Şaxələndirilmiş iqtisadiyyat

Prezident İlham Əliyev: “Nəqliyyat sahəsi ixracımızı şaxələndirməyə imkan verəcək”

 İsveçrə Konfederasiyasının Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun 53-cü illik toplantısında iştirak edən liderlərin Azərbaycanın uğurları ilə bağlı xoş sözlər deməsi qürurvericidir. Bunu Prezident İlham Əliyevin Davos Forumu çərçivəsində görüşdüyü ölkə prezidentləri, baş nazilərin, BMT və Aİ rəsmiləri, tanınmış şirkət rəhbərlərinin və s. fikirlərindən görmək olur.

Cənab Prezidentin Davosda keçirdiyi bu görüşlərdə Azərbaycanın müxtəlif ölkələrlə əməkdaşlığının inkişaf perspektivləri, nəqliyyat-logistika infrastrukturu, enerji layihələrinin genişləndirilməsi və s. məsələlər müzakirə edilib. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar prosesi haqqında da məlumat verib. Prezident Azərbaycanın önəmli tranzit ölkəyə çevrildiyini qeyd edərək, respublikamızın ərazisindən keçən yüklərin həcminin 75 faiz artdığını vurğulayıb.

Bir sıra şirkət direktorları Azərbaycanda layihələrin həyata keçirilməsinə başladıqlarını və bundan məmnunluqlarını ifadə ediblər, həmçinin uzunmüddətli strateji əməkdaşlığa görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Bununla yanaşı, Azərbaycanda daha geniş həcmdə işlər görmələri üçün yaxşı imkanların olduğunu vurğulayıblar. Görüşlərdə dünyada böyük maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanın qazandığı uğurların önəmini vurğulanaraq azad edilmiş ərazilərdə inşaat infrastrukturu sahəsində görülən genişmiqyaslı işləri qeyd edilib.

Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən dəyirmi masa və panel iclaslarında da iştirak edib. Azərbaycan Respublikasının Prezidenti yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasına qatılıb.

Panel iclasında çıxışında Prezident İlham Əliyev bugünkü reallıqlar fonunda tranzit ölkəsi olmağın vacibliyini vurğulayıb: “Bunun əhəmiyyəti yeni iş yerləri və yerli istehsalatla bağlıdır. Bu səbəbdən biz iqtisadiyyatımızın şaxələndirilməsi üzərində ciddi işləyirik”.

Cənab Prezident deyib ki, nəqliyyat sahəsi ixracımızı şaxələndirməyə imkan verəcək: “Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyu yerləşmə Azərbaycanda əlavə biznes imkanları yaradır. Tezliklə Bakıda dəniz limanının yaxınlığında yerləşən azad zonanın açılışı olacaq”.

Diqqət çəkən məqam Azərbaycanın enerji layihələrinin yeni mərhələyə keçidi, qaz həcminin artırılması, bərpaolunan enerji layihələrində xarici şirkətlərin maraqlı olmasıdır. Əcnəbi şirkətlər bu layihlərdə daha fəal iştirak edib mövcud layihələrin genişləndirilməsini istəyirlər.

Azərbaycan bir sıra iqtisadi sınaqlardan şərəflə çıxıb. Artıq Azərbaycan iqtisadiyyatı öz keçid dövrünü arxada qoyaraq şaxələndirilmiş formada inkişaf edir. Ölkəmizin iqtisadiyyatı öz dayanıqlığı ilə seçilir. Bu gün Azərbaycan iqtisadiyyatı dünya birliyinə sürətlə inteqrasiya edir. Tranzit ölkəsi olmağımız bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev çıxşında “Biznes mühitinin təkmilləşdirilməsi uğurun əsas amillərindən biridir” deyərək dövlətimizin inkişaf düsturunu bəyan edib. Bu gün beynəlxalq kredit agentliklərinin verdikləri açıqlamalardan kredit reytinqlərimizin də artdığı görünür. Düşümülmüş investisiya siyasəti nəticəsində bütün başqa sahələrdə də Azərbaycana investisiyalar cəlb nail olunur.

 

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent