2020-ci il oktyabrın 25-də Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qubadlı şəhərini 27 illik düşmən işğalından azad etdi. Azərbaycanın əzəmətli üçrəngli Bayrağı uzun fasilədən sonra yenidən Qubadlı səmasında dalğalanmağa başladı. Qubadlının işğaldan azad edilməsi ölkəmizin ərazi bütövlüyünün bərpası yolunda mühüm addım olmaqla yanaşı, Vətən müharibəsinin gedişində əhəmiyyətli dönüş nöqtəsinə çevrildi. Çünki şəhərin azad edilməsi Laçın istiqamətində irəliləyərək Qarabağdakı erməni hərbi birləşmələrinə yüklərin və canlı qüvvələrin daşındığı Laçın yolunun bağlanmasını təmin etmək istəyən Azərbaycan Ordusuna böyük üstünlük qazandırdı.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Qubadlının işğaldan azad edilməsi Azərbaycan xalqının Qələbəsini yaxınlaşdıran tarixi hadisə idi. Bu hadisə şanlı Ordumuzun Laçın və Şuşa yürüşünün zəfərlə başa çatacağı barədə hər kəsdə bir daha əminlik yaratdı.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı tarix elmləri doktoru Vasif Qafarov söyləyib.
“Prezident İlham Əliyevin tarixi Qələbə günlərimizi əbədiləşdirmək məqsədi daşıyan 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 25 oktyabr Qubadlı Şəhəri Günü kimi müəyyən edilib. Bununla tariximizə şanlı Qələbəmizi əks etdirən daha bir möhtəşəm gün əlavə olunub”, - deyən deputat xatırladıb ki, 1920-ci ildə Zəngəzurun qərb hissəsi bolşeviklər tərəfindən Ermənistana verildikdən sonra qədim Zəngəzurun dilbər guşələrindən olan Qubadlı rayonu həmsərhəd bölgəyə çevrilib. Ermənistanla 120 kilometrlik sərhədə malik Qubadlı rayonu Birinci Qarabağ müharibəsi zamanı ermənilərin təcavüzkar hücumlarına məruz qalıb, dinc əhaliyə qarşı tеrror aktları törədilməsi sistеmli şəkildə davam еtdirilib. Qubadlının işğalı nəticəsində rayonun 30 min nəfərdən ibarət əhalisi məcburi köçkünə çevrilib, yaşayış məntəqələri dağıdılıb, bölgənin zəngin təbii sərvətləri Ermənistan tərəfindən amansızcasına talanıb.
Bununla yanaşı, Ermənistan qanunsuz məskunlaşdırılmanı müharibə cinayəti kimi təsbit edən beynəlxalq hüquqi aktlara, o cümlədən Cenevrə konvensiyalarına məhəl qoymayaraq işğal dövründə rayonun Xanlıq qəsəbəsində xaricdən köçürülmüş erməniləri yerləşdirib.
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olunub.
Bildirilib ki, amansız, qəddar düşmənin tapdağından azad edilmiş Qubadlı bu gün tarixinin yeni dövrünü yaşayır. Prezident İlham Əliyevin birbaşa diqqət və qayğısı sayəsində rayon yenidən qurulur, onun gələcək inkişafının sağlam və möhkəm təməlləri atılır. İşğaldan azad olunmuş bütün ərazilərimizi, o cümlədən Qubadlını da cənnətə çevirəcəyimizi deyən Müzəffər Ali Baş Komandan rayonun keçmiş əzəmətinin özünə qaytarılması üçün həyata keçirilən tədbirləri bilavasitə diqqət mərkəzində saxlayır.
2020-ci il dekabrın 23-də Qubadlıda şanlı Azərbaycan Bayrağını yüksəldən Müzəffər Ali Baş Komandan 2021-ci il 25 oktyabr tarixində rayona səfər edərək Xanlıq-Qubadlı yolunun təməlqoyma, “Qubadlı” yarımstansiyasının və Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak edib. Prezident həmin gün Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Digər ərazilərimiz kimi, Qubadlının da inkişafını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev 2022-ci ilin oktyabrında rayonda “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanış olub, “Azərişıq” ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak edib.
Ötən ilin mayında isə Prezident İlham Əliyevin iştirakı ilə Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, tam orta məktəbin, Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimləri keçirilib.
2021-ci il oktyabrın 25-də Prezident İlham Əliyev tərəfindən imzalanan “Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Qubadlı şəhərinin Baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında” Sərəncam Qubadlı şəhərinin yenidən qurulmasını təmin edəcək mühüm sənəddir. Deputat qeyd edib ki, hazırda Qubadlı rayonunda mühüm infrastruktur layihələri uğurla həyata keçirilməkdədir. Bütün bu layihələrin həyata keçirilməsi yaxın zamanlarda Qubadlının sosial-iqtisadi inkişafını və rayon sakinlərinin öz doğma yurd yerlərinə qayıdışını təmin edəcək.
“Əminliklə söyləmək olar ki, dövlətimizin başçısının hərtərəfli diqqət və qayğısı ilə aparılan bərpa-quruculuq işləri sayəsində yaxın vaxtlarda Qubadlı rayonu ölkəmizin cənnət guşələrindən birinə çevriləcək, “Gəyən” və “Yazı” düzləri yenə bol məhsulu ilə insanların üzünü güldürəcək, Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızın varisləri bu torpaqlarda xoşbəxt və məğrur yaşayacaqlar”, - deyə deputat qeyd edib.