həmin dairələrin diqqətindən bundan sonra yayınmayacaq: “İstənilən auditoriya qarşısında, istər mətbuat qarşısında və yaxud da Azərbaycan ictimaiyyəti qarşısında keçirilən tədbirlərdə mən heç bir halda yanlış məlumat paylaşmıram”.  

   31 Dekabr Dünya Azərbaycanlıları üçün iradə birliyimizin və Yeni ildə növbəti uğurlarımıza ümid və inam rəmzidir. Faciə və sınaqlara sinə gəlməyin yolu əldə etdiyimiz tarixi birliyimizi qoruyub, onu daha da möhkəmləndirməkdən keçir. Fürsətdən istifadə edərək, Həmrəylik Günü və Yeni İl münasibətilə Dünya Azərbaycanlılarını səmimi qəlbdən təbrik edirəm. Uca Allah Xalqımızı və Dövlətimizi, qardaş və dost ölkələri, böyük Türk Dünyasını qorusun! Təqvimdə Zəfər və Bayram Günlərimizin sayı hər il daha da artsın!    

Ülvi Quliyev                                                                                    

Milli Məclisin deputatı