Qusar rayonunda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir

Dekabrın 12-si xalqımızın Ümummilli Lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış böyük siyasətçi, dövlət xadimi Ulu Öndər Heydər Əliyevin anım günüdür. 2003-cü ildən ötən hər il 12 dekabr tarixi xalqımız tərəfindən Ulu Öndər Heydər Əliyevin anım günü kimi ehtiramla yad edilir.

Bütün ölkədə olduğu kimi, Qusar rayonunda da dekabrın 12-də Qusar Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Qusar Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir. Rayon rəhbərliyi, eləcə də idarə, müəssisə, təşkilat rəhbərləri və əməkdaşları tərəfindən Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilmiş, abidə önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin xatirəsi yad edilmişdir.

Qusar Rayon Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov, Yeni Azərbaycan Partiyası Qusar Rayon Təşkilatının sədri David İbramxəlilov, RİH başçısı Aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdən əvvəl Heydər Əliyev Mərkəzində Ulu Öndərin muzeyinə və kitab sərgisinə baxış keçirilmişdir. Ulu Öndər Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Daha sonra Heydər Əliyevin siyasi fəaliyyətini, Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərini əks etdirən film nümayiş etdirilmişdir.

Tədbiri giriş sözü ilə açan YAP Qusar Rayon Təşkilatının sədri David İbramxəlilov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli ideologiyanın formalaşdırılması və ölkənin strateji inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi sahəsində həyata keçirdiyi tarixi missiyanın məzmun və əhəmiyyəti haqqında məlumat vermişdir. Təşkilat sədri vurğulamışdır ki, Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində formalaşan sabitlik, milli həmrəylik və institusional idarəetmə modeli bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin banisi kimi tarixi xidmətlərini geniş şəkildə təhlil edərək vurğulamışdır ki, Ulu Öndərin strateji düşüncə tərzi, siyasi iradəsi və dövlətçilik fəlsəfəsi Azərbaycanın milli inkişaf modelinin ideya-nəzəri əsaslarını formalaşdırmış, ölkəmizi xaos və böhran burulğanından çıxarıb nüfuzlu və dayanıqlı dövlətə çevirmişdir. Rayon rəhbəri qeyd etmişdir ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı təkcə siyasi sabitliyin bərpası demək olmayıb, həm də dövlət institutlarının sistemli şəkildə yenidən qurulmasının, milli maraqlara əsaslanan idarəetmə mexanizmlərinin tətbiqinin, iqtisadi-sosial inkişafın strateji xətt üzrə təmin edilməsinin başlanğıcı olmuşdur. Bu gün Ulu Öndərin siyasi kursu Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi reallıqlara uyğun şəkildə, uğurla davam etdirilir. Xüsusilə Vətən müharibəsində əldə olunan şanlı Qələbə və ölkəmizin ərazi bütövlüyünün tam bərpası Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji hədəflərin məntiqi nəticəsi kimi dəyərləndirilməlidir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Ümummilli Lider Heydər Əliyevin dövlət idarəçiliyi məktəbinin Azərbaycan üçün strateji əhəmiyyətini xüsusi vurğulamışdır. Deputat qeyd etmişdir ki, Heydər Əliyevin strateji kursunun Prezident cənab İlham Əliyev tərəfindən qətiyyətlə və ardıcıllıqla davam etdirilməsi nəticəsində Azərbaycan bu gün regionun iqtisadi-siyasi liderinə çevrilmiş, mühüm qlobal təşəbbüslərin müəllifi və icraçısı kimi beynəlxalq arenada nüfuz qazanmışdır.

Tədbirdə çıxış edən digər natiqlər də Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli dövlətçilik irsinin müxtəlif istiqamətləri, xüsusilə qadın və gənclər siyasəti haqqında məlumat verərək bildirmişlər ki, Heydər Əliyev tərəfindən əsası qoyulan və cəmiyyətin aparıcı sosial qruplarını əhatə edən inklüziv siyasət Azərbaycan qadınlarının dövlət idarəçiliyində, ictimai-siyasi həyatda fəal iştirakını təmin etmiş, gənclərin intellektual potensialının reallaşdırılması üçün geniş imkanlar yaratmışdır.

Anım mərasimi çərçivəsində şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ehsan süfrəsi təşkil olunmuşdur.