Səlahiyyətli dəllal, yoxsa dələduz?

Hər zaman məmur, dövlət qulluqçusu, səlahiyyət nümayəndəsi və ya qurum rəhbəri  haqqında yazanda elə ifadələr seçməyə  çalışıram həm pafosdan, həm də aşırı kəskin ifadələrdən uzaq olsun. Amma bəzən bu mümkünsüzdür. Çünki dələduzluğun,  vəzifə səlahiyyətlərini aşmanın, rüşvətxorluğun nə ikinci adı, nə də digər yumşaldıcı ifadəsi var!
Uzun illərdir ki, 44 günlük müharibənin iştirakçısı, Suqovuşan, Kəlbəcər, Laçın istiqamətində ağır döyüş yolu keçmiş Vüsal Yusifovun atası dediyinə görə digər sakinlər kimi  yaşadığı Binəqədi rayonu Zahid Qənbərov küçəsində yerləşən 9 saylı   yataqxanadakı 318 saylı otağa order verilməsi üçün 72 saylı MKİS-ə müraciəti zamanı bu işlərlə  yalnız Nərimanov rayonunda yerləşən MKTB-də çalışan Qoşqar İmanovun məşğul olduğu bildirilir. Yaşar Yusifov Qoşqar İmanovla görüşdə sənədin verilməsi və otağın özəlləşdirilməsi müqabilində ondan 5000 manat tələb olunur. Bu qədər məbləğə gücü çatmadığını bildirəndə Qoşqar imanov ondan 1500 azn gətirib orderi götürməsini,  qalan məbləği isə çatdırdıqdan sonra otağın onun adına özəlləşdirəcəyinə söz verib.  08.09.1997-ci il tarixindən deyilən məbləği düzəldə bilməyən Yaşar Yusifov ikinci Qarabağ döyüşlərindən sonra ölkə başçısının şəhid və qazi ailələrinin təminatıyla bağlı göstərişindən sonra Yusifov uzun illərdir orderini aldığı otağın özəlləşdirilməsilə bağlı müvafiq qurumlara müraciət edir. Lakin Bakı şəhəri İcra Hakimiyyəti Mənzil -  Kommunal Təsərrüfatı Departamentindən verilən cavab onun  Qoşqar İmanov tərəfindən aldadılaraq saxta order verilməsi məsələsini aşkara çıxarır. Çünki cavabda:" 318 saylı otağa dair orderin verilməsi müəyyən olunmamışdır"- yazılırdı. 
 Yaşar Yusifov Qoşqar İmanovla əlaqə saxlasa da qarşı tərəf əvvəlcə onu təhdid etmiş və dediklərinin heç bir sübutu olmadığını bildirmişdir.  Sonradan İmanov Yaşar Yusifovun yuxarı instansiyalara, o cümlədən işin araşdırılması üçün korrupsiya idarəsinə müraciət edəcəyindən ehtiyat edib, yalvar-yaxar edərək məsələni həll edəcəyinə söz verib. Aradan xeyli vaxt keçsə də vədinə naxələf çıxan məmurla əlaqə saxlayan qazi atasına artıq sənədlərin Bakı Şəhər İcra Hakimiyyətiin Mənzil-Kommunal Təsərrüfatı birliyinin rəisi Rafael Mehrəliyevin masasının üstündə olduğu  amma qarşı tərəfdən də Asan  Xidmətdən müəyyən sənədin çatdırılmasının vacibliyini bildirib. 
   İnanılması çətin olsa da güman edək ki  bu sənədlərlə də məsələ öz həllini tapacaq, əks halda araşdırılması vacib olan daha neçə bağlı məsələlərin öz həllini tapması və hüquqi qiymət verilməsi üçün ünvanımız aidiyyəti qurumlaradır.

Jurnalist Aida Bayramova