Respublikamız tarixinin ən qüdrətli dövrünə qədəm qoyub

Arzu Daşdəmirov
ADPU-nun Fizika fakültəsinin dekanı,
dosent, Əməkdar müəllim

Azərbaycan bugünkü inkişafına, siyasi, iqtisadi, hərbi və mədəni istiqamətlər üzrə əldə etdiyi nəticələrə görə bölgədə və dünyada söz sahibi olan ölkəyə çevrilib. Bu uğurların əldə olunmasında Ümummilli lider Heydər Əliyev yolunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gərgin əməyi, yorulmaz fəaliyyəti, uzaqgörən xarici və daxili siyasəti dayanır. Bu siyasətin mərkəzində isə vətəndaş rifahının təminatı prinsipi dayanır və bu amil ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələrinin, əldə olunan iqtisadi dividendlərin, ilk növbədə, əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasında real ifadəsini tapır. Məhz bunun nəticəsidir ki, Azərbaycan hazırda güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə sahib olmaqla yanaşı, güclü sosial siyasətə malik bir ölkə kimi tanınır.
Ölkə başçısı cənab İlham Əliyevin sədrliyi ilə aprelin 12-də cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə ölkəmizdə siyasi, sosial-iqtisadi sahələrdə dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən tədbirlər barədə ətraflı danışıldı. Ölkə başçısı giriş nitqində hesabat dövründə ölkəmizin bütün sahələrdə uğurla inkişaf etdiyini, bunu indiyədək qazanılan müsbət nəticələrin davamı kimi qiymətləndirdiyini bildirib. Ölkə rəhbəri çıxışında müharibədən ötən bir ilin əlamətdar olduğunu, düşməndən təmizlənən torpaqlarda bərpa işlərinin uğurla həyata keçirildiyini, Vətən savaşı nəticəsində bölgədə yaranan yeni reallıqların beynəlxalq müstəvidə də qəbul edildiyini, nüfuzlu xarici təşkilatlarla təmasların, fəal əməkdaşlığın dinamik xarakter aldığını diqqətə çatdırıb. Dövlət başçısı, eyni zamanda, BMT xətti ilə Şuşa şəhərində Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş beynəlxalq tədbirin reallaşdırıldığını, bu ali qurumun ölkəmizin ərazi bütövlüyünü tam tanıyan təşkilat olaraq işğalla üzləşdiyimiz dövrdə onun Təhlükəsizlik Şurasının ədalətli qərarlar qəbul etdiyini, lakin həmin qərarların 30 ilə yaxın bir müddətdə kağız üzərində qaldığını da bildirib: “Ancaq Qarabağ münaqişəsinin həlli, Azərbaycan tərəfindən birtərəfli həlli, eyni zamanda, BMT-nin üzərindən bu yükü götürmüş oldu. Şuşa şəhərində bu tədbirin, bir daha demək istəyirəm ki, xüsusi əhəmiyyəti var idi və təsadüfi deyil ki, Ermənistanda bu, növbəti panikaya, isterikaya səbəb olmuşdur”.
Müşavirədə postmünaqişə dövründə iqtisadiyyatın inkişafı, ərazilərin bərpası ilə bağlı addımların ölçüb-biçilmiş şəkildə atıldığı, nəticədə isə uğurlu göstəricilər əldə edildiyi vurğulanıb. Məsələn, ümumi daxili məhsul 6,8 faiz artıb. Qeyri-neft iqtisadiyyatı 10 faizdən çox yüksəlib. Sənaye istehsalı sahəsində artım təxminən 4 faiz təşkil edib, qeyri-neft sənaye istehsalında isə 18 faizdən çox olub. Bütün bunlar iqtisadiyyatın şaxələndirilməsi, neft-qaz sektorundan asılılığın azaldılması ilə reallaşıb. Hesabat dövründə xarici ticarət dövriyyəsinin 60 faizdən çox artması, ixracın təxminən iki dəfə yüksəlməsi və qeyri-neft ixracında kifayət qədər yüksək göstərici – 45 faiz qeydə alınmasının da diqqətə çatdırılması məhz aparılan islahatların məntiqi nəticəsidir.
Müşavirədə Azərbaycan Ordusunun parlaq qələbəsi nəticəsində ərazilərimizin işğaldan azad olunmasından sonra həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də şəhidlərimizin ailə üzvlərinə, öz sağlamlığını itirən müharibə əlillərimizə, eyni zamanda, müharibə iştirakçılarına dövlət dəstəyinin genişləndirilməsi olduğu vurğulanıb. Bu istiqamətdə ölkə rəhbərinin tapşırıqlarına uyğun olaraq bir neçə sahə üzrə tədbirlər həyata keçirilib. İlk növbədə, sosial ödənişlərin təminatı üzrə 93 min unikal şəxsə 103 min sosial ödəniş təyin olunub. Dövlətimizin başçısının müvafiq fərman və sərəncamlar əsasında şəhid ailəsi üzvləri, müharibə əlilləri, həmçinin müharibə veteranlarını əhatə edən həssas kateqoriyadan olan insanlara ödənilən Prezident təqaüdünün məbləği, eyni zamanda, əlilliyə görə verilən sosial müavinətlər 60 faizədək artırılıb.
Məşğulluq sahəsinə dəstək tədbirlərinin reallaşdırılması da diqqət mərkəzində saxlanılıb. Bu çərçivədə 11 min şəhid ailəsi üzvü və müharibə əlili məşğulluq tədbirləri ilə əhatələnib. Onların yarısı özünüməşğulluq proqramlarına cəlb edilərək, kiçik ailə təsərrüfatının qurulması imkanından yararlanıb. İşədüzəltmə proqramı da uğurla yerinə yetirilib. Bu proqramın ən önəmli istiqamətlərindən biri ölkə rəhbərinin vurğuladığı kimi, mənzil təminatı məsələləri olub. Ötən il üç minədək mənzil məhz şəhid ailələri və müharibə əlillərinə verilib. Cari ilin birinci rübündə isə 200 mənzil bu kateqoriyadan olan insanlara təqdim edilib. İlin sonunadək şəhid ailələrinə və müharibə əlillərinə 1500 mənzilin verilməsi nəzərdə tutulub.
Ölkə başçısı nitqində Vətən müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişhəcmli bərpa-quruculuq layihələrinin uğurla gerçəkləşdirilməsi haqqında da ətraflı məlumat verərək deyib: “Orada hələ ki, heç kim yaşamır. Ona görə biz orada görüləcək işləri mərkəzləşdirilmiş qaydada etməliyik və edirik. Keçən il genişmiqyaslı abadlıq-quruculuq işlərinə start verildi, böyük infrastruktur layihələri icra edildi. Mən bu gün onların hamısını sadalasam, yenə də çox vaxt gedəcək”.
Göründüyü kimi, Ölkə başçısının rəhbərliyi ilə qısa müddətdə son dərəcə ciddi işlər görülüb. Respublikamız dövlətimizin başçısının liderliyi ilə yüksəliş mərhələsində reallıqlarını diktə etməklə tarixinin ən qüdrətli dövrünə qədəm qoyub. Prezident-xalq birliyi bugünkü inkişafı sürətləndirən başlıca amilidir.