Şərəfli və məsuliyyətli ömür yolu

“Azərbaycan qadınları xalqımızın adət-ənənələrini, mədəniyyətini, elmini, intellektual potensialını yüksək səviyyədə təmsil etmişlər və bu, indi də belədir. Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır”. Bu sözlər Ulu Öndərimiz Heydər Əliyevə məxsusdur. Dahi şəxsiyyətin bu dəyərli fikri müstəqil Azərbaycanın həyatında qadınların roluna dövlət səviyyəsində verilən yüksək qiyməti əks etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qadınların cəmiyyətin inkişafındakı rolunu qiymətləndirərək qeyd edir ki, “Tariximizin hər bir dövründə qadınlarımız cəmiyyətin sarsılmaz mənəvi dayağı olmuş, ölkəmizin bugünkü simasının müəyyənləşməsi üçün böyük fədakarlıqlar göstərmişlər.” Həqiqətən də, Azərbaycan qadını bütün tarixi dövrlərdə fəal iştirak edərək, cəmiyyətimizin inkişaf etməsinə öz töhfələrini vermişlər. Bu baxımdan müasir dövrdə ölkəmizin Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün həm ictimai- siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına örnəkdir.
Hələ 1995-ci ildə “Azərbaycan Mədəniyyətinin Dostları” Fonduna rəhbərlik edən Mehriban xanım Əliyeva Birinci Qarabağ müharibəsi, daxili siyasi xaos, müstəqilliyin ilk çətin illəri və Azərbaycanın düşmənlərinin intriqaları nəticəsində düşdüyü təcrid vəziyyətində mədəniyyətimizin, erməni işğalının, Ermənistanın azərbaycanlılara qarşı edilən soyqırımı bütün dünyaya çatdırır, beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycana yönəltməyə çalışırdı.
2005-2017-ci illərdə Milli Məclisin deputatı olmuş Mehriban Əliyevanın Azərbaycanda parlamentarizm ənənələrinin inkişafında mühüm xidmətləri var. Mehriban Əliyeva parlamentin bir çox mühüm qərarlarının: məhkumlara amnistiya, qadın və uşaq hüquqlarının müdafiəsini təmin edən qanunların, milli adət-ənənələrin və ailə prinsiplərinin təşəbbüskarı olub. Onun rəhbəri olduğu parlamentlərarası dostluq qrupları Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafında əvəzsiz rola malikdir.
2016-cı ildə Azərbaycanda referendum keçirilərək Konstitusiyaya bir sıra mühüm dəyişikliklər olundu. Bu, ölkədə yeni islahatlarının keçirilməsi istiqamətində atılan mühüm addım idi. Dövrün yeni tələblərinə uyğun dəyişikliklərin tərkib hissəsi kimi Vitse-prezident institutunun təsis olunması dövlət idarəçiliyi sahəsində növbəti uğurlu mərhələnin başlanğıcına çevrildi. 2017-ci ildə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın Respublikanın Birinci vitse-prezidenti təyin edilməsi isə sanki hər bir vətəndaşın seçimi oldu. Mehriban xanım Yeni Azərbaycan Partiyasının sədr müavini kimi partiyamızın yeni dövr üçün prioritetlərinin müəyyən edilməsində və fəaliyyət göstərməsində öz layiqli töhfəsini verir.
O, həm vətəndaş, həm dövlət xadim kimi Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayır, ölkəmizin inkişafı üçün səylərini əsirgəmir. “ Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam.” - bu fikirlər Mehriban xanımın həyat fəlsəfəsinin əsasını təşkil edir. Onun bütün layihələrinin mərkəzində - İnsan dayanır. Minlərlə insana, xüsusi ilə uşaq və qadınlara sağlamlığını və ümidini qaytarır. Azərbaycan ailəsinin problemlərini həmişə diqqət mərkəzində saxlayır, ölkədə ailə, qadın və uşaq problemlərinin həllinə böyük dəstək verir. O, ölkədə gender bərabərsizliyinin, qadınlara qarşı bütün zorakılıqların, ənənəvi ailə dəyərlərinə zidd olan stereotiplərin aradan qaldırılmasına xüsusi diqqət yetirir. Mehriban xanım eyni zamanda, valideyn qayğısından və himayəsindən məhrum olmuş, eləcə də, sağlamlıq imkanları məhdud uşaqlarla bağlı hər bir problemə həssaslıqla yanaşır, onları qayğı ilə əhatə edir. Onun şəxsi dəstəyi və köməyi nəticəsində reallaşan genişmiqyaslı tədbirlər ana və uşaq ölümünün qarşısının alınması, hemofiliya, talassemiya və şəkərli diabet xəstəliklərinin azalması istiqamətində profilaktik və müalicəvi işlərin aparılmasına müsbət təsir göstərir. Bir məsələni də unutmaq olmaz ki, Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu daha bir stereotipi qırdı. Fərqli uşaqları- daun sindromlu, Autizm spektr pozuntulu və digər xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün mərkəzlər, xüsusi və qarışıq tipli mərkəzlər açdı. Uzun illər idi ki, belə uşaqlar cəmiyyətdən təcrid olunmuşdu. Ancaq Mehriban xanımın sayəsində həmin uşaqlar inkişaf edir, bacarıqlar əldə edir, təhsil alır, əylənir- bir sözlə cəmiyyətə inteqrasiya edir. Bu, onların valideynləri və ailələri üçün inanılmazdır.
Fondun xətti ilə yüzlərlə məktəb, onlarla xəstəxana, uşaq evləri və internat məktəbləri tikilib, minlərlə şəhid ailəsi və müharibə veteranı yeni rahat mənzillərə köçmüşdür. Mehriban xanımın müstəqil dövlətimizin möhkəmlənməsi yolunda apardığı ideoloji mübarizə öz bəhrəsini verməkdədir. Heydər Əliyev Fondu, onun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın, eləcə də fondun vitse- prezidenti Leyla Əliyevanın Azərbaycanın ən ağrılı problemi olan Qarabağ münaqişəsinin, azərbaycanlılara qarşı edilən genosidin dünyaya yayılmasında və təbliğ olunmasında rolu böyükdür. “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Azərbaycan həqiqətlərinin dünya dövlətləri tərəfindən tanıdılmasında aparılan işlər xüsusi əhəmiyyət daşıyır. O, Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu dünya arenasında böyük fədakarlıqla, uğurla təbliğ edir. Qədim ənənələrimizlə bağlı olan multikultural dəyərləri, tolerantlığı başqa ölkələrdə əməli işləri ilə nümayiş etdirir.
Azərbaycanın Birinci vitse-prezidenti sivilizasiyaların qlobal dialoquna həqiqətən müstəsna töhfə verir. Mehriban xanım Qərbdə Şərqin qeyri-rəsmi elçisidir. Eyni zamanda, klassik Qərb dəyərlərinin “vətəni” olan Avropanı Asiyada və öz vətənində təmsil edir. Vatikanın tarixində ilk dəfədir ki, müqəddəs xristian abidələrinin bərpasına müsəlman ölkəsində fəaliyyət göstərən bir təşkilat kömək edir. Azərbaycanın özündə Mehriban xanımın təşəbbüsü ilə katolik və pravoslav kilsələri, sinaqoq, eyni zamanda, məscidlər tikilir və ya əsaslı bərpa olunur.
Mehriban xanım əsl liderlik keyfiyyətlərinə malikdir. O, humanizmi, mərhəməti güclü siyasi iradə və yüksək təşkilatçılıq qabiliyyətini birləşdirməyi bacarır. Mehriban xanım düzgün komanda yaratmaq xüsusiyyətinə malikdir. Hər bir şəxsi dəyərləndirərək onun bacarığını istiqamətləndirir. Mehriban xanım hər zaman prioritetlərini zamana görə müəyyənləşdirir, kiçik komandasının səylərini bu prioritet vəzifələrin həllinə yönəldə bilir. Hazırda erməni işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda Prezident İlham Əliyevlə bərabər Mehriban xanımın da başçılıq etdiyi Böyük Qayıdış Planı həyata keçirilir, bərpa-tikinti işləri, nəhəng quruculuq layihələri həyata keçirilir. Hamımız bir-birinin ardınca həyəcan və qürur hissi ilə, qısa müddətdə qədim tarixi-dini abidələrin, mədəniyyət mərkəzlərinin, kənd və şəhərlərin dirçəldilməsini izləyirlər.
Mehriban xanımın bütün fəaliyyəti Vətənə xidmət nümunəsidir. Onun bütün həyatı bir əsas məqsədə - Azərbaycan xalqının müstəqilliyi, inkişafı və firavanlığına həsr olunub ! Biz ona uzun ömür, can sağlığı və məsuliyyətli, lakin şərəfli fəaliyyətində böyük uğurlar arzulayırıq!

Hicran Hüseynova
VI çağırış Milli Məclisin Ailə, qadın və uşaq
məsələləri komitəsinin sədri,
siyasi elmlər doktoru, professor Hicran Hüseynova