Şəhid ailələrinin məşğulluq problemi

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində mümkün oldu. Ölkəmizin ərazi bütövlüyü uğrunda şücaət göstərən qazilərə, şəhidlərimizin ailə üzvlərinə diqqət və qayğı ilə yanaşmaq bütün cəmiyyətimizin borcudur.

Azərbaycanda Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirlməsi istiqamətində ardıcıl işlər aparılır. Doğrudur, Azərbaycanda şəhidlərin ailə üzvlərinin ciddi məşğulluq problemi, demək olar ki, yoxdur. Çünki ölkəmizdə şəhid ailələrinə dövlət tərəfindən bəlli müavinətlər, pensiya və təqaüdlər verilir. Bu da onların zəruri ehtiyaclarının qarşılanmasına kifayət edir. Bununla yanaşı əksər dövlər və özəl qurumlar işəgötürülmə prosesində şəhid ailə üzvlərinə müəyyən kvotalar ayırırlar.

Açıqlanan son statistic məlumata əsasən, möhtəşəm Zəfər əldə etdiyimiz 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 26,2 min şəxsin məşğulluğuna dəstək göstərib.

Onlardan 12,4 min şəxs özünüməşğulluq proqramına cəlb olunub və Agentlik tərəfindən aktivlərlə təmin edilməklə kiçik biznesləri qurulub.

Digərləri münasib iş yerləri ilə təmin edilib, habelə peşə hazırlığı kurslarına cəlb edilib. Kursları bitirən şəxslərin məşğulluğunun təminatı üçün də işlər görülüb. (Mənbə: https://sosial.gov.az/az/media/xeberler/postmuharibe-dovrunde-sehid-ailesi-uzvu-ve-muharibe-istirakcisi-olan-262-min-sexsin-mesgulluguna-destek-gosterilib-7840)

Şəhid ailələrinin mənzillərlə, minik avtomobilləri ilə təminatı, müalicəsi, sosial durumunun yaxşılaşdırılması daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir.

Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, bu insanlar hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar.

Həyata keçirilən sosial proqramlardan biri də onların məşğulluq probleminin həllidir. Aktiv məşğulluq proqramlarında - özünüməşğulluqda, ödənişli ictimai işlərdə bu kateqoriyadan olan insanlara üstünlük verilir. Həmçinin onların məşğulluğunun təmin edilməsi məqsədilə bütün işəgötürənlər üçün məcburi kvota müəyyən edilib. Beləliklə, şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması üçün bu istiqamətdə də mütəmadi iş aparılır.

Prezident İlham Əliyev rayon icra hakimiyyətlərinə başı təyion edərkən onların qarşısında əsas vəzifə kimi şəhid ailələrinin problemlərinə həssas yanaşma məsələsini qoyub: “Vətən müharibəsində qəhrəmanlıq göstərmiş övladlarımızın məşğulluq məsələləri də mənim göstərişimlə öz həllini tapır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sahədə genişmiqyaslı işlər görür - Məşğulluq Marafonu keçirilir. Mənim tərəfimdən sahibkarlara tövsiyə edilib ki, işə qəbulda, ilk növbədə, Vətən müharibəsində fərqlənmiş gənclərimizi nəzərə alsınlar. Əlbəttə ki, dövlət qurumları qarşısında bu vəzifəni mən qoymuşam. Siz də bu amili nəzərə almalısınız ki, öz canını fəda etməyə hazır olan gənclərimiz işlə təmin edilsin. Onların peşə qabiliyyətinin təkmilləşdirilməsi üçün müxtəlif tədbirlər görülməlidir. Yəni biz onları gələcək fəaliyyətə hazırlamalıyıq. Bir daha qeyd etmək istəyirəm ki, kadr məsələlərinin düzgün təşkilində əsas prinsiplər, bax, dediyim iş qabiliyyəti, vətənpərvərlik və dövlətçilik əsasları olmalıdır”.

Dövlətimizin həssas təbəqələrlə apardığı iş kampaniya xarakteri daşımır, bu sosial siyasətimizin əsasını təşkil edir. Postmüharibə dövründə həmin kateqoriyayaya daxil olan vətəndaşlara müxtəlif sahələr üzrə bir sıra xidmətlər göstərilib. Şəhid ailəsi üzvləri olan 7942 şəxsə 15 841 sosial ödəniş, 2515 müharibə iştirakçısına əlillik və sosial ödənişlərin təyinatı həyata keçirilib.

“Şəhid övladlarının anaları ilə birgə səyahət və təlim proqramı”, “Qəhrəmanlarımız üçün yaşıl işıq” sosial-psixoloji dəstək layihələri də dövlət tərəfindən icra olunur.

Məşğulluğun həlli üçün gərəkən addımlar atılır. Sözügedən kateqoriyadan olan insanların kiçik biznesə çıxışına özünüməşğulluq proqramı vasitəsilə şərait yaradılıb. Bu məqsədlə postmüharibə dövründə 6,5 mindən çox şəhid ailəsi üzvü və qazi, erməni terrorundan zərər çəkən şəxs özünüməşğulluq proqramına cəlb edilib. İlkin mərhələdə onlar üçün kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlara malik olmaları məqsədilə təlimlər təşkil olunub. Təlimlərdən sonra isə seçdikləri iqtisadi fəaliyyət növləri üzrə kiçik ailə təsərrüfat və müəssisələrini yaratmaları üçün onlara lazımi mal və materiallar, avadanlıqlar formasında aktivlər təqdim edilib. Ümumilikdə, postmüharibə dövründə qeyd olunan kateqoriyalara aid 10 min şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aktiv məşğulluq proqramları ilə əhatə olunub.

Vətən müharibəsindən sonra səmərəli tədbirlərdən olan “Məşğulluq marafonu” da həyata keçirilir və həmin marafon çərçivəsində şəhid ailəsi üzvlərinin və qazilərin məşğulluğu həyata keçirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən ilin iyun ayında başlanan “Məşğulluq marafonu”na bu günədək 618 işəgötürən qoşularaq 4203 vakansiya təqdim edib. Həmin vakansiyalar üzrə qeyd edilən kateqoriyalara aid 1744 şəxs işlə təmin olunub. Hazırda da vakansiyalar üzrə göndərişlərin verilməsi davam edir. Tədbir “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən də bu istiqamətdə müvafiq addımlar atılır, o cümlədən şəhidlərin ailə üzvlərinin, döyüşlərdə yaralanan və müharibə iştirakçı olan insanların və onların ailə üzvlərinin imkan daxilində mədəniyyət müəssisələrində işlə təmin olunması məsələlərinə baxılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində ötən dövrdə 17 mindən çox şəxs üçün kiçik bizneslər yaradılıb.

 

Özünüməşğulluq proqramının genişləndirilməsində mühüm dəstək olan Layihə əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, aztəminatlı ailələrin üzvləri və digər həssas qruplara aid işsiz şəxslərin istehsal və xidmət sahələri üzrə kiçik biznesə çıxışına imkan yaradır.

 

2020-2025-ci illəri əhatə edən, 22 min işsiz şəxsi əhatə etməsi nəzərdə tutulan Layihənin uğurlu icrasının nəticəsi olaraq, 2025-ci ilin sonunadək 25 mindən çox benefisiarın bu Layihəyə cəlb edilməsi hədəflənir.

 

Layihə iştirakçıları üçün Beynəlxalq Əmək Təşkilatının “Öz biznesini başlat və təkmilləşdir” proqramı üzrə təlimlər də təşkil olunur. Onlara maliyyə savadlılığı, proaktiv sahibkarlıq təfəkkürünün formalaşdırılması, kiçik biznesin təşkili və s. üzrə bilik və bacarıqlar aşılanır.

 

Layihə üzrə kiçik biznesini quraraq uğurla inkişaf etdirən şəxslər bizneslərinin genişləndirmək üçün həvəsləndirmə mükafatları olaraq əlavə dəstəklə də təmin olunurlar.

 

“Məşğulluğa Dəstək Layihəsi” üzrə görülən işlərə beynəlxalq səviyyədə yüksək qiymət verilməsinin təzahürü kimi, bu il Layihə Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidentinin 2024-cü il üzrə mükafatı ilə təltif olunub. (Mənbə: https://dma.gov.az/media/xeberler/mesgulluga-destek-layihesi-uzre-kicik-biznesler-yaradilib)

 

Prezident İlham Əliyevin şəhid ailələri və müharibə veteranlarının sosial problemlərinin həllilə bağlı tapşırıqlarına hər bir dövlət qurumu, sahibkarlar ciddi əməl etməlidirlər.

Yazı ”Şəhid ailələrinə maddi və mənəvi dəstək” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Şəhid ailələri, müharibə veteranlarına vətəndaş cəmiyyəti dəstəyi” layihəsi çərçivəsində hazırlanmışdır. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.