RUHUNUN ÜNVANI AZƏRBAYCANDIR, ZƏNGİLANDIR, CANBARDIR!

 ...İllər ötüb-keçir. Xatirələrə dönən yaşanılmışları yenidən yaşama kövrəklik gətirir.

O illərdə olanlar təkcə xatirə deyil, həm də olmuşların tarixidi. Ömrümün Canbara ad olmuş illərini həmişə xatırlamışam. Bu xa­tırlamalar kəndə sevgidi, kəndin zamanında hər kəlamı yeniyetmələrin, gənclərin düşüncələrinin nizamı olan ağsaqqallara ehtiramdı, tanıdığım adam­lara mehr-ülfətdi. Uşaqlığımdan, yeniyetməliyimdən tandı­ğım adamları da unutma­mı­şam. Həmişə ünsiyyətdə olduğum, söhbətləşdiyim, yoldaşlıq ediyim cavanlar indi ağ­saq­qallaşıb. Onları ömrün bu yaşında da o vaxtlardakı kimi doğmalıqla yada salıram. İlham Cabbar oğlu Hüseyn(Hüseynov) mənim ömrümə yazılmış Canbarlılardandır (həm də atalarımız əmi nəvəsidı). Onunla Canbarın yolla­rın­da, düzlərində, dağlarında dolaşdığımız illəri, ayları, günləri o qədər həsrətlə xatır­layıram ki! Xatır­la­yıram və İlham həkimlə nəfəs-nəfəsə dayanmaq, yenə Vətəndən, ədəbiy­ya­tı­mız­dan, mədəniyyətimizdən, min illərin o üzündən boy gös­tərən dövlətçilik tariximizdən, ... danışmaq keçir könlümdən. Onda İlham yenə Nazim Hikmətin misralarını xatırlayacaq: Mən yanmasam, sən yanmasan necə çıxar qaranlıqlar aydınlığa? Yenə bu xatırlamanın sorğu olub-olmadığını kəsdirə bilmərəm. Gülümsünər, yenə deyər ki, yaşamaq səhəri axşam, axşamı səhər eləmək de­yil, yaşamaq ürəyinin işığını səhərlərin açılan dan yerinin işığına qatmaqdı...

Bu görüş üçün, bu söhbət üçün darıxmışdım. Bu darıxma otuz bir il əvvəlin düşün­cə­lə­rində bayraq­laşan fikirlərin bu günkü gerçəkliklərinin də şükranlığı olacaq...

İlhamı belə tanımışam, belə sevmişəm. Onu tanıyanların hamısı belə tanıyıb, belə sevir.

bayram-sek

1954-cü il iyunun 12-də anadan olan İlham Hüseyn Canbar səkkizillik məktəbini, sonra Zəngilan şəhər orta məktəbini bitirib. Cabbar müəl­lim məktəb di­rek­toru idi, İlhama nələrisə  həm ata kimi deyirdi, həm  müəllim kimi, həm də mək­təb direktoru kimi; İlham üç tələbin, üç öyüd-nəsihətin, üç müdrikliyin məhrəmliyi ilə yeniyetmələşmişdi, gəncləşmişdi. Ona görə ha­disələr arasında gözəl məntiqi bağlılıq görə bi­­lirdi, ona görə yaxşını yamandan ayırd edə bilirdi, ona görə Vətən, xalq onun düşün­cə­lərinin ahənrübasıydı...

Ziyad Nəsibovun, Nəriman Ağayevin, Eldar İsmayılovun, Əsəd Məmmədovun, Bə­növ­şə Qocayevanın sevimili şagirdlərindən biri də İlham idi (müəllimlər necə şagirdi sevir? – intizamlı, diqqətcil, oxumağa ma­rağı, həvəsi, sevgisi olanları). İlham kimyanı, biologiyanı daha çox sevirdi; həkim olmaq istəyirdi, “Hə­kimliklə loğmanlıq eyni deyil. Könlümdən loğmanlıq keçir. Bulmirəm, buna əlim çatacaqmı” – tay-tuş­la­rı­na belə deyirdi. Müəllimləri ona ürək-dirək də verirdi, gerçək ümid də, xeyir-dua da. “İbn Sinalığın işığın­dan barınmaq üçün ürəyinin döyüntüsünü də niyyətinə ad etməlisən”, – belə düşünürdü və orta məktəbi bu gözəl düşüncələrin işığnda 1971-ci ildə kimya-biologiya fənləri üzrə fərqlənmə ilə bitirdi.

Sənədlərini N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna verdi. Qəbul olunmadı. Niyyət du­ru olanda, arzu dönməz olanda, muraz bəşəri olanda insan uğursuzluqdan darılmır, uğursuzluq onun qəlbində tufanlar yarada bilmir, inamının üstündə yel əsdirə bilmir...

İlham 1973-cü ilin dekabrında hərbi xidmətə getdi. Sverdlovsk şəhərində xidmət edir­di. İllərinin göylərində dolaşan ulduzların işığında niyyətinin də işığını görürdü. Bu işıq da onunla xidmət edirdi sanki. Bu işıq da vətəndaşlıq borcu ödə­yirdi...

Hərbi xidmətdən sonra İlham 1976-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-pro­fi­laktika fakültəsinə daxil oldu. Onda Cabbar müəllim şükranlıqla göy üzünə baxmışdı. Oğlunun təhsilə sev­gisini bilirdi, oxuyacağına, ali təhsil alacağına əmin idi. “Görəsən, fikrindən daşınıbmı? Görəsən hə­kim ola­caqmı oğlum...”, – Cabbar müəllim onu iki ilin fikir-zikir gərginliyindən xilas edən şad xəbəri öm­rünün şükranlıq duası bildi...

İlham tələbəydi. O da həvəslə, sevgilərlə öyrənirdi. Müəllimlərinin sözarası dediyi bir fikri gələcək ömür yoluna işıq bildi: Təhsil öz yerində, həkimliyi sevmək də lazımdı, bu sevgini təcrübə ilə dönməz­ləş­dir­mək məsləhətdi. Bir neçə tələbə yoldaşı kimi o da tibb müəssisələrinin birində feldşer işləməyə başladı. Bu, onun təhsilinə mane olmurdu, təhsilinə stimul verirdi. Həkimlərin xəstələrlə kəlmələşməsini də dinlə­yir­di, iz­lə­yirdi, diaqnoz qoyanda nələri nəzərə aldığına, nələrə üstünlük verdiyinə də diqqət yetirirdi. Bəzən həkimə sualları da olurdu: “İlhamın yaxşı həkim olacağına zərrəcə şübhəm yoxdu. Onun xarakterində hə­kim­liyə təşnəlik görürəm. Nə vaxtsa belə bir həkimin söhbətdaşı olmağımla mən də qürurlanacam...” – həkim həkim yol­daş­larına belə deyirdi...

İlham Cabbar  oğlu Azərbaycan Tibb İnstitutunu 1983-cü ildə bitirdi. Onda Canbara tələsmişdi. Can­ba­­rın duruluğunda onun da duru niyyəti gözəl könül xoşluğuna dönəcəkdi. El-oba bu sevincin işığına axı­şacaqdı, qələbəlik Cabbar müəllimi kövrəldəcəkdi. Bu uğuru hamı təkcə Cabbar müəllimin ailəsinin de­yil, həm də Canbarın uğuru adlandıracaqdı.

***

İlham həkim 1984-1992-ci illərdə Sumqayıt şəhər poliklinikasinda həkim-terapevt, terapiya şöbəsinin müdiri, baş həkimin ekspertiza  üzrə müavini, Sumqayit şəhər birləşmiş xəstəxanasında poliklinikanın baş həkiminin müalicə işləri üzrə müavini işlədi. Ömrünün səkkiz ili Sumqayıtlılara (təkcə sumqayıtlılara yox!) xidmətlə keçdi. “Hər müraciət edəni dinləyəndə elə bilirdim ki, Tanrı ömrü mənə verib ki, umacağı olanlara xeyirim dəysin. Xəstəyə düzgün diaqnoz qoymalısan ki, vəzifəmi yerinə yetirdim deyə bilə­sən. Taleyimdən narazı deyildim...”, – İlham həkim Sumqayıtı, Sumqayıtda işlədiyi illəri həmişə qürurla xatırlayır. “Küçədə rastlaşdığın adamalrın baxışlarında sənə ünvanlanan minnətdarlığı görəndə yaşadığın ömürə şükürlər oxu­yur­san” – bu da İlham həkimin yaşamın, həyata baxışın fəlsəfi qayələrindəndir. “Dünyanın ən bəxtəvər bən­dəsi ya­­­şatmaq həvəsi, istəyi, niy­yəti yaşamaq niyyətindən üstün olanlardı...” – İlham həkimin kəlamla­rın­dan­dır...

İlham Cabbar oğlu öyrətmə, bu və ya digər fikri məntiqi, ardıcıl izahetmə bacarığı ilə də tanınırdı. Şəhər səhiyyə idarəsi bu qabiliyyətinə görə İlham həkimi həm də müəllimliyə dəvət etdi; iki il Sumqayıt Tibb Texnikumunda dərs dedi. Öyrənmək istəyənləri böyük sevgilərlə öyrədirdi. Ona elə gəlirdi ki, tələ­bə­lər tibbi biliklərə yiyələndikcə cəmiyyət bəlalardan, ağrılardan uzaqlaşır.

Bir dəfə texnikumda tələbələrdən biri soruşmuşdu ki, gənc nəyi, nələri daha mükəmməl mənim­sə­mə­lidir. İlham qə­tiy­yətlə demişdi: İnsanlığı...

Bu cavab İlhamın həyat yolunun ağ işığı imiş; Azərbaycanda milli-azadlıq hərəkatı başlayanda İlham Cabbar oğlu da bu tarixi hərəkata ömür əridənlərin sırasında oldu. Necə?

Hərəkat vardı, hərəkata qoşulanların sayı artırdı, hərəkat genişlənirdi, hərəkat dönməzləşəcəkdi. Belə bir vaxtda İlham Hüseyn (İlham Cabbar oğlu “ov” şəkilçisindən ilk imtina edənlərədən biri olub) həkim həm­karı Filman Rəhimovla birlikdə bu hərəkatın işığına sarı əqidə cığırı açıb, o cığırı hərəkatın yolu ilə qo­vuşdurmaq üçün xalq arasında böyük nüfuzu olan tanınmış ziyalılarla – Nurəddin Rzayevlə, Bəxtiyar Va­habzadəylə, Xudu Məmmədovla görüşməyi qərara alıblar. Nurəddin Rzayevlə görüşə müstəqillik mücahidlərinin ideya mübari­zə­sin­də boyları görünsün deyə bu görüşə bir ömürə sədaqət kimi gediblər. 1987-ci ildə. Onda böyük alim gənc mücahidlərə  Mithat Cemal Kuntayın “Bay­raq­ları  bayraq yapan üstün­dəki qandır, Toprak, əgər uğrunda ölən varsa Vətəndir” misralarını da eşidiblər, poetikasının məzmunu necə duyğusallıqla əhatələdiyini də.  Bu misraların idrak işığı ikisinin də qəlbinə sarılıb. Nurəddin Rzayev gənc tanışlarına akademik Xudu Məmmədovla görüşməyi, söhbətləşməyi məsləhət görüb. Görüşüblər. Söhbətləşiblər. Aka­de­mik onların türkçülüyə sevgisini duyub da, bəyənib də, sevib də. İlhamın folkloru­muz­dan xatırlatma­la­rı onu vəcdə gətirib. “Bu maraq özü boyda sevgidi, oğlum. Bu hərəkat xalqa, Vətənə sevgisi olanların hə­rə­ka­tıdı, sizin hərəkatınızdı. Hərəkatda bu sevgi ilə iştirak etdiyinizə görə sizə min­nət­da­ram...”. Bu kəlmələri akademikin xeyir-duası biliblər...

Söhbət həm də tanışlıq söhbəti olub; akademik cavanların düşüncələrinə də bələd olub, azərbaycan­çılıqlarına da. İnanıb onlara. Hərəkatın öncülləri də inanıb. Ən əsası, özləri özlərinə. mübarizlər­dən olacaq­la­rına  inanıb.

Onlara tükçülüyün, bu baxımdan azərbaycançılığın mahiyyətini əhatələyən vərəqələr verilib. Bu vərəqələrin könüllərə ötürülməsi hələ açıq mübarizəyə başlamayan hərəkatın yerinə yetirdiyi vəzifə­lər­dən idi...

1988-ci il fevralın 27-29-da  Sumqayıtda  kütləvi iğtişaşlar törədildi, ermənilər erməniləri öldürdü ki, Azərbaycana qarşı ittifaq miqyaslı təzyiqlər, günhlandırmalar, suçlamalar başlasın, ərazi iddiası bunların fonunda problemsiz həll edilsin. Hadisələr zamanı Filman Rəhimov da, Zahid Quluyev də, İlham Hüsey­nov da, başqaları da ehtimal olunan milli münaqişənin qarşısının alınmasında fəal iş aparıblar.  Ermə­niləri əsa­sən Nərimanov adına mədəniyyət evinə  toplamışdılar. İlham nə olduğunu görürdü, nələr olacağını güman edirdi. Gümanlarını hərəkatın öncüllərinə də bildirmişdi. Sum­qa­yıtda yaradılan hərbi komendaturanın rəisi ge­neral-mayor Krayevlə görüşən İlham vəziyyətlə əlaqədar ona reallığı çatdırmışdı. Krayev İlham Hüsey­no­vu ya­radılan Tibbi komissiyanın sədri təyin etdi. Məqsəd xəsarət almış ermənilərə tibbi yardım göstəril­mə­sini,  digər məsələlərdə əlaqələrin koordina­si­yasının təşkili idi.

   İlham Xudu Məmmədovun təklifi (və təkidi!) ilə 1988-ci ilin apel ayında  Bakı Dövlət Universite­tində  Əbülfəz Elçibəylə görüşüb. Söhbət nəticəsiz qalmayıb. İlham da hərəkatın öncüllərindən olub. Hərəkatın bütün tədbirlərində fəal iştirak edirdi...

. Sev­gi­si əqidəsinin, əqidəsi sevgisinin cığırdaşı olanlar üçün bir yol olur: Xalq yolu, millət yolu. İlham Hüseyn bu yolun dönməz yolçusu oldu...

Milli-azadlıq hərəkatı genişlənirdi. Moskva Ermənistanın Azərbaycandan ərazi iddiasına ciddi müna­si­bət bil­dirmədiyinə görə bu hərəkat daha da kükrəmişdi. O vaxtlarda müstəqilliyin işığı görünməkdəydi. İttifaqın iq­tisadi dayaqlarını çökdürmək üçün iqtisadi tətillər planlaşdırılmışdı. 1990-cı ilin yanvarında Şir­van stan­si­ya­sında əhalini tətilə çağıranlardan biri də İlham Hüseyn idi. Əhalini inandırırdı İlham, imperi­ya­nın dağı­la­cağına da inandırırdı, Azərbaycanın imperiyanın ilhaqından qurtaracağına da, dövlətçiliyinizin bərpa olu­na­cağına da. Tətil olmuşdu. Respublika rəhbərliyi Mərkəzin təkidi ilə təşkilatçıları, bu sıradan İlhamı da tə­qib etməyə başladı. Ancaq onda da “yel qayadan heç nə apara bilmədi...”...

İlham Cabbar oğlu 1992-ci ildə Nəsimi rayon səhiyyə şöbəsinin müdiri vəzifəsinə təyin edildi.  Qisa zamanda bacarıqlı səhiyyə təşkilatçısı kimi seçildi, sadəliyi, işgüzarlığı və tələbkarlığı ilə böyük hörmət qazandı.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində rəhbər vəzifəyə təyin edilməsi planlaşdırılan ərə­fə­də Zəngilanda yaranmış ağır hərbi-siyasi vəziyyətlə əlaqədar İlham Hüseyn 1993-cü il yanvarın 21-də Prezidentin sərəncamı ilə Zəngilan rayon İcra Hakimiyyətinin başçısı təyin edildi.

Təyinatının ilk günündən son gününədək İlham Hüseyn hərbçi forması geyinərək hərbçilərlə çiyin-çiyinə Zəngilan uğrunda döyüşlərin əsas iştirakçılarından biri oldu.

...Zəngilanda vəziyyət son dərəcə ağırlaşmışdı.İlham Hüseynin xahişi ilə peşəakar kəşfiyyatçı pol­kov­nik Firudin Şabanov 1993-cü il fevralın 13-də Zəngilan alayının  komandiri təyin edildi. Polkovnik Firudun Şabanov qısa müddətdə ərazini öyrəndi, Qafan rayonunun Hənd, Kilsə və Sav kəndləri istiqa­mə­tindən Zəngilan şəhəri atəş altında saxlanılırdı. Ona  görə də 1993-cü il aprelin 10-da  düşmənin qüvvələrinin sarsıdılması üçün   həmin kəndlərə əməliyyat planı hazırlandı. Ordu hissələri polislə birlikdə  subh tezdən Kilsə, Hənd və Sav kəndlərini ələ keçirdilər və əməliyyat axşamüstü uğurla başa çatdı. Lakin yuxarıların göstərişinə əsasən döyüş dayan­dırıldı və qüvvələrin Ermənistanın ərazisindən çıxarılmasına gös­təriş verildi...

    Yaradılmış etibarlı rayon müdafiəsi ehtiyat qüvvə sarıdan korluq çəkirdi. Təminat işi davamlı deyildi. Üstəlik ölkəmizin mərkəzindən lazımi operativ kömək gəlmirdi. Bu səbəblərdən də Zəngilan rayonu mühasirədə təkbaşına qalmışdı...

   Zəngilanlıların yaranmış güclü müdafiə ümidləri puç olmuşdu. Böyük güclər hesabına ayağa duran erməni işğalçılarına qarşı kəskin döyüşlərdə  qurtuluş yolu Araz çayı oldu. Döyüşçülərimiz zəngilanlılar Araz çayını keçənə kimi düşmənin hücumlarının qarşısını saxlaya bildi...

İlham Cabbar oğlu rayonun son günlərində ölkənin prezidenti Heydər Əliyevlə hər gün əlaqə saxlayaraq onu məlumatlandırırdı, Ulu Öndər Heydər Əliyevin məsləhəti və davamlı köməyi ilə əhalinin Araz çayından keçməklə köçürülməsi təşkil edildi.

1995-ci ilin mayına kimi Zəngilan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan İlham Cabbar oğlu həmişə sadə insanların icərisində olmuş, onlarla sıx əlaqə saxlamışdı. Respublikanın 56 rayonunda məskunlaşan Zəngilanlıların problemini dərindən öyrənən İlham Cabbar oğlu onların həll edilməsi üçün əla­qədar dövlət qurumları qarşısında məsələlər qaldırmış, həll edilməsində əsl təşəbbüskarlıq və rəhbər və­zi­fəyə layiq məmur kimi çıxış etdi. Məhz yaddaqalan məqsədyönlü  və səmərəli fəaliyyətinin nə­­ti­cə­sidir ki, bügün də zəngilanlıların hörmət və ehtiram bəslədiyi insanlardandır...

   Uzun müddət vəzifədə qalan AXC-nin nümayəndəsi idi. Nəhayət 1995-ci il mayın 14-də tutduğu vəzifədən azad edildi. Bir müddət işsiz qaldı. Həkim idi, yaxşı həkim idi, əqidəsi ilə həkim idi, həkimliyini ailə həkimi kimi davam etdirdi. Sonra Ankara hospitalında baş həkimin müavini, Turan  və Stimul hospital­la­rının baş həkimi işlədi. Təqaüdə çıxdıqdan sonra müxtəlif tibb müəssisələrində müalicə həkimi kimi işləyib. İlham Hüseyn həkimliyini indi də davam etdirir.  “Dünyadan bircə arzumanım var: yaşımın bu çağları ata-ba­ba yurduma qismət olsun, son nəfəsimi ata-baba yudruna təslim edim...”...

İlham Hüseyn ömrünün ağsaqqallıq çağlarını yaşayır. İllərini xalqa, dövlətə sevgi ilə yaşayıb, müd­riklik illəri də belə ömürləşəcək. Və ruhunda türk ruhu var, azərbaycançılıq ruhu var, Zəngilan var, Canbar var, bir də bir müqəddəs dua var: Azərbaycanımızın üstündən qara yellər əsməsin!..

 Bayram MƏMMƏDOV,

İstefada olan polkovnik-leytenant,

Əməkdar müəllim