Suraxanıda tədbir

Suraxanı Gənclər evində Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci ildönümü ərəfəsində müharibə iştirakçılarının gənclərlə görüşü təşkil olunub.

Görüşün məqsədi gənclərdə vətənpərvərlik ruhunu daha da gücləndirmək, qəhrəman igidlərimizin döyüş yolunu, keçdikləri şərəfli mübarizə tarixini yeni nəslə çatdırmaq olub.

Tədbir Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə qeyd olunub ki, Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın birliyinin, ordumuzun gücünün və igid oğullarımızın qəhrəmanlığının nəticəsidir. Bu Qələbə tariximizin ən şanlı səhifələrindən biridir və gələcək nəsillər üçün qürur mənbəyidir.

Həmçinin, Vətən müharibəsinin iştirakçıları – qazilər və döyüşçülər öz xatirələrini bölüşüb, müharibə dövründə yaşadıqları çətinliklərdən, həmrəylik və birlik ruhundan danışıblar. Onlar həmçinin gənclərə dövlətə, bayrağa və torpağa sədaqətli olmağın, milli kimlik və azərbaycançılıq ideyalarına sadiq qalmağın vacibliyini vurğulayıblar.