30 il işğal altında qalan torpaqlarımız 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin əmri ilə qüdrətli Azərbaycan Ordusu tərəfindən azad edildi. Suverenliyimizin bərpası mərd oğullarımızın qanları və canları bahasına başa gəldi. Qəhrəman oğullarımız igidlik, mərdlik və cəsurluq dolu həyat hekayələri ilə xalqımızın qürur mənbəyinə çevrildilər. Onların vətən sevgisi, fədakarlığı, cəsarəti gənc nəsillər üçün əsl nümunədir. Şəhidlərimizin xatirəsini yaşatmaq, onların qəhrəmanlıqlarını gələcək nəsillərə çatdırmaq, ailə üzvlərinin qayğılarına qalmaq, onlara xidmət göstərmək bizim borcumuzdur.
Şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlətin sosial siyasətinin əsasını təşkil edir. Həlak olmuş hərbi qulluqçuların ailələrinə 11 min manat birdəfəlik sığorta ödənişinin verilməsi, yas mərasimlərinin təşkili üçün ailələrə 3 min manat məbləğində maliyyə yardımının göstərilməsi, aylıq olaraq hər şəhid ailəsinə 600 manat məbləğində Prezident təqaüdünün verilməsi, şəhid övladlarının ali təhsil ocaqlarında ödənişli təhsildən azad olunması dövlətin şəhid və qazi ailələrinə qayğısının bariz nümunəsidir. 2021-2025-ci illər ərzində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə şəhid ailələri, müharibə əlilləri və digər həssas qrupa aid olan insanların mənzillə tam təminatının həyata keçirilməsi üçün Dövlət Proqramı təsdiqlənib. Ümumillikdə ötən dövr ərzində 14.800 mənzil və fərdi ev şəhid ailələri və müharibə nəticəsində əlilliyi olan şəxslərə təqdim edilib. Vətən müharibəsindən sonra şəhid ailələri və müharibəylə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlə təminatı proqramı 5 dəfə genişləndirilib.
Bəs şəhid ailələrinə göstərilən tibbi xidmətlərin keyfiyyəti hansı vəziyyətdədir?
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən postmüharibə dövründə 805 qaziyə sosial-psixoloji yardım edilib. Ümumilikdə 11.000 dən artıq şəxsə sosial psixoloji və reabilitasiya xidmətləri göstərilib. Vətən müharibəsində yaralanmış qazilərimizin böyük bir hissəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunub. Prezident İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda yaralanan və şəhid olan hərbçilərin ailələrinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək məqsədilə "YAŞAT" Fondu yaradılıb. Yaradılmasından ötən 3 il ərzində bir çox insan fondun xidmətlərindən yararlanıb. Onlar hərtərəfli qayğı və diqqətlə əhatə olunurlar. Fondun əsas istiqamətlərindən biri də şəhid ailələri və qazilərə tibbi və psixoloji dəstəyin göstərilməsidir. İndiyə qədər təqribən 200 nəfər müalicə məqsədilə Türkiyə Respublikasına göndərilib. Onların müalicəsi uğurla başa çatdırılıb.
Qeyd edək ki, müharibə veteranlarına və şəhid ailələrinə göstərilən psixoloji dəstəyin təkmilləşdirilməsi, tibbi reabilitasiya xidmətlərinin mütəmadiliyinin təmin edilməsi, sahəvi fəaliyyətlərin digər dövlət qurumları ilə koordinasiyalı şəkildə təşkili məqsədilə Səhiyyə Nazirliyində 9109 qısa nömrəli “Çağrı Mərkəzi” fəaliyyət göstərir.
Bildirilib ki, “Çağrı Mərkəzi”nə daxil olan müraciətlərin operativ şəkildə həlli məqsədilə aidiyyəti dövlət qurumları ilə inteqrasiya olunmuş “Müharibə veteranları və şəhid ailələrinə psixoloji yardım və tibbi reabilitasiya üzrə Vahid Nəzarət Platforması” formalaşdırılıb.
9109 “Çağrı Mərkəzinə” müraciətlər həftənin bütün günləri, günün istənilən vaxtında qəbul olunur.
Bundan başqa Vətən müharibəsi zamanı xəsarət almış şəxslərin və şəhid olmuş vətəndaşlarımızın birinci dərəcəli qohumlarının ehtiyac olduğu təqdirdə tibbi xidmətlərdən vaxtında yararlanması, müvafiq dövlət qurumları ilə birlikdə qeyd olunan əhali qrupuna əlaqəli şəkildə və çevik xidmətin göstərilməsi, həmçinin qurumlar arasında əlaqələndirilmənin dinamikasını təmin etmək məqsədiylə TƏBİB-də Həssas əhali qrupları ilə iş departamentinin Müharibə iştirakçıları ilə iş şöbəsi fəaliyyət göstərir.
Respublika Uşaq Sanatoriyasında şəhid ailələri üçün sanator-kurort və bərpa-müalicə xidmətləri təşkil olunub.
Səhiyyə Nazirliyi mütəmadi olaraq şəhidlərin ailə üzvlərinə sanator-kurort və bərpa-müalicə xidmətlərini təşkil edir.
Onlar sanatoriyalarda həkim müayinələrindən keçir və fizioterapiya müalicələri, maqnit terapiyası, elektrostimulyasiya, elektrofarez, fonoforez, müalicəvi bədən tərbiyəsi, inhalyasiya, masaj, Naftalan müalicələrini qəbul edirlər.
Eyni zamanda, istirahətlərini səmərəli və effektiv keçirməkləri üçün şəhid övladlarının müxtəlif növ əyləncə tədbirləri və ekskursiyalar təşkil olunur.
Fəaliyyətin tamlığı və operativliyinin təmin edilməsi məqsədilə TƏBİB tabeliyindəki tibb müəssisəslərində müharibə iştirakçıları və şəhid ailələri ilə iş üzrə 162 nəfər koordinator çalışır.
Koordinatorların əsas vəzifəsi tibb müəssisəsinə müraciət edən müharibə iştirakçıları və şəhid ailə üzvlərinin müraciət istiqamətinə uyğun olaraq növbəsiz şəkildə qeydiyyata alınması, ixtisaslı həkim müayinəsinə aparılması, həkim təyinatı əsasında instrumental və laborator müayinələrdən növbəsiz keçirilməsinin təmin edilməsi, alınacaq tibbi xidmətin dövlət tibb müəssisələrində olmadığı halda müqaviləli özəl tibb müəssisələrinə İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfi çərçivəsində göndərişlə təmin olunmasına dəstək göstərilməsi, şəhid ailələri və əlilliyi olan müharibə iştirakçılarının dərman təminatının aparılması üçün YAŞAT fonduna təqdim olunacaq sənədlərin hazırlanmasına dəstək göstərilməsindən ibarətdir.
Həmçinin koordinatorlar tərəfindən müəyyən vaxt intervalı gözlənilməklə Vətən müharibəsi iştirakçıları və şəhid ailə üzvlərinə mütəmadi zənglər olunması və bu zənglərə əsasən tibbi xidmətə ehtiyacı olanların vaxtında müayinə və müalicə prosedurlarına cəlb olunması təmin edilib.
Koordinatorlar tərəfindən 2023-cü il ərzində Vətən müharibəsində xəsarət alanlara 83515, şəhid ailələrinə 12955 zəng olunmuşdur.
2023-cü il ərzində tibb müəssisəslərində ümumilikdə 12661 Vətən müharibəsi iştirakçısına 441431, 3867 şəhid ailə üzvünə 50527 tibbi xidmət göstərilib. Əlavə olaraq 148 nəfər vətəndaşın müraciəti TƏBİB tərəfindən icra edilib.
TƏBİB-in 815 – Çağrı xidməti şöbəsindən, eləcə də 1542 Çağrı Mərkəzindən daxil olmuş 1827 müraciət və TƏBİB-in vətəndaş qəbuluna müraciət etmiş 54 vətəndaşın müraciəti araşdırılaraq cavablandırılıb.
Post müharibə dövründə 3206 hərbi qulluqçu, şəhid ailəsi üzvü və müharibədən zərər çəkmiş şəxsə psixoloji yardım göstərilib. Psixoloji yardım xidməti ölkə üzrə 8 şəhər və rayonda - Bakı, Sumqayıt, Gəncə, Quba, Şirvan, Ağdam, Şəki və Lənkəran - “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) və Səhiyyə Nazirliyinin tabeliyindəki tibb müəssisələrində yaradılmış psixoloji yardım mərkəzlərində həyata keçirilib. İxtisaslaşdırılmış psixoloji yardım xidmətinin icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olmamasına baxmayaraq, müharibə iştirakçılarının və şəhid ailələrinin psixi sağlamlığının qorunması vacibliyini nəzərə alaraq həmin şəxslərə ödənişsiz şəkildə psixoloji konsultasiya xidməti göstərilib.
YAŞAT fondu tərəfindən Hepatit B və C, onkoloji xəstəliklərdən əziyyət çəkən şəhid ailə üzvü olan vətəndaşların dərman vasitələri ilə təmin olunmaları üçün 109 vətəndaş müraciəti araşdırılıb və müvafiq qaydada yönləndirilib.
Fuad Hüseynzadə
Yazı Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Şəhid ailələrinə maddi və mənəvi dəstək" İctimai Birliyi tərəfindən həyata keçirilən "Şəhid ailələrinə dəstək tədbirləri və xidmət" layihəsi çərçivəsində dərc olunur