Azərbaycan Birinci Qarabağ savaşında 11 557 şəhid verib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən başladılan və 10 noyabr 2020-ci ildə Azərbaycan tərəfinin qələbəsi ilə başa çatmış İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin 2907 nəfər hərbi qulluqçusu həlak olub. Onlardan 408 nəfəri zabit, 279 nəfəri gizir, 263 nəfər çavuş, 1962 nəfəri isə əsgər idi.
1988-2024-cü illər ərzində 3493 nəfəri mülki, 15 min 357 nəfəri hərbi qulluqçu olmaqla, ümumilikdə 18 min 850 şəxs Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində qətlə yetirilib. Həmçinin 4435 nəfəri mülki, 51 min 803 nəfəri hərbi qulluqçu olmaqla, ümumilikdə 56 min 268 şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə qəsdən öldürülmələrinə cəhd edilib. (mənbə: https://qht.az/details/az/40512)
Göründüyü kimi, rəqəmlər kifayət qədər böyükdür. Bu da o deməkdir ki, Azərbaycanda 18 min 850-ə yaxın şəhid ailəsi var.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, əlillərə və müharibə veteranlarına yüksək diqqət və qayğının göstərilməsi dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biri olub. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və nəzarətində olan şəhid ailələrinin sosial problemlərinin həlli ilə bağlı ən ali səviyyədə müvafiq göstərişlər verilir və mühüm tədbirlər həyata keçirilir.
Şəhid ailələrinə edilən güzəşt və imtiyaz prosedurları “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunla tənzimlənir.
Aparılan məqsədyönlü tədbirlər nəticəsində, demək olar ki, bütün şəhid ailələrinin mənzil probleminin həlli başa çatmaq üzrədir. 2025-ci ildə bu prosesin tamamlanması gözlənilir.
Şəhid ailələri və müharibə əlillərinin ev və avtomobil təminatı ardıcıl şəkildə, sürətlə davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bildirib ki, tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin göstərişinə əsasən, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişləndirilib. Postmüharibə dövründə bu kateqoriyalardan olan vətəndaşlara 6 min 800, ümumilikdə isə ötən dövrdə 16 minədək mənzil verilib. Həmçinin Vətən müharibəsindən sonra agentlik tərəfindən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 567, ümumilikdə isə ötən dövrdə 7 min 800 avtomobil təqdim edilib.
2020-2025-ci illər ərzində şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, əlilliyi olan digər şəxslər də daxil olmaqla, 13 min 600 imtiyazlı şəxs yollayışla təmin edilərək sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib. Onlardan 1200 nəfərə qədəri şəhid ailələrinin üzvləridir. (mənbə: https://azertag.az/xeber/idare_heyetinin_sedri_sehid_aileleri_ve_muharibe_ile_elaqedar_elilliyi_olan_sexslerin_menzille_teminati_proqrami_5_defe_genislendirilib-3634211)
Prezident İlham Əliyevin 2025-ci il iyunun 12-də imzaladığı sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Fərmanına əsasən şəhid ailələri üçün aylıq müavinət 2025-ci il iyulun 1-dən 700 manat həddində müəyyən olunub.
Fərmanla şəhid ailəsi, 20 Yanvar şəhidinin ailəsi, eləcə də Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə iyulun 1-dən ayda 700 manat müavinət veriləcək.
Xatırladaq ki, sözügedən müavinətin məbləği 2023-cü il yanvarın 1-dən 600 manat müəyyən edilmişdi. (Mənbə: https://oxu.az/cemiyyet/sehid-aileleri-ucun-verilen-muavinetin-meblegi-artir)
Azərbaycan Ordusu şəhidlərimizin qisasını döyüş meydanında düşməndən alıb. Azərbaycan dövləti və Ordusu 2020-ci ilin sentyabrında müharibəyə başladı və 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi. Müharibəyə könüllü yazılan və döyüşə gedən gənclərimiz həm də şəhidlərimizin qisasını almaq üçün əlinə silah götürmüşdü.
Bu gün Azərbaycan dövləti həm işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işləri həyata keçirir, yeni kəndlər, qəsəbələr, şəhərlər salır. Rayonlarımız demək olar ki, sıfrdan qurulur. Həm də şəhid ailələri, yaralı hərbçilər və müharibə veteranlarının sosial problemlərinin həlli istiqamətində tədbirlər görür. Dövlətimizin iqtisadi gücü, artan gəlirləri, Prezident İlham Əliyevin siyasi iradəsi, milli maraqlara söykənən sosial siyasəti imkan verir ki, biz şəhid ailələrinin hər bir probleminə həssas yanaşaq, onları həll edək. Dünyanın heç bir ölkəsində Azərbaycanda olduğu qədər şəhid ailəsi, müharibə əlili və müharibə iştirakçılarına yüksək səviyyədə qayğı göstərilmir. Şəhid ailələri həm dövlətin, həm də xalqımızın onlara göstərdiyi münasibətdən, dəstəkdən razıdırlar. Milli və mənəvi dəyərləri hər şeydən uca tutan, dünya maında gözü olmayan şəhid ailələri heç vaxt maddiyat, şəxsi təminat davası aparmayıblar. Qürurlu Azərbaycan qadınları, şəhid anaları, xanımları və bacıları ləyaqət nümunəsi ortaya qoydularr. Odur ki, xalqımız və dövlətimiz öz şəhidinin adını hər şeydən uca tutur, şəhid ailələrin dərin ehtiram, hörmət bəsləyir. Şəhid ailələrimizin əsas təsəllisi onların övladlarının qisasının alınması və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır.
Şəhidlik ən uca məqamdır. Torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmaq böyük şərəf və qürurdur. Şəhidlərimizin bizə əmanət qoyduqları ailələrinə diqqət və qayğı hər kəsin mənəvi borcudur. Şəhidlər xiyabanını və şəhid ailələrini ziyarət etməklə biz vətənə və onun qəhrəman övladlarına olan münasibətimizi sərgiləmiş oluruq.
Şəhidlərimizin əziz xatirəsi hər zaman qəlbimizdə yaşayır. Azərbaycan xalqı var olduqca, əziz şəhidlərimiz də ürəklərdə yaşayacaq!
Yazı ”Şəhid ailələrinə maddi və mənəvi dəstək” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Şəhid ailələri, müharibə veteranlarına vətəndaş cəmiyyəti dəstəyi” layihəsi çərçivəsində hazırlanmışdır. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.