"Qubadlı rayonunun azadlığı xalq, ordu və Ali Baş Komandan birliyinin təcəssümüdür"

"Qubadlı rayonunun işğaldan azad edilməsi ərazi bütövlüyümüzün bərpası istiqamətində qazanılmış strateji əhəmiyyətli qələbələrdən biridir.
1988-ci ildən etibarən ermənilər tərəfindən təcavüzkar hücumlara məruz qalan Qubadlı rayonu 1993-cü il avqustun 31-də tamamilə işğal olundu. Ermənilər işğal dövründə rayonun bütün infrastrukturunu məhv etmişdir. İşğal nəticəsində rayondan 29 997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmiş, paralel olaraq 94 yaşayış məntəqəsi, 7 278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekt, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1 080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətti, 4 830 km elektrik xətti, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.

O, açıqlamasında qeyd edib ki, böyük qürur hissi ilə qeyd edirəm ki, bu gün digər işğaldan azad olunmuş rayonlar kimi Qubadlı üçün də yeni həyatın başlamasının şahidi oluruq:

"Bununla yanaşı, Ermənistan tərəfi işğal dövründə Qubadlı ərazisində qeyri-qanuni məskunlaşma prosesi həyata keçirmişdir. Dünyanın müxtəlif ölkələrindən gətirilən erməni ailələri rayonun müxtəlif hissələrində yerləşdirilmişdi. Lakin işğal və ondan qaynaqlanan ikili standartlar nəhayət sona çatdı. 2020-ci il oktyabrın 25-də Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi qəhrəman Azərbaycan Ordusu Qubadlı rayonunu Ermənistanın işğalından azad etdi. 27 il işğal altında qalan Qubadlı rayonunun düşməndən təmizlənməsi Cənab Prezident İlham Əliyevin dəmir iradəsi, Silahlı Qüvvələrimizin peşəkarlığı və sarsılmaz iradəsi nəticəsində mümkün oldu. Bu tarixi zəfər ordumuza strateji əhəmiyyətli üstünlüklər qazandırmaqla yanaşı, bizi düşmən üçün həyati əhəmiyyət kəsb edən Laçın dəhlizinə bir addım da yaxınlaşdırdı.
Böyük qürur hissi ilə qeyd edirəm ki, bu gün digər işğaldan azad olunmuş rayonlar kimi Qubadlı üçün də yeni həyatın başlamasının şahidi oluruq. Rayon ərazisində genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, sakinlərin məskunlaşması üçün zəruri infrastruktur yaradılır. Eyni zamanda, ermənilər tərəfindən rayonun flora və faunasına vurulan ziyan aradan qaldırılır. Qubadlı rayonunun azadlığı xalq, ordu və Ali Baş Komandan birliyinin təcəssümüdür. Artıq üçrəngli şanlı bayrağımız bütün əzəməti ilə Qubadlı üzərində qürurla dalğalanır".