“Region gənclərinin şəxsi inkişaf və məşğulluq probleminin həllinə dəstək” layihəsi çərçivəsində seminar

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədi ilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində “Region gənclərinin şəxsi inkişaf və məşğulluq probleminin həllinə dəstək” layihəsi ilə qalib olan “Azərbaycan-Avropa Gənclərinin Əməkdaşlığı” ictimai birliyi, 15 dekabr 2024-cü il tarixində Lənkəran Gənclər Evində 3 seminar həyata keçirib.

QHT.az xəbər verir ki, tədbiri təşkilatın sədri Orxan Əlixanlı giriş nitqi ilə açaraq, göstərilən dəstəyə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə, iştiraka görə gənclərə təşəkkürünü bildirdi və layihənin məqsədi barədə məlumat verdi. Layihənin məqsədi, region gənclərinin fərdi bilik və bacarıqlarının artırılmasına, şəxsi inkişaf, karyera quruculuğunda praktik təcrübələrin artırılmasına dəstək olmaqdan ibarətdir.

Həyata keçirilən 3 tədbir zamanı layihənin eksperti tərəfindən gənclərə şəxsi inkişafın praktiki metodları, iş axtarışı, məşğulluq, fərdi işin başlanması, müvafiq sahənin inkişafı ilə bağlı dövlət proqramları və onlardan istifadə və ya iştirak etmək qaydaları istər nəzəri, istərsə də praktiki qaydada öyrədildi. Layihə çərçivəsində çap olunmuş kitabçada karyera planlaması, mərhələləri, işaxtarma üsulları, CV yazılma qaydası, növləri, müsahibə mərhələsinə hazırlıq və s. məlumatlar öz əksini tapmışdır. Qeyd olunan bölmələr üzrə praktiki məşğələlər və komanda işinin qurulması həyata keçirildi. Gənclər bu sahədə üzləşdikləri problemlərdən danışaraq həm qazandıqları təcrübələrdən, həm də ekspert tərəfindən qeyd olunan problemlər ilə bağlı həll yolları barəsində məlumatlandırıldılar.

Sonda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Qəhrəmanov, nazirliyin son illərdə gənclər sahəsində gördüyü işlərdən və gələcək planlardan gəncləri məlumatlandırdı və iştiraka görə təşəkkürünü bildirdi. Layihə iştirakçılarına sonda sertifikatlar təqdim edilərək xatirə şəkli çəkdirildi.