Brüsseldə baş tutmuş son görüşdən və hər iki tərəfin uğurlu hesab etdiyi danışıalardan sonra Ermənistan-Azərbaycan sərhəd zolağında baş verən silahlı incident heç də birmənalı görünmür. Danışıqlar zamanı müzakirə olunmuş mövzularla bağlı razılığa gəlinmiş məsələlər əslində bu cür insidentləri istisna etməli idi. Lakin reallıqda biz bunun əksini görürük. Bunu necə izah etmək olar?
Bir ehtimal ondan ibarət ola bilər ki, Paşinyan danışıqlar zamanı əsaslı əks-arqumentləri olmadığından Azərbaycan tərəfinin irəli sürdüyü və Şarl Mişelin timsalında Avropa Birliyi tərəfindən də dəstəklənən təklifləri qəbul etməyə məcbur olur və hətta bu barədə bəyanat da səsləndirir. Ermənistana qayıtdıqdan sonra isə müxtəlif təxribatlar yolu ilə əldə olunmuş razılaşmalardan boyun qaçırmağa çalışır və Ermənistan hərbiçiləri də hakimiyyətlə razılaşdırılmış şəkildə sərhəd bölgəsində təxribatlar törədir. Bu kimi hallarla Koçaryan və Sarqsyanın hakimiyyəti illərində tez-tez rastlaşırdıq. Ona görə də bu ehtimalı istisna etmək doğru olmazdı.
Lakin digər bir ehtimal da var. Bu da Ermənistan hakimiyyətinin daxilində və ya baş nazirlə ordu rəhbərliyi arasında Brüsseldə əldə olunmuş razılaşmalarla bağlı fikir ayrılığı ilə bağlı ola bilər. Əgər belədirsə, o zaman ehtimal etmək olar ki, Paşinyan öz tərəfdarları ilə birlikdə iki ölkə arasında münasibətlərin normallaşdırılması zərurətini anlayır və buna görə də Brüsseldə keçirilən görüşlərdə praqmatik mövqe nümayiş etdirir. Paşinyanın siyasi xəttini dəstəkləməyən və hələ də orduda öz tərəfdarları olan digər siyasi qüvvələr isə mümkün olan təmas nöqtələrində gərginlik yaratmaqla Sülh müqaviləsinin hazırlanmasına yol verməməyə çalışırlar.
Düşünürəm ki, Ermənistan və Azərbaycan arasında müvafiq sənədlər imzalanmaqla münasibətlər normallaşana qədər belə təxribatlar vaxtaşırı olaraq baş verəcək. lakin Ermənistanda hansı qüvvələr tərəfindən törədilməsinə baxmayaraq bu cür təxribatlar heç də Ermənistanın vəziyyətini yüngülləşdirmir, əksinə onlar üçün daha ağır nəticələrə gətirib çıxara bilər.