Şəhid ailələri üçün yay düşərgələri –Mənəvi dəyərlərin yaşadılması

Azərbaycanda vətən uğurunda canını fəda etmiş vətən övladlarının xatirəsi həm dövlətimiz, həm də xalqımız tərəfindən daim əziz tutulub, onlara dərin ehtiram ifadə olunub. Toy və yas mərasimlərimizdə şəhidlərin yad edilməsi, onların ruhuna duaların oxunması ənənə halını alıb. Şəhidlərimiz xalqımız üçün keçilməz qırmızı xətdir. Onların bizə əmanət qoyub getdiyi ailələri tez-tez ziyarət etdiyimiz ocağa, məkana çevrilib. Orta məktəblərdə tez-tez şəhid valideynlərinin şagirdlərlə görüşlərinin təşkil edilməsi yeniyetmələrdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır. Dövlət və vətəndaş cəmiyyəti institutlarının, özəl sahibkarlıq subyektlərinin şəhid ailələri ilə bağlı müxtəlif layihələr, tədbirlər həyata keçirməsi təqdirəlayiqdir. Şəhid ailələri ilə iş dövlət orqanlarının, QHT-lərin, sahibkarların, millət vəkillərinin fəaliyyətlətlərinin keyfiyyət göstəricisi hesab olunur. Sevindirici haldır ki, bəzi deputatlığa namizədlər seçki kampaniyasına, iş adamları isə biznes fəaliyyətinə məhz şəhid ana və atalarının xeyir-duasını almaqla başlayırlar. Cənab Prezident İlham Əliyev, Birinci vitse-Prezident Mehriban Əliyeva işğaldan azad olunmuş rayonlara səfərləri zamanı mütləq şəhid ailəlıri ilə görüşüb söhbətləşirlər, onların problemləri ilə maraqlanırlar. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tez-tez şəhid övladları üçün müxtəlif kampaniyalar təşkil edir, onların asudə vaxtlarının səmərəli keçirilməsi üçün maraqlı proqramlar həyata keçirir.

Şəhid ailələri üçün gerçəkləşdirilən ən əhəmiyyətli layihələrdən biri də yay düşərgələrinin təşkilidir. Yay düşərgələri imkan verir ki, şəhidlərimizin ailə üzvləri bir-birini daha yaxından tanısınlar, ünsiyyət, əlaqələr yaransın. Yay düşərgələri təkcə dövlət orqanları deyil, özəl sahibkarlıq subyektləri tərəfindən də təşkil edilir.

Məsələn, bu il iyunun 16-da“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, TABİA Group və “Lankaran Springs Wellness Resort” Hotelin birgə tərəfdaşlığı ilə 4-cü “YAŞAT” düşərgəsinə start verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ümumilikdə 500-dən çox şəhid övladını əhatə edəcək 7 düşərgənin həyata keçirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatr tamaşaları, öz sahəsinin peşəkarları, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların qatıldıqları təlimlər, konsultasiyalar keçiriləcək, konsert proqramları təşkil olunacaq.

“Lankaran Springs Wellness Resort” Hotelində baş tutacaq hər bir düşərgə 5 gecə 6 günü əhatə edəcək.

Avqustun sonunadək reallaşdırılacaq düşərgələrdə şəhidlərimizin 10-11, 12-14 , 15-17 yaş kateqoriyasında olan övladları iştirak edəcəklər.

Düşərgənin açılış mərasimində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ müharibəsi qazisi Elvin Hüseynov və digər qonaqlar iştirak ediblər. Onlar uşaqlara düşərgə müddətində həyata keçiriləcək təşəbbüslər barədə məlumat verib və uğurlar arzulayıblar.

 

Düşərgə boyunca uşaqlar sığortalanmış olacaqlar və həkim nəzarəti ilə, həmçinin psixoloqlar tərəfindən müşayiət ediləcəklər. Psixoloqlar tərəfindən terapiyalar, o cümlədən fərdi və kollektiv görüşlər təşkil olunacaq.

Layihənin dəstəkçiləri: Lənkəran Şəhər İcra Hakimiyyəti, “ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi”, “ABAD”, “Badamlı Mineral Suları”, “Sevgiilə” layihəsi, Milla, “Shokki Mokki”, “Happy day cake”, ‘’Libraff’’ kitab mağazaları şəbəkəsi, “Digital Umbrella” şirkəti, “VAVA Constructor”, “Nefertum Perfume”, “innoBala” - Yaradıcı İnkişaf Mərkəzi, SİMART Sağlam İnkişaf Platforması, R Group Holding, Dayaq Xeyriyyə Cəmiyyətidir. (Mənbə: https://yashat.gov.az/media/press-release/1650)

 

Digər belə bir yay düşərgəsi “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu və Qarabağ Universitetinin tərəfdaşlığı ilə təşkil olunub.

2025-ci il 4–6 iyun tarixlərində Xankəndi şəhərində keçirilən “Zəfər Sədası” adlı intellektual yay düşərgəsi “Konstitusiya və Suverenlik İlinə həsr olunub. Bu il orta məktəbi bitirən 27 şəhid övladının iştirak etdiyi layihənin əsas məqsədi onların ali təhsil imkanları ilə tanışlığı, karyera yönümlü inkişafı və Qarabağla mənəvi bağlarının möhkəmləndirilməsi olub.

Onlar səfər zamanı Şuşa şəhərinə - Cıdır düzü, Şuşa qalası, Yuxarı Gövhər Ağa məscidi kimi tarixi abidələrə baş çəkib, Azərbaycanın zəngin mədəni irsi və mübarizə tarixi ilə şəxsən tanış olublar.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov şəhid övladlarını universitetdə qəbul etməkdən qürur duyduqlarını bildirib, bu torpaqlarda həyat və təhsilin məhz şəhidlərin canı və qanı bahasına bərpa olunduğunu vurğulayıb. Daha sonra universitetin fakültələri, ixtisasları və qəbul prosesi barədə təqdimat keçirilib, abituriyentlərin sualları ətraflı cavablandırılıb.

“Zəfər” İctimai Birliyinin sədri Sevinc Orucova bu səfərin təkcə tanıtım xarakteri daşımadığını, həm də gənclərin Qarabağla mənəvi bağlarının möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. (Mənbə: https://qafqazinfo.az/news/detail/xankendide-abituriyent-sehid-ovladlari-ucun-yay-dusergesi-video-473192)

Doğrudan da, şəhidlərimizin ailə üzvlərinin işğaldan azad olunan ərazilərə səfərlərinin davamlı olaraq təşkili olduqca vacibdir. Ailə üzvləri Qarabağ və Şəqri Zəngəzur bölgələrində olduğu zaman baxdıqları hər tərəfdə sanki əziz şəhidinin ruhunu görür, səsini eşidir. Bu cür səfərlər onlara az da olsa, mənəvi təskinlik, ruhi dinclik verir.

Dövlət və özəl qurumların milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin təbliği, yaşadılması istiqamətində birgə uğurlu fəaliyyəti nəticə etibarı ilə ölkədə sosial ədalətin təmin edilməsinə, dövlət-özəl sahibkarlıq-cəmiyyət münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına səbəb olur. Şəhid ailələrinə diqqət və qayğı, dəstək tarixi çox qədimlərə söykənən bir türk ənənəsi olmaqla yanaşı, İslam mədəniyyətinin bir nümunəsidir. Bu ənənəni, mədəniyyəti qoruyub yaşatmaq, gələcək nəsillərə ötürmək hər birimizin borcudur. Şəhid ailəsinə göstərilən dəstək şəhidlərimizə verilən dəyərin göstəricisidir.

Yazı ”Şəhid ailələrinə maddi və mənəvi dəstək” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Şəhid ailələri, müharibə veteranlarına vətəndaş cəmiyyəti dəstəyi” layihəsi çərçivəsində hazırlanmışdır. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.