Qubada Alternativ Enerji ilə Bağlı maarifləndirici tədbir keçirildi

Quba rayonunda alternativ və bərpa olunan enerji mənbələrinin təşviqinə həsr olunmuş maarifləndirici tədbir keçirilib.

"İctimai İştirakçılığın Dəstəklənməsi" İctimai Birliyinin təşəbbüsü ilə keçirilən tədbir Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə baş tutub. QHT-lərin Təlim Resurs Mərkəzində keçirilən tədbirdə məqsəd regionda alternativ enerji texnologiyalarının tətbiqinin genişləndirilməsi, ictimaiyyətin bu sahədə məlumatlandırılması və mövcud imkanlar barədə müzakirələrin aparılması olub.

Resurs Mərkəzinin rəhbəri Eynulla Xeyrullayev bərpa olunan enerji sahəsinin Quba və ətraf bölgələr üçün potensial imkanlarından danışıb. Bildirib ki, enerji təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından alternativ enerji mənbələrinin tətbiqi ən aktual məsələlərdən biridir.

Layihənin eksperti Şaban Nəsirov təqdimatla çıxış edib. O, iştirakçılara günəş, külək, bioenerji və digər bərpa olunan enerji mənbələri haqqında ətraflı məlumat verib, onların tətbiq sahələrini və iqtisadi üstünlüklərini izah edib. Şaban Nəsirov xüsusilə qeyd edib ki, bu sahədə sahibkarların və fərdi təsərrüfat sahiblərinin təşəbbüskar olması, həm də dövlət və donor dəstəklərindən düzgün istifadə etməsi vacibdir.

Tədbir zamanı iştirakçılarla interaktiv dialoq formatında müzakirələr aparılıb, onları maraqlandıran texniki və maliyyə məsələlərinə aydınlıq gətirilib. Xüsusilə kənd təsərrüfatında fəaliyyət göstərən şəxslər üçün günəş panellərinin və enerjiyə qənaət edən sistemlərin tətbiqinin iqtisadi faydaları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonda layihə rəhbəri Teymur Nəsirov tədbirin keçrilməsi üçün şərait yaradılmasına görə Rayon İcra Hakimyyətinin rəhbərliyinə təşəkkürünü bildirib.