Rusiyaya “kənara dur” deyə bilmərik - Həsənquliyev

Naxçıvana maneəsiz gediş-gəliş təmin olunmayana qədər nə sülh sazişi imzalamalıyıq, nə də Ermənistanla kommunikasiya xətləri açılmalıdır.

Sabahinfo.az xəbər verir ki, bu sözləri ƏHD Partiyasının sədri Qüdrət Həsənquliyev “Elçi”yə geniş müsahibəsində deyib.

O bildirib ki, Ermənistan Fransa və İranın təzyiqi ilə Naxçıvana maneəsiz gediş-gəlişi təmin etmək öhdəliyindən yayınır:

“Sülhə nail olmaq üçün Türkiyə, Azərbaycan və Rusiya Ermənistana təzyiqləri artırmalıdır. Ermənistan öz öhdəliyini yerinə yetirməsə, Azərbaycan güc tətbiqi ilə onu buna məcbur etmək barədə düşünməlidir. Sülh sazişi Türkiyə və Rusiyanın vasitəçiliyi və iştirakı ilə imzalanmalıdır. İlham Əliyev öz tərəfmüqabillərinə münasibətdə səmimi və etibarlı olması ilə diqqət çəkib və bunu həmişə vurğulayıb. Bu davranış Azərbaycana uğur gətirib, Qarabağı azad etmişik. O özünə və Azərbaycana münasibətdə də tərəfdaşlarından bunu tələb edib, fərqli münasibəti qəbul etməyib. İndi Türkiyə və Rusiyaya deyə bilmərik ki, qələbəmizin əldə olunmasına dəstək vermisiniz, yaxud mane olmamısınız, üçtərəfli atəşkəs sazişi imzalamışıq, amma indi dayanın kənarda, biz Qərbin vasitəçiliyi ilə Ermənistanla sülh sazişi imzalayırıq. Hər dövlətin öz marağı var və biz bunu nəzərə almalı, Türkiyə və Rusiya da sülh sazişinin imzalanmasında iştirak etməli, bundan faydalanmalıdır. O zaman sülh daha təminatlı olar. Ermənistan nə qədər tez bunu başa düşsə, Fransa və İranın yox, öz dövlət maraqlarını önə çəksə, regional əməkdaşlığa üstünlük versə, sülhə bir o qədər tez yaxınlaşarıq”.