Azərbaycanın siyasi nüfuzu dünya miqyasında artmaqdadır. Dünya dövlətləri Azərbaycanla ikitərəfli əlaqələri daim genişləndirirlər. Qazaxıstan Respublikası da Azərbaycan Respublikası ilə səmimi tərəfdaşlıq, dostluq edən dövlətlərdən biridir. Bu münasibətlər həm tarixi köklərə əsaslanır, həm də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünyəvi, bəşəri siyasətinə ehtiramın nəticəsidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qazaxıstan Respublikasının “Altın kıran” ali mükafatı ilə təltif edilib. Bu təltif iki dövlət arasında dostluq, qardaşlıq münasibətlərinin istər məzmun, istərsə də miqyas baxımından genişləndirilməsində xidmətlərə görə verilib. Ehtiramın yüksək mükafatıdır, minnətdarlıq kimi təqdim edilib və hər bir azərbaycanlıda qürur hissləri doğurur...
Bu ali mükafat Azərbaycanla Qazaxıstan arasında münasibətlərin sabahlarının işığı kimi dərk edilməlidir. Bu mükafat dünya siyasi arenasında Azərbaycan dövlətçiliyini böyük sevgilərlə, Heydər Əliyev irsinə böyük sədaqətlə davam etdirən siyasi xadimə verilən dəyərli mükafatdır. Bu mükafat təsdiqləyir ki, Azərbaycanın liderinə belə bir mükafat verilməsi həm də bu iki dövlətin bir-birinə yaxınlığının, strateji tərəfdaşlığının təsdiqidir...
Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin həll edə bilmədiyi (bəlkə də həll etmək istəmədiyi) problemi döyüşlə özü həll etdi, Azərbaycanın torpaqları işğaldan azad edildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri başladı. Bu prosesdə Qazaxıstan da iştirak etmək niyyətindədir və niyyətini gerçəkləşdirir. Qazaxıstanın işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi məhz bunun təsdiqiidir. Mərkəz Füzuli şəhərində tikiləcək. Füzuli şəhərinin tikintisinin Baş planı təsdiqlənib, artıq yaşayış fondunun ilk tikililəri başlayır. Məhz, həmin vaxtadək, bu mərkəz hazır olanda Füzulinin ilk sakinlərinin oraya köçürülməsi planlaşdırılır.
Azərbaycanla Qazaxıstan xarici siyasətdə iştirak etdiyi nüfuzlu beynəlxalq təşkilatlarda geniş əhatəli məsələlər üzrə fəal əməkdaşlıq edir, həmişə bir-birini dəstəkləyir. Bu münasibət təbii ki, gələcəkdə də davam edəcəkdir. Bu iki dövlətin əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlarda Qazaxıstanın və Azərbaycanın nümayəndələri möhkəm etimada əsaslanan fəaliyyətdədirlər...
Bu və bu kimi faktlar təsdiqləyir ki, Azərbaycanla Qazaxıstan dünyəvi siyasətin daşıyıcıları kimi həmişə bir-birinin yanındadır və bu münasibət böyük etimadın işığıdır. İşıqlı münasibət sabahların daha etibarlı münasibətidir...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı