Bu gün xalqımız üçün əlamətdar gündür. Qələbənin 1 illiyini qeyd etməyə hazırlaşırıq. Qələbə təkcə torpaqlarımız işğaldan azad edilməsi deyildi, qürurumuzun özümüzə qaytarılması idi. Bu qələbədə hər bir kəsin payı var. İnsanlar orduya yemək bişirir, corab göndərir, hər cür dəstək verirdi.
Bunu Milli Məclisdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev deyib.
Millət vəkili bildirib ki, bu müharibədə bir nəfərin xüsusi yeri və müstəsna xidməti var:
“Bu da Azərbaycan Prezidenti İlham Əliyevdir. Biz 44 günlük müharibəyə başlamazdan əvvəl İlham Əliyev düşməni dipomatik meydanda məğub etmişdi. Rusiya, eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunan dövlətlərlə görülən işlər var.
İlham Əliyev vaxtı və zamanı gözlədi. Əlbəttə, ona müəyyən ictimai təzyiqlər vardı. Amma Orduya əmr verməyin vaxtını İlham Əliyev çox yaxşı bilirdi. İlham Əliyevə basqı olanda ki, müharibəyə başlamaq lazımdır, o, diplomatik sahədə gördüyü vacib işlərlə bərabər Ordumuzu gücləndirirdi. Elə 44 günlük müharibə zamanı da müşahidə etdik ki, Prezidentə basqı vardı. Prezident digər dövlət başçıları ilə danışıqlarda qeyd edirdi ki, düşmən ərazimizdən çıxmayana qədər sülh ola bilməz. Prezidentin hətta müsahibələrdə bəzi sırtıq suallara necə səbirlə cavab verdiyini gördük. Əlbəttə, burada Mehriban xanımın fəaliyyəti də qeyd edilməlidir. Xalqımız artıq başını dik tutub dünya xalqları arasına çıxa bilər”.
Deputat daha sonra təklif edib ki, şəhidlərimizi başqa formada yad edək:
“Onlar gənclər idi, özlərini gələcək üçün, millətimiz üçün qurban verdilər. Biz onları sükutla deyil, alqışla yad etməliyik”.