“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qadınların cəmiyyətə inteqrasiyasında erkən nikah sindromu” layihəsinin icrası davam edir.
Belə ki, layihənin icra planına əsasən “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyi YAP Salyan rayon təşkilatının iclas zalında maarifləndirici tədbir keçirib. Tədbirdə Salyan rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Məhərrəm Məmmədov, “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyinin sədri və sözügedən layihənin rəhbəri Fatima Hacıbəyli, Alpaqut Federasiyasının vitse-prezidenti və “Əsgərə Xatirə” layihəsinin rəhbəri Nuranə Şıxaliyeva, “Demokratik Gənclər” İB-nin sədri Vəfa Vəliyeva, “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İB-nin sədr müavini və psixoloq Vəfa Abbasova, rayon ziyalıları, yeniyetmə və gənclər iştirak edib.
Çıxışçılar yeniyetmə və gənclər arasında ailə institutunu inkişaf etdirmək, ailə dəyərlərinin təbliğini aparmaq, erkən nikahların qarşısını almaqla məişət zorakılığına yox demək və onun törətdiyi fəsadlar barədə maarifləndirmə işləri aparmaq, yetkinlik yaşına çatmayan gənclərin qeyri-rəsmi nikaha girməsinin qarşısını almağın lazım və vacib olduğunu vurğulayıblar.
“Qadınların cəmiyyətə inteqrasiyasında erkən nikah sindromu” layihəsi çərçivəsində silsilə tədbirlər Biləsuvar, Masallı və Lənkəranda da həyata keçiriləcək.
Qeyd edək ki, layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir