Qazi və şəhid ailələrinin problemlərinin həlli istiqamətində Azərbaycan Prezidentinin yürütdüyü siyasət, həyata keçirdiyi islahatlar bu gün öz nəticəsini verməkdədir. Xalqımızın qürur mənbəyi olan şəhidlərimiz və onların ailələri, qazilərimiz üçün yaradılan şərait, görülən işlər göz qabağındadır. Müharibədə əlil olmuş və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı Prezidentin sərəncamları bu sahədə olan problemləri tamamilə aradan qaldırdı. 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələrilə bağlı imzalanan sərəncamlar onun təsiri altına düşən şəxslər tərəfindən yüksək qiymətləndirilir. İmzalanan müvafiq sərəncamlarda müharibədə əlil olmuş şəxslərin və şəhid ailələrinin mənzil probleminin həlli qarşıya vəzifə kimi qoyulub. Eyni zamanda Prezident Nazirlər Kabinetinin son müşavirəsində məcburi köçkünlər üçün nəzərdə tutulmuş mənzillərin şəhid ailələrinə veriləcəyi barədə göstəriş verilib. İnşası başa çatan və çatmaqda olan həmin binalar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib ki, həmin inalardakı mənzillər şəhid ailələri və qazilərə verilsin. Bu proses yüksək səviyyədə həyata keçirilib. İcra hakimiyyətlərində mənzil növbəsində duran Çernobl əlilləri, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri 2025-ci ilə qədər mənzillə təmin ediləcəklər. Prezidentin şəhid ailələri, qazilər və bu təbəqədən olan insanlarla bağlı mütəmadi olaraq vacib sərəncamlar imzalaması göstərir ki, dövlətimizin sosial siyasəti kifayət qədər ədalətlidir. Məcburi köçkünlər üçün nəzərdə tutulmuş mənzillərin şəhid ailələrinə, Qarabağ qazilərinə verilməsi barədə Prezidentin göstərişi bir daha onu göstərdi ki, bu təbəqə ölkə başçısının diqqət mərkəzindədir. Bu günə qədər 15 minə yaxın şəhid ailəsi və müharibə əlillərinə mənzil verilib ki, bu da kifayət qədər böyük rəqəmdir. Bütün dövlət orqanlarında çalışanlar, məmurlar Prezidentin şəhid ailələri və qazilərə olan həssas münasibətlərindən nümunə götürməlidirlər. Düşünürəm ki, əgər bütün dövlət qurumları, məmurlar həssas münasibət sərgiləsələr nə şəhid ailələrinin üzvləri, nə də qazilərimiz incik düşməzlər, narazılıq etməzlər.
Təbii ki, şəhid ailələrinin və qazilərin dövlətin və cəmiyyətin diqqət mərkəzində olması labüddür. Axı onlar bu vətənə, torpağa, xalqa görə canlarını qurban veriblər, sağlamlıqlarından olublar. Dövlətin borcudur ki, onun ərazi bütövlüyünü qoruyan, təmin edən insanları, onların ailələrininin təminatını öz üzərinə götürsün, problemlərini həll etsin.
Şəhidlərimizi orta məktəb şagirdlərinə daha geniş formada tanıtmaq üçün işlər görməliyik. Onların həyat yolu, vətən, xalq, dövlət sevgiləri, torpağa bağlılıqları, hünərləri gənc nəsil arasında təbliğ olunmalıdır. Biz şəhid ailələri və qazilərimizin problemlərinin həlli ilə bağlı bu günə qədər görülən işlər, mövcud qanunvericilik bazası ilə kifayətlənməməliyik. İnkişaf etmiş dünya ölkələrinin, xüsusilə də, qardaş Türkiyə dövlətinin təcrübəsini öyrənməli və tətbiq etməliyik. Şəhid övladlarının yüksək səviyyədə təhsil almaları üçün həm Elm və Təhsil Nazirliyi, həm də universitetlər müxtəlif proqramlar hazırlamalı, maksimum güzəştlər tətbiq etməlidirlər. Heç şübhə yoxdur ki, şəhid övladları ataları kimi vətənpərvər, mərd, sağlam ruhlu olacaqlar. Gələcəkdə dövlət qurumlarında, biznes sektorlarında savadlı, peşəkar və vətənpərvər gənclərin təmsil olunması üçün indidən bu kimi addımlar atılmalıdır. Biz onların gələcək həyatlarının firəvanlığını, rahatlığını bu gün təmin etməliyik. Onları dövlətimizin, cəmiyyətimizin əsas sütunları, kadrları kimi yetişdirməliyik. Təbii ki, biz xalq olaraq hər şeyi dövlətdən tələb etməli, gözləməli deyilik. Özümüz də bir vətəndaş, QHT təmsilçisi, journalist kimi şəhid ailələri və qazilərimizin problemlərinə həssas yanaşmalıyıq. Qoy şəhid ailələri hər zaman dövlətimizin, xalqımızın dəstəyini, onların yanında olduqlarını görsün və özlərini tənha, müdafiəsiz hiss etməsinlər.
Fuad Hüseynzadə
Yazı Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Şəhid ailələrinə maddi və mənəvi dəstək" İctimai Birliyi tərəfindən həyata keçirilən "Şəhid ailələrinə dəstək tədbirləri və xidmət" layihəsi çərçivəsində dərc olunur