Qürur tarixi

12 dekabr hər bir azərbaycanlının qəlbində yaşayan ehtiram günüdür – milli yaddaşımızda xüsusi yeri olan, qürurla, minnətdarlıqla yad edilən bir tarixdir. Biz həmin gün müasir Azərbaycanın qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edirik. Onun siyasi irsi təkcə bir dövrün tarixi deyil, bu günümüzü və gələcəyimizi müəyyən edən möhkəm əsasdır. 

Heydər Əliyev Azərbaycan xalqının yaddaşında misilsiz xidmətləri ilə əbədi yer tutmuş, müasir dövlətçilik tariximizin ən parlaq simalarından biridir. O, böyük liderlik keyfiyyətləri, müdrikliyi və geniş dövlətçilik düşüncəsi ilə bir millətin taleyini dəyişdirən nadir şəxsiyyətdir.

Heydər Əliyev Azərbaycan üçün sabitlik, inkişaf və birlik rəmzi idi. Onun siyasi iradəsi, qətiyyəti və milli maraqlara sədaqəti sayəsində ölkəmiz möhkəm təməl və doğru yol qazanmışdır. O, həm xalqın etimadını doğruldan rəhbər, həm yüksək mənəvi keyfiyyətləri ilə örnək olan şəxsiyyət, həm də gələcəyə doğru yol açan böyük dövlət xadimi kimi yaddaşlara həkk olunmuşdur.

Ulu öndərin böyük uzaqgörənliyi, dövlətçilik iradəsi, milli ideologiya yaratmaq qabiliyyəti müasir Azərbaycanın inkişaf yolunun istiqamətini müəyyən etmişdir. Heydər Əliyev yalnız böyük dövlət xadimi deyil, həm də milli ruhu yenidən oyadan, xalqımızı ən çətin dövrlərdə bir məqsəd ətrafında birləşdirən tarixi şəxsiyyətdir. Onun siyasi iradəsi, müdrikliyi və xalqına olan sonsuz inamı sayəsində Azərbaycan yenidən dirçəliş dövrünə qədəm qoydu. Ulu öndər ölkənin təhlükəsizliyi, müstəqilliyin qorunması və dövlət idarəçiliyinin möhkəmləndirilməsi sahəsində elə əsaslar yaratdı ki, bu gün Azərbaycan inkişaf yolunda inamla addımlayır. O, hər bir azərbaycanlının taleyini dövlətin taleyindən ayırmırdı və tez-tez deyirdi ki, “xalqın xoşbəxtliyi mənim həyat amalımdır”. Bu sözlər onun bütün fəaliyyətinin ən dürüst xülasəsidir.

Dahi insanın liderlik fəlsəfəsinin mərkəzində azərbaycançılıq ideyası, milli birliyin qorunması və ölkəmizin dünya birliyində layiqli yer tutması dayanırdı. O, yalnız bu günümüz üçün deyil, gələcəyimiz üçün də düşünən, zamanından irəli gedən bir lider idi. Bu gün müasir Azərbaycanın hər bir nailiyyətində onun uzaqgörən siyasətinin izlərini görürük. 

Ulu öndərin hakimiyyətə qayıdışı isə sadəcə bir siyasi dönüş deyildi – bu, xalqın taleyini dəyişən tarixi bir hadisə idi. Məhz onun rəhbərliyi ilə dövlətçiliyimiz təhlükəsizlik qazandı, ordu quruculuğu yeni mərhələyə yüksəldi, Azərbaycanın beynəlxalq nüfuzu möhkəmləndi, milli birliyimiz bərpa olundu. Xalqın birliyi, dövlətin gücü onun ən böyük məqsədi idi.

Ulu öndər dərin zəkası, qeyri-adi idarəçilik bacarığı, uzaqgörənliyi və milli maraqlara sarsılmaz sədaqəti ilə Azərbaycanı dağılmaq təhlükəsindən çıxarıb, sabitliyə, inkişaf və tərəqqi yoluna yönəltdi. 

Bir vaxtlar qarşısında saysız maneələr olan Azərbaycan, bu gün dünya miqyasında söz sahibinə çevrilmişsə, bunun təməlində məhz Heydər Əliyevin böyük iradəsi və uğurlu siyasəti dayanır. Bu gün ölkəmizin əldə etdiyi hər bir uğur, hər bir nailiyyət, bu torpaqlarda yüksələn hər bir quruculuq işi onun qoyduğu möhkəm təməlin üzərində yüksəlir.

Biz fəxrlə deyə bilərik ki, Heydər Əliyevin müəyyən etdiyi bu yol, onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezident möhtərəm cənab İlham Əliyev tərəfindən qətiyyətlə və uğurla davam etdirilmişdir. 2020-ci ildə əldə olunan Zəfər məhz bu yolun, bu siyasi irsin, bu ideoloji davamlılığın ən parlaq nəticəsidir. Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsi, dəmir məntiqi, siyasi-diplomatik çevikliyi və güclü liderliyi Vətən müharibəsində qələbəmizin əsas təminatçısı oldu. Onun rəhbərliyi altında Azərbaycan ordusu Heydər Əliyevin qurduğu dövlətçilik məktəbinin gücünü, xalqın iradəsini və birliyinin sarsılmazlığını bütün dünyaya nümayiş etdirdi.

Bu qələbənin qazanılmasında ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rolu da xüsusi qeyd olunmalıdır. O, illər boyu həm humanitar sahədə, həm də beynəlxalq səviyyədə apardığı ardıcıl fəaliyyətlə ölkəmizin milli imicinin yüksəldilməsinə, Azərbaycanın haqq işinin dünyaya çatdırılmasına mühüm töhfələr vermişdir. Həm müharibə dövründə, həm də postmüharibə mərhələsində onun humanitar layihələri, şəhid ailələrinə və qazilərə göstərilən qayğı, mədəni irsin bərpası və Qarabağın dirçəlişi istiqamətində həyata keçirilən çoxsaylı təşəbbüsləri Zəfərin mənəvi-sosial dayaqlarını daha da möhkəmləndirmişdir.

Bu gün Azərbaycan xalqı Heydər Əliyevin ideyalarını yaşadır, Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoyur və Mehriban xanım Əliyevanın fəaliyyəti ilə humanist dəyərlərə söykənən inkişaf modelini daha da gücləndirir.

Onun ideyaları bu gün də yaşayır, onun qurduğu siyasi xətt bu gün də davam edir, onun arzuları bu gün də reallığa çevrilir. Xalqın rifahı və Azərbaycanın daha da güclənməsi naminə atılan hər bir addım, həyata keçirilən hər bir layihə, qazanılan hər bir uğur onun başladığı böyük yolun davamıdır.

Həm bir xalq, həm bir cəmiyyət olaraq Ulu öndərin ideyalarına sədaqətimizi göstərməliyik. 12 dekabr anım günündə yalnız keçmişi xatırlamaq kifayət deyil; onun yadigarı olan dövlətçiliyi, milli birliyi və rifah ideyalarını bu gün də yaşatmaq - bizim vətəndaşlıq borcumuzdur. Biz bu gün Ulu öndərin xatirəsini ehtiramla yad edərkən, həm də onun bizə miras qoyduğu dövlətçilik irsinə sədaqətimizi bir daha təsdiqləyirik. O irs ki, Azərbaycanı daim irəli aparır, dövlətçiliyimizin sütunlarını möhkəmləndirir, gələcək nəsillərə güclü bir ölkə miras qoyur. Ümummilli lider Heydər Əliyevin xatirəsi xalqımızın yaddaşında hər zaman ehtiramla yaşayacaq. Onun qurduğu dövlət bu gün daha güclüdür, daha irəlidədir və gələcəyə inamla addımlayır.

Ruhu şad olsun.

Asif Əsgərov Milli Məclisin deputatı