30 il işğal altında qalan torpaqlarımız 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mənfur erməni işğalından azad edildi. Təbii ki, ərazi bütövlüyümüzün təmin edilməsi, üçrəngli bayrağımızın Şuşada, Xankəndidə, Xocalıda dalğalanması qansız-qadasız, itkisin ötüşmədi. Azərbaycan Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də torpaqlarımızın azad olunması üçün çoxlu sayda itkilər, şəhidlər verdi. Qəhrəman oğullarımızın hünərdolu həyat yolu qəhrəmanlıq salnaməsi oldu, Onların vətən sevgisi, fədakarlığı gənc nəsillər üçün əsl örnəkdir. Şəhidlərimizin xatirəsini yaşatmaq, onların qəhrəmanlıqlarını gələcək nəsillərə çatdırmaq, ailələrinin qayğısına qalmaq həm dövlət, həm də vətəndaş olaraq borcumuzdur.
Şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasətinin prioritetidir. Həlak olmuş hərbi qulluqçuların ailələrinə 11 min manat birdəfəlik sığorta ödənişinin verilməsi, yas mərasimlərinin təşkili üçün ailələrə 3 min manat məbləğində maliyyə yardımının göstərilməsi, aylıq olaraq hər şəhid ailəsinə 600 manat məbləğində Prezident təqaüdünün verilməsi, şəhid övladlarının ali təhsil ocaqlarında ödənişli təhsildən azad olunması dövlətin şəhid və qazi ailələrinə qayğısının bariz nümunəsidir. 2021-2025-ci illər ərzində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə şəhid ailələri, müharibə əlilləri və digər həssas qrupa aid olan insanların mənzillə tam təminatının həyata keçirilməsi üçün Dövlət Proqramı təsdiqlənib. Ümumillikdə ötən dövr ərzində 14.800 mənzil və fərdi ev şəhid ailələri və müharibə nəticəsində əlilliyi olan şəxslərə təqdim edilib. Vətən müharibəsindən sonra şəhid ailələri və müharibəylə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlə təminatı proqramı 5 dəfə genişləndirilib. Bakı, Gəncə, Ağstafa, Beyləqan və digər rayonlarda onlar üçün evlər inşa olunub.
Prezident İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda yaralanan və şəhid olan hərbçilərin ailələrinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək məqsədilə "YAŞAT" Fondu yaradılıb. Yaradılmasından ötən 4 il ərzində bir çox insan fondun xidmətlərindən yararlanıb. Onlar hərtərəfli qayğı və diqqətlə əhatə olunurlar. Fondun əsas istiqaməti şəhid ailələri və qazilərin məişət şəraitinin yaxşılaşdırılması, təhsil, peşə hazırlığı, yaradıcı potensialın inkişafı, bu kateqoriyadan olan insanların müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi və istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanmasıdır. Fond tərəfindən bu günə kimi şəhid ailələri və qazilərin rifahının yaxşılaşdırılması üçün 82 milyon 795 min 977 manat vəsait xərclənib.
Biz xalq olaraq da, şəhid ailələrimizin, qazilərimizin problemlərinə həssas yanaşırıq. Xeyirxah insanlarımız şəhidlərimizin ailələrinə təmənnasız kömək etməyi özlərinə mənəvi borc hesab edirlər. Bu günə qədər Yaşat Fondun büdcəsinə 89 milyon 647 min 883 manat toplanması məhz buna misaldır. Fond 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar növbəti hədiyyə karvanı layihəsini reallaşdırıb. 4-cü ildir ki, reallaşdırılan layihə çərçivəsində şəhidlərimizin 14 yaşınadək olan uşaqlarına hədiyyələr paylanır. Ümumillikdə layihə ölkəmizin müxtəlif regionlarında yaşayan 1700 uşağı əhatə edir. Məqsəd şəhidlərimizin bizə əmanət qoyduğu övladlarına sevinc bəxş etməkdir. Qəhrəman şəhidlərimiz qəlbimizdə və tarixin səhifələrində əbədiləşiblər. Onların Vətən sevgisi hər zaman xalqımızın ən qiymətli mənəviyyat, qəhrəmanlıq xəzinəsi olaraq qalacaq.
Təbii ki, biz şəhid ailələrinə olan dəstəyin miqyasını genişləndirməliyik. Bunun üçün hər cür imkanımız vardır. Düşünürəm ki, şəhid övladlarının uğurları mətbuatda geniş təbliğ olunmalıdır. Onların valideyləri, özləri ictimaiyyətə nümunə kimi göstərilməlidir. Dövlət qurumlarımız şəhid ailələrini, qaziləri heç vaxt yaddan çıxarmamalı, keçirilən bütün tədbirlərə onlar dəvət olunmalıdırlar. Büdcə ili ərzində xərcləməyən vəsaitlər şəhid ailələri və qazilərin problemlərinin həllinə yönəlməlidir. Müharibə iştirakçılarının ali təhsil müəssisələrinə qəbulunda güzəştlər tətbiq edilsin.
Ali təhsil almaq istəyən şəhid xanımları imtahansız ali məktəblərə qəbul olunsunlar. Bu siyahını daha da genişləndirmək olar. Bird aha qeyd edirəm ki, Azərbaycan dövlətinin və xalqının şəhid ailələrinin problemlərinin həlli üçün gücü kifayət qədərdir. Onlara diqqət və qayğı bizim həm hüquqi, həm də mənəvi borcumuzdur. Bu gün biz qürurla, ləyaqətlə yaşayırıqsa, şəhidlərimizə, qazilərimizə borcluyuq.
Fuad Hüseynzadə
Yazı Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Şəhid ailələrinə maddi və mənəvi dəstək" İctimai Birliyi tərəfindən həyata keçirilən "Şəhid ailələrinə dəstək tədbirləri və xidmət" layihəsi çərçivəsində dərc olunur