Seçkilərlə bağlı “Polis əməkdaşları üçün yaddaş kitabçası” hazırlanıb

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası Daxili İşlər Nazirliyi ilə birgə “Polis əməkdaşları üçün yaddaş kitabçası” hazırlayıb.

Sabahinfo.az xəbər verir ki, qurumlararası əməkdaşlıq çərçivəsində gerçəkləşdirilən layihə Milli Məclisə seçkilərdə polis əməkdaşlarının xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi və məlumatlılığının artırılmasına hədəflənib.

Nəşrdə Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi dövründə, seçkiqabağı təşviqat mərhələsində, səsvermə günü, habelə rəsmi seçki sənədlərinin daşınması və mühafizə olunması proseslərində polis əməkdaşlarının qanunvericiliklə müəyyənləşdirilmiş rol və vəzifələri, xidməti vəzifələrinə uyğun həyata keçirəcəyi tədbirlər ətraflı izah olunub.

Azərbaycan Konstitusiyası, Seçki Məcəlləsi, “Polis haqqında” Azərbaycan Qanunu və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterli sənədlər əsasında tərtib olunan kitabça polis əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulub.