Sentyabrın 1-dən Moskvada və Moskva vilayətində Rusiyaya işləmək üçün gələn əcnəbilərin yaşadığı yerin "Amina" tətbiqi vasitəsilə uçotu üzrə eksperiment başlayır, məqsəd mövcud miqrasiya uçotu qaydasının dəyişdirilməsidir.
Bu barədə Sabahinfo.az-a Moskvanın Çoxfunksiyalı Miqrasiya Mərkəzinə (ÇMM) istinadən məlumat verir.
"Moskva və Moskva vilayətinə işləmək üçün gələn Özbəkistan, Tacikistan, Qırğızıstan, Ermənistan, Qazaxıstan, Gürcüstan, Azərbaycan, Moldova və Ukrayna vətəndaşları xüsusi "Amina" mobil tətbiqini mütləq şəkildə quraşdırmalıdırlar", - məlumatda qeyd olunur.
Tətbiq xarici vətəndaşların qeydiyyata alınması prosesini sadələşdirməlidir. "Amina" Çoxfunksiyalı Miqrasiya Mərkəzinin ünvanı üzrə qeydiyyatdan keçməyə və tətbiq vasitəsilə daxili işlər orqanlarına yaşayış yeri və onun dəyişdirilməsi barədə məsafədən məlumat verməyə imkan verəcək.
Xarici vətəndaşlar tətbiqi özləri quraşdırmalıdırlar, avtorizasiya üçün xarici vətəndaş kartı qüvvədə olmalıdır. Kart itirildikdə, avtorizasiyanı pasport məlumatları əsasında mümkündür.
Mobil tətbiq vasitəsilə geolokasiya məlumatları Rusiya DİN-ə ötürüləcək. "Əgər tətbiq bir neçə gün ərzində məlumatların ötürülmədiyini qeydə alarsa, xarici vətəndaşa yaşadığı ünvanı təsdiqləmək və ya DİN-i onun dəyişdirilməsi barədə məlumatlandırmaq zərurəti barədə bildiriş daxil olacaq", - mərkəzdə qeyd olunub.
Son monitorinq tarixindən etibarən üç iş günündən artıq müddətdə geolokasiya məlumatları daxil olmadığı təqdirdə, xarici vətəndaş ÇMM ünvanı üzrə uçotdan çıxarılır.
Xarici vətəndaş eksperimentin aparıldığı regiondan kənarda miqrasiya uçotuna alındığı və ya ölkədən çıxdığı halda ÇMM-in uçotundan çıxarılır.