Səhiyyə Nazirliyində Qlobal Fondun Portfolio meneceri ilə görüş keçirilib - FOTO

Azərbaycan Səhiyyə Nazirliyində Qlobal Fondun Portfolio meneceri Olqa Avdeyeva ilə görüş keçirilib.

Sabahinfo.az xəbər verir ki, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycanın Qlobal Fondla əməkdaşlığa önəm verdiyini qeyd edib: “Səhiyyə Nazirliyinin Qlobal Fondun missiyaları ilə mütəmadi keçirilən görüşləri mövcud əlaqələrin daha da inkişafına böyük dəstək verir”.

Nazirin sözlərinə görə, QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondu 20 ilə yaxın müddət ərzində Azərbaycanda vərəm əleyhinə fəaliyyətin dəstəklənməsində yaxından iştirak edir. Hazırda Azərbaycanda Qlobal Fondun layihələri davamlı olaraq həyata keçirilir və ölkəmizin vərəmlə mübarizəsinə böyük töhfədir.

Teymur Musayev, həmçinin ötən ilin mart ayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırılmasını xatırladıb: “Malyariya ilə mübarizədə uğur, həm də ÜST-nin aparıcı mövqe tutduğu tərəfdaşların uzun illər hərtərəfli dəstəyi sayəsində mümkün olub”.

Sonda Teymur Musayev Azərbaycan Səhiyyə Nazirliyi ilə Qlobal Fond arasında səmərəli əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyini qeyd edib.

Öz növbəsində Olqa Avdeyeva Qlobal Fondun Azərbaycan Səhiyyə Nazirliyi ilə birgə bir sıra mühüm layihələrin icra olunduğunu vurğulayıb.

Azərbaycanın “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırılmasını yüksək qiymətləndirən Qlobal Fondun Portfolio meneceri bu nailiyyətin səhiyyə işçilərinin davamlı fədakarlığı, həmçinin malyariya hallarının məqsədyönlü şəkildə qarşısının alınması, erkən aşkarlanması və müalicəsi sayəsində mümkün olduğunu bildirib.

Görüşdə həmçinin əməkdaşlığın mövcud vəziyyəti, potensial inkişaf imkanları və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.