Şəhid ailələri üçün nəzərdə tutulan sosial güzəştlər

2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində və 2023-cü il 19 sentyabrda 24 saatlıq anti-terror əməliyyatları zamanı şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı, xalq-ordu -dövlət birliyi sayəsində Azərbaycan xalqı qələbə qazandı. 30 illik həsrətimizə son qoyan bu birlik bizim gücümüzü bütün dünyaya göstərdi. Vətənpərvər ruhda yetişən gənc nəslimiz sübut etdi ki, Azərbaycan xalqı heç vaxt Qarabağdan vaz keçməyib. Onlar Ali Baş Komandanın ətrafında sıx birləşərək tarix yazdılar, dövlətçiliyimizi bərpa etdilər. Azərbaycan Zəfərdən sonra yeni tarixi mərhələyə qədəm qoydu. Qazilərimiz, Azərbaycanın ərazi bütövlüyü, Qarabağın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimiz və onların ailə üzvləri bu dövlətin, bu ölkənin ən seçilən, hər cür hörmətə layiq təbəqələridir.

 

Vətən torpağını canları bahasına yağı düşməndən təmizləyən, qanları ilə tarix yazan şəhidlərimizin adlarının əbədiləşdirilməsi üçün üçün nə qədər çox iş görülsə də, yeni layihələrə, yeni təşəbbüslərə hər zaman ehtiyac vardır. Çünki şəhidlərimiz heç bir təmənna güdmədən, Ana Vətən deyib döyüşə atıldılar, sinələrini sipər edib məmləkətimizi qoruyub, onun bütövlüyünü təmin etdilər. Bizim də həm bir vətəndaş, həm də vətəndaş cəmiyyətinin nümayəndələri olaraq borcumuzdur ki, şəhidlərimin adlarını uca tutaq, onların bizə qoyub getdiyi əmanətlərini – ailələri göz-bəbəyimiz kimi qoruyaq, övladlarının qayğısız böyüməsi üçün əlimizdən gələni edək. Dövlət səviyyəsində şəhid ailələrinin social müdafiəsinin təmin edilməsi üçün lazım olan bütün addımlar atılır. Həm 1990-cı il 20 yanvar faciəsi, həm Birinci, həm də İkinci Qarabağ müharibələrində şəhid olanların ailələri, qazilərimiz dövlətimizin dəstək və qayğısı ilə tam əhatələnib.

 

 

İgidlərimiz Vətən müharibəsində necə ləyaqətlə, mərdliklə iştirak ediblərsə, onların ailə üzvləri də bu gün özlərini çox ləyaqətli, qürurlu aparırlar. Çox yaxşı haldır ki, şəhid ailələri heç kəsdən asılı deyil, gözləri kimlərinsə əlinə, cibinə tikilməyib. Çünki onların arxasında Azərbaycan dövləti dayanır. Şəhdilərimiz və onların ailələri bizim qürur yerimizdir. Şəhid tabutunu şəstlə çiynində daşıyan ana, bacı, həyat yoldaşı, ata, qardaş məhz belə olmalıdır. Qürurlu və vüqarlı. İki oğlunu torpağa tapşıran ata "yenə övladım olsa, yenə də Vətənə fəda olsun" deyirsə, demək ki, biz, həqiqətən də böyük xalqıq.

Şəhid ailələrinin qayğısına qalmaq, onlara hər cür dəstək göstərmək vacibdir. Onların həm hüquqi, həm sosial, həm də psixoloji dəstəyə ehtiyacları vardır. Dövlətin sosial dəstəyinin həssas təbəqə olan şəhid ailələrinə və qazilərimizə düzgün və vaxtında çatdırılmasına hər birimiz yardımçı olmalıyıq. Cənab Prezidentin Sərəncamına əsasən şəhid ailələrinin problemlərinin həlli istiqamətində komissiyalar, “YAŞAT” Fondu yaradılıb. Bu qurumlar şəhid ailələrinin problemləri öyrənilməsi, onların tezliklə həll olunması, şəhidlərimizin övladlarına, vərəsələrinə gələcəkdə dayanıqlı dəstək proqramlarının işlənib hazırlanması istiqamətində yorulmadan çalışırlar. Qazilərimizin sağlamlıqlarını bərpa etməsi və reabilitasiya kurslarının təşkili yönündə də xeyli iş görülür.

Vahid əlaqələndirmə mərkəz kimi “YAŞAT” fondu unikal dövlət qurumudur. Ayrı-ayrı icra qurumlarında şəhid ailələrinin problemlərinin həllilə məşğul olan mərkəzlər bir çox hallarda etimadı doğrulda bilmirdilər, narazılıqlar yaranırdı. “YAŞAT” fondunun yaradılması ilə problemlərin həllinə sistemli, mərkəzləşdirilmiş yanaşma tətbiq olundu.

Eyni zamanda şəhid ailələri və qazilər üçün nəzərdə tutulan Prezident təqaüdünün artırılmasını da xüsusi qeyd etmək lazımdır. Bu, onların sosial müdafiəsinin daha da gücləndirilməsinə yönəlib.

Həm qeyri-hökumət təşkilatları, həm vətəndaş cəmiyyətinin digər institutları həm də sıravi vətəndaşlarımız şəhid ailələrinin, qazilərin problemlərinin həllinə həssas yanaşmalıdırlar. Dövlət Məşğulluq Agentliyi şəhidlərimizin ailə üzvlərinin, müharibə veteranlarının işlə təmin olunmasına, sosial layihələrə cəlb olunmasına diqqət göstərməlidir. Bu gün eşidilən ən çox şikayət məhz şəhid ailə üzvlərinin, xüsusilə də, müharibə veteranlarının uyğun işlə təmin oluna bilməməsilə bağlıdır. Sağlamlıq imkanlarını itirmiş müharibə iştirakçılarına da əlillik diaqnozu düzgün qoyulmalıdır ki, bu sahədə hər hansı narazılıq olmasın.

Yaxşı olardı ki, şəhid ailələri və qazilərimizə cərimə güzəştləri edilsin və vergi güzəştlərinin siyahısı genişləndirilsin. Doğrudur, bu bir sıra hallara sui-istifadə hallarına yol açır, bəzi işbazlar bundan bəhrələnirlər. Amma düzgün mexanizm tətbiq edilməklə bu güzəştləri reallaşdırmaq mümkündür.

Azərbaycan Respublikası Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklərin də mühüm istiqamətlərindən biri sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılmasıdır. Dəyişikliklərə əsasən, Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində sağlamlığını itirmiş və əlilliyi müəyyən edilmiş hərbi qulluqçular üçün yeni vergi güzəştləri müəyyənləşdirilib. Eyni zamanda Vətən müharibəsi iştirakçılarının da banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir gəlir vergisindən azad edilib.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdə şəhid olmuş şəxslərin ailə üzvlərinə və qazilərə verilən maddi yardımın 20 min manatadək olan hissəsinin gəlir vergisindən azad edilməsi nəzərdə tutulur. Məlum olduğu kimi, hədiyyələrin, təhsil və ya müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 1.000 manatadək olan hissəsi gəlir vergisindən azaddır və bu azadolma sosial statusundan asılı olmayaraq maddi yardım alan bütün fiziki şəxslərə tətbiq edilir. Şəhid olmuş şəxslərin ailə üzvlərinə və hərbi əməliyyatlar nəticəsində əlil olmuş hərbi qulluqçulara və mülki şəxslərə dövlət tərəfindən göstərilən diqqət və qayğının davamı kimi, bu kateqoriyaya aid fiziki şəxslərə verilən və məqsədli təyinatından asılı olmayaraq, maddi yardımların 20 min manatadək olan hissəsinin gəlir vergisindən azad edilməsi nəzərdə tutulur.

Gəlir vergisi üzrə digər dəyişiklik ölkə daxilində müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 10 min manatadək olan hissəsinin, xaricdə müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 50 min manatadək olan hissəsinin gəlir vergisindən azad edilməsidir.

Digər dəyişikliyə əsasən şəhid ailəsi üzvlərinin gəlirlərinin vergidən azad edilən hissəsi indiyədək mövcud olan 400 manatdan 800 manata qaldırılıb.

Nəticədə şəhidlərin övladları, valideynləri və həyat yoldaşlarının aylıq gəlirinin 800 manatadək hissəsi gəlir vergisindən tam şəkildə azad olunur.

Qeyd edildiyi kimi şəhid ailələri üçün güzəşt indiyə qədər də mövcud idi, amma yenilikdən sonra şəhid ailəsi üzvlərinin gəlirləri bir qədər də artdı.

Vergi Məcəlləsinin 102.2.5-ci maddəsində əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladları 400 manat məbləğində güzəşt hüququna malikdir. Vergi Məcəlləsinə əlavə edilməsi təklif edilən 102.1-1-ci maddədə isə şəhid ailəsi statusu verilmiş şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində güzəşt nəzərdə tutulur. Şəhid ailəsi statusu verilmiş şəxslərin valideynlərinin də aylıq əmək haqqı gəlirlərinə də güzəşt tətbiq edilir.

Gələcəkdə bu kateqoriyadan olan güzəştlərin siyahısının genişləndirilməsi nəzərdə tutulur. Çünki Azərbaycan dövlətinin şəhid ailələri, müharibə veteranlarına sosial qayğısı daim artırılır Bütün bu güzəştlər Azərbaycan dövlətinin, onun rəhbərliyinin şəhidlərimizin ailə üzvlərinə, yaralı hərbçilərə və bütün müharibə iştirakçılarına diqqətinin bariz nümunəsidir.

Bakı şəhərində və ölkəmizin digər bölgələrində qaçqınlar üçün tikilmiş yeni mənzillərin şəhid ailələrinə verilməsi çox gözəl təşəbbüs oldu. Bu onların ağrılarını az da olsa ovutdu. Hər bir şəhidimiz və onun ailəsi bizim üçün bir Vətən parçasıdır, dəyərdir.

Şəhid ailələri ilə bağlı Prezident fərmanı bu sahədə olan əsas problemləri aradan qaldıracaq

 

Vətən Müharibəsindən sonra dövlətimizin qarşısında duran ən mühüm sosial məsələlərdən biri şəhid ailələrinin və sağlamlığını itirmiş qəhrəman döyüşçülərimizin qayğılarının diqqət mərkəzində saxlanılması, onların sosial vəziyyətinin yaxşılaşdırılmasıdır. Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial siyasətin başlıca istiqamətlərindən biridir. Şəhid ailələri, yaralı hərbçilər və müharibə iştirakçılarına dövlətin bütün sahələrində olduğu kimi, vergi sistemində də bir sıra güzəştlər tətbiq edilir.

Prezident İlham Əliyev 12 iyun 2025-ci il tarixində sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Fərmana əsasən Vətən Müharibəsi Qəhrəmanlarına Prezidentin aylıq təqaüdünün 2000 manatdan 2200 manata, Azərbaycanın Milli Qəhrəmanlarına Prezidentin aylıq təqaüdünün 1800 manatdan 2000 manata, Prezidentin fərdi təqaüdünün 1500 manatdan 1700 manata, uşağın anadan olmasına görə və dəfn üçün birdəfəlik müavinətlərin 500 manatdan 600 manata çatdırılması təmin edilir: “Himayədar ailəyə verilmiş əlilliyi olan uşağa görə aylıq müavinət 0-6 yaş arası uşaq üçün 395 manatdan 500 manata, 7-13 yaş arası uşaq üçün 415 manatdan 600 manata, 14-18 yaş arası uşaq üçün 435 manatdan 650 manata, əlilliyi olan şəxslərə müavinət, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) 270 manatdan 300 manata, 61-80 faiz pozulmasına görə (II dərəcə) 220 manatdan 250 manata, 31-60 faiz pozulmasına görə (III dərəcə) 150 manatdan 180 manata çatdırılır.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev vurğulayıb ki, vətəndaş rifahının təminatı, sosial müdafiə sisteminin gücləndirilməsi Prezident İlham Əliyevin uğurlu siyasətinin əsas istiqamətlərindən biridir. Dövlətimizin başçısının Fərman və Sərəncamları ilə 2018-2025-ci illərdə 4 milyondan çox vətəndaşı əhatə edən 5 sosial islahat paketi icra olunub və bu islahatlar üzrə ayrılan illik əlavə vəsait 7,6 mlrd. manat təşkil edir.

Ölkə Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin əvvəlindən icra olunan sosial islahat paketi çərçivəsində əməkhaqqı və pensiyalarda edilmiş artımlar diqqətə çatdırılıb. Bildirilib ki, yeni Fərmanla müavinət və təqaüdlərin də artırılması təmin edilir.

Belə ki, bu il iyulun 1-dən şəhid ailəsi, 20 Yanvar şəhidinin ailəsi, Əfqanıstanda həlak olan hərbçilərin ailələri üçün Prezidentin aylıq təqaüdü 600 manatdan 700 manata, müharibə, 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirmək və Çernobıl AES-də hərbi xidmət ilə əlaqədar əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) 500 manatdan 600 manata, 61-80 faiz pozulmasına görə (II dərəcə) 400 manatdan 500 manata, 31-60 faiz pozulmasına görə (III dərəcə) 330 manatdan 400 manata çatdırılır.

Yeni Fərmanda həmçinin ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) gözdən əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdünün 300 manatdan 350 manata, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Prezidentin aylıq təqaüdünün 200 manatdan 250 manata çatdırılması nəzərdə tutulub.

Eyni zamanda övladlığa götürülən hər uşağa görə aylıq müavinət 200 manatdan 240 manata, ailə başçısını itirməyə görə aylıq müavinət (hər ailə üzvü üçün) 120 manatdan 140 manata, bir yaşınadək uşağı olan aztəminatlı (ünvanlı yardım alan) ailələrə aylıq müavinət (hər uşağa görə) 100 manatdan 140 manata, beşdən çox uşağı olan qadınlara aylıq müavinət (hər uşağa görə) 105 manatdan 140 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına aylıq müavinət (hər uşağa görə) 120 manatdan 140 manata, valideyn himayəsindən məhrum uşaqların qəyyumları üçün aylıq müavinət 120 manatdan 140 manata çatdırılır.

Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) və əlilliyi olan uşaqlara qulluq edənlərə Prezidentin aylıq təqaüdü də gələn ayın əvvəlindən 100 manatdan 120 manata, “Xalq” fəxri adına görə təqaüdün 200 manatdan 300 manata, “Əməkdar” fəxri adına görə təqaüdün 150 manatdan 200 manata çatdırılır.

Ümumilikdə, bu ilin əvvəlindən icrasına başlanılan sosial islahat paketi 3 milyon insanı əhatə edir və onlara yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin artırılması üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, 2025-ci ildə şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək. (https://sosial.gov.az/media/xeberler/sehid-aileleri-ve-muharibe-elillerine-bu-il-daha-1000-menzil-verilmesi-nezerde-tutulub)

Qeyd olunub ki, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə Vətən müharibəsindən sonra 6,8 min, ümumən ötən dövrdə 16 minədək mənzil təqdim edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu sahədə işlər 2025-ci ildə davam etdiriləcək. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bu il daha 1000 mənzil verilməsi nəzərdə tutulub.

Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 567, ümumən 7,8 min avtomobil verilib və növbədə dayanan bu kateqoriyaya aid şəxslərin avtomobillə təminatı başa çatdırılıb.

Həmçinin 2020–2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri ilə bağlı güzəştlərin müddəti uzadılır.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2030-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirəcək:

- 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər;

Gələcəkdə bu kateqoriyadan olan artımların və güzəştlərin siyahısının genişləndirilməsi nəzərdə tutulur. Çünki Azərbaycan dövlətinin şəhid ailələri, müharibə veteranlarına sosial qayğısı daim artırılır Bütün bu güzəştlər Azərbaycan dövlətinin, onun rəhbərliyinin şəhidlərimizin ailə üzvlərinə, yaralı hərbçilərə və bütün müharibə iştirakçılarına diqqətinin bariz nümunəsidir.

Yazı ”Şəhid ailələrinə maddi və mənəvi dəstək” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Şəhid ailələri, müharibə veteranlarına vətəndaş cəmiyyəti dəstəyi” layihəsi çərçivəsində hazırlanmışdır. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.