Vətən torpağını öz qanları ilə sulayan şəhidlərimiz üçün nə qədər çox iş görülsə də, yenə də azdır. Onlar heç bir təmənna güdmədən, Ana Vətən deyib döyüşə giriblər, canları bahasına bu məmləkəti qoruyub, bütövlüyünü təmin ediblər. Bizim də borcumuzdur ki, şəhidlərimin adlarını uca tutaq, onların bizə qoyub getdiyi əmanəylərini – ailələri göz-bəbəyimiz kimi qoruyaq. Həm 1990-cı il 20 yanvar faciəsi, həm Birinci, həm də İkinci Qarabağ müharibələrində şəhid olanların ailələri, qazilərimiz dövlətimizin dəstək və qayğısı ilə hər cür əhatə olunublar.
44 gün davam edən Vətən müharibəsində şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı, xalq-ordu -dövlət birliyi sayəsində Azərbaycan xalqı qələbə qazandı. 30 illik həsrətimizə son qoyan bu birlik bizim gücümüzü bütün dünyaya göstərdi. Vətənpərvər ruhda yetişən gənc nəslimiz sübut etdi ki, Azərbaycan heç vaxt Qarabağdan vaz keçməyib. Onlar Ali Baş Komandanın ətrafında sıx birləşərək tarix yazdılar, dövlətçiliyimizi bərpa etdilər. Azərbaycan Zəfərdən sonra yeni tarixi mərhələyə qədəm qoydu. Qazilərimiz, Azərbaycanın ərazi bütövlüyü, Qarabağın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimiz və onların ailə üzvləri bu dövlətin, bu ölkənin ən seçilən, hər cür hörmətə layiq təbəqələridir.
İgidlərimiz Vətən müharibəsində necə ləyaqətlə, mərdliklə iştirak ediblərsə, onların ailə üzvləri də bu gün özlərini çox ləyaqətli, qürurlu aparırlar. Çox yaxşı haldır ki, şəhid ailələri heç kəsdən asılı deyil, gözləri kimlərinsə əlinə, cibinə tikilməyib. Çünki onların arxasında Azərbaycan dövləti dayanır. Şəhdilərimiz və onların ailələri bizim qürur yerimizdir. Şəhid tabutunu şəstlə çiynində daşıyan ana, bacı, həyat yoldaşı, ata, qardaş məhz belə olmalıdır. Qürurlu və vüqarlı. İki oğlunu torpağa tapşıran ata "yenə övladım olsa, yenə də Vətənə fəda olsun" deyirsə, demək ki, biz, həqiqətən də böyük xalqıq.
Şəhid ailələrinin qayğısına qalmaq, onlara hər cür dəstək göstərmək vacibdir. Onların həm hüquqi, həm sosial, həm də psixoloji dəstəyə ehtiyacları vardır. Dövlətin sosial dəstəyinin həssas təbəqə olan şəhid ailələrinə və qazilərimizə düzgün və vaxtında çatdırılmasına hər birimiz yardımçı olmalıyıq. Cənab Prezidentin Sərəncamına əsasən şəhid ailələrinin problemlərinin həlli istiqamətində komissiyalar, “YAŞAT” Fondu yaradılıb. Bu qurumlar şəhid ailələrinin problemləri öyrənilməsi, onların tezliklə həll olunması, şəhidlərimizin övladlarına, vərəsələrinə gələcəkdə dayanıqlı dəstək proqramlarının işlənib hazırlanması istiqamətində yorulmadan çalışırlar. Qazilərimizin sağlamlıqlarını bərpa etməsi və reabilitasiya kurslarının təşkili yönündə də xeyli iş görülür.
Vahid əlaqələndirmə mərkəz kimi “YAŞAT” fondu unikal dövlət qurumudur. Ayrı-ayrı icra qurumlarında şəhid ailələrinin problemlərinin həllilə məşğul olan mərkəzlər bir çox hallarda etimadı doğrulda bilmirdilər, narazılıqlar yaranırdı. “YAŞAT” fondunun yaradılması ilə problemlərin həllinə sistemli, mərkəzləşdirilmiş yanaşma tətbiq olundu.
Eyni zamanda şəhid ailələri və qazilər üçün nəzərdə tutulan Prezident təqaüdünün artırılmasını da xüsusi qeyd etmək lazımdır. Bu, onların sosial müdafiəsinin daha da gücləndirilməsinə yönəlib.
Həm qeyri-hökumət təşkilatları, həm vətəndaş cəmiyyətinin digər institutları həm də sıravi vətəndaşlarımız şəhid ailələrinin, qazilərin problemlərinin həllinə həssas yanaşmalıdırlar. Dövlət Məşğulluq Agentliyi şəhidlərimizin ailə üzvlərinin, müharibə veteranlarının işlə təmin olunmasına, sosial layihələrə cəlb olunmasına diqqət göstərməlidir. Bu gün eşidilən ən çox şikayət məhz şəhid ailə üzvlərinin, xüsusilə də, müharibə veteranlarının uyğun işlə təmin oluna bilməməsilə bağlıdır. Sağlamlıq imkanlarını itirmiş müharibə iştirakçılarına da əlillik diaqnozu düzgün qoyulmalıdır ki, bu sahədə hər hansı narazılıq olmasın.
Təklif edirəm ki, şəhid ailələri və qazilərimizə cərimə güzəştləri edilsin və vergi güzəştlərinin siyahısı genişləndirilsin. Doğrudur, bu bir sıra hallara sui-istifadə hallarına yol açır, bəzi işbazllar bundan bəhrələnirlər. Amma düşünürəm ki, düzgün mexanizm tətbiq edilməklə bu güzəştləri reallaşdırmaq mümkündür.
Bakı şəhərində və ölkəmizin digər bölgələrində qaçqınlar üçün tikilmiş yeni mənzillərin şəhid ailələrinə verilməsi çox gözəl təşəbbüs oldu. Bu onların ağrılarını az da olsa ovutdu. Hər bir şəhidimiz və onun ailəsi bizim üçün bir Vətən parçasıdır, dəyərdir.
Fuad Hüseynzadə
Yazı Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Şəhid ailələrinə maddi və mənəvi dəstək" İctimai Birliyi tərəfindən həyata keçirilən "Şəhid ailələrinə dəstək tədbirləri və xidmət" layihəsi çərçivəsində dərc olunur