Sahibə Qafarova çıxış etdi

İyunun 22-də Spiker Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbədənkənar sessiyasının daha bir iclası keçirilib. İclasa başlamazdan əvvəl Milli Məclisin Sədri bu günlərdə Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın ölkəmizə rəsmi səfəri, Milli Məclisə təşrif buyurması və deputatlar qarşısındakı çıxışı barədə fikirlərini bölüşüb.
Bildirib ki, Türkiyə Cümhuriyyətinin Prezidenti, türk dünyasının böyük siyasi və dövlət xadimi cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə Cümhuriyyəti möhtəşəm inkişaf yolu keçib. Cəmiyyət və dövlət həyatının bütün sahələrində heyrət doğuran uğurlar qazanılıb.
Bu gün siyasi, iqtisadi, hərbi gücünə görə Türkiyə dünyanın ən qüdrətli dövlətlərindən biridir. Qardaş ölkənin bu yüksəlişi bizi ürəkdən təbii ki, sevindirir, çünki Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü isə Türkiyənin gücüdür.
Spiker diqqətə çatdırıb ki, Azərbaycanla Türkiyə arasında ortaq dəyərlərə əsaslanan səmimi münasibətlər beynəlxalq aləmdə nadir hadisədir. Xalqlarımızın və dövlətlərimizin dostluğu və qardaşlığı bizim ən böyük sərvətimizdir.
Biz həmişə məmnunluqla söyləyirik ki, ölkələrimiz arasında münasibətlər Ulu öndər Heydər Əliyevin ifadə etdiyi “bir millət, iki dövlət” prinsipi üzərində qurulub.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “Türkiyə–Azərbaycan dostluğu, qardaşlığı bu gün ən yüksək zirvədədir və bütün məsələlərdə biz hər zaman bir-birimizin yanındayıq”.
Milli Məclisin Sədri vurğulayıb ki, bizim xalqlarımız XX əsrin əvvəllərində Çanaqqala zəfərinin qazanıldığı, Bakının erməni-bolşevik zülmündən xilas edildiyi dövrdə də, 2020-ci ilin sonlarında Vətən müharibəsində erməni faşizminin darmadağın edildiyi günlərdə də bir idilər, bu gün də birgədirlər və həmişə birlikdə olacaqlar. Ermənistanın 30 ildən bəri işğal altında saxladığı əzəli və tarixi torpaqlarımızı əsarətdən qurtarmaq, Qarabağda Azərbaycan bayrağını yüksəltmək üçün müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun apardığı hərbi əməliyyatlar zamanı dünya Türkiyə–Azərbaycan dostluğuna və qardaşlığına bir daha şahid oldu.
Müharibənin ilk saatlarından sonuna qədər Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın verdiyi mənəvi və siyasi dəstək, bütün Türkiyənin, türk xalqının tutduğu qəti mövqe hər kəsə göstərdi ki, Azərbaycan haqq işi uğrunda mübarizədə tək deyildir. Türkiyə və onun lideri hər yerdə və hər zaman Azərbaycanın yanındadır.
Xanım Sədr qeyd edib ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi Cənubi Qafqaz bölgəsində yeni reallıq yaradıb. Bu gün Azərbaycanla Türkiyənin birgə səyləri ilə bölgənin geosiyasi mənzərəsini dəyişən layihələr planlı şəkildə və əzmlə həyata keçirilir.
Spiker vurğulayıb ki, Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın işğaldan azad edilmiş bölgəni, xüsusən Şuşanı ziyarət etməsi, Azərbaycan mədəniyyətinin incisi və tacı olan bu şəhərdə Azərbaycan və Türkiyənin ay-ulduzlu bayraqlarının qoşa dalğalanması, iki qardaş ölkənin rəhbərləri arasında keçirilən görüşlər xalqlarımızın qardaşlığının yeni bir nümayişi oldu. Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə Türkiyə-Azərbaycan münasibətlərini yeni səviyyəyə yüksəltdi.
Milli Məclisin Sədri bildirib ki, Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Milli Məclisdə çıxışı da bir daha göstərdi ki, Türkiyə ilə Azərbaycanın dostluğu və qardaşlığı əbədi və sarsılmazdır. Türkiyə dövlətinin başçısı öz çıxışında bir sıra mesajlar verdi. Ən önəmli mesajlardan biri də bu idi ki, Türkiyə bu gün də bütün imkanları ilə Azərbaycanın yanındadır və bütün dünya bilsin ki, sabah da onun yanında olacaqdır.
Sahibə Qafarova çıxışının sonunda qeyd edib ki, bizim xalqlarımızın könül birliyi əsrlərin sınağından çıxıb və bu gün iftixar mənbəyimizdir. Əminliklə demək olar ki, Azərbaycan–Türkiyə münasibətləri bundan sonra daha sürətlə inkişaf edəcək, xalqlarımıza və dövlətlərimizə yeni böyük uğurlar gətirəcəkdir.