Azərbaycan dünya ölkələri, beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da genişlənirməklə beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə möhkəmləndirir. Cənubi Qafqazın lider dövləri olan Azərbaycan regionda da söz sahibidir. Bunların kökündə siyasi sabitlik, iqtisadi inkişaf, hərbi güc, mədəni əlaqələr dayanır. Bakının beynəlxalq müstəvidə etibarlı tərəfdaşlığının məntiqi nəticəsi olaraq ikitərəfli və çoxtərəfli münasibətlər xarici siyasətimizin əsasını təşkil edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 iyul 2024-cü il tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən “ŞƏT plyus” formatında görüşdə iştirakı və çıxışı da məhz bu konteksdən dəyərləndirilməlidir.
Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Qazaxıstan ilə Azərbaycan arasında əlaqələr son illər sürətlə inkişaf edir. Qazaxıstan tərəfindən Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısına dəvət olunması ölkələrimiz arasındakı qardaşlıq münasibətinin təzahürüdür.
“ŞƏT plyus” formatında keçirilmiş görüş dövlətlərarası münasibətlərdə mühüm əhəmiyyətə malikdir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Qeyd edək ki, ŞƏT-ə üzv dövlətlərlə görüşlər çərçivəsində qarşılıqlı fəaliyyətin möhkəmlənməsi istiqamətində bütün nailiyyətlər ətraflı təhlil edilir, eləcə də bütün sahələrdə - beynəlxalq platformalarda birgə fəaliyyətdən, beynəlxalq təşkilatlarda üzvlük çərçivəsində qarşılıqlı fəaliyyətinin möhkəmlənməsindən başlayaraq, energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlərədək ölkələr arasında münasibətlərin gələcək inkişaf yolları müzakirə olunur. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək fürsəti verir.
Ölkə başçısı cənab İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxışı zamanı həmçinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etməsindən və Ermənistanın otuzillik işğalına son qoymasından bəhs edərək, bütün bunların beynəlxalq hüquq və tarixi ədalətin bərpası kimi qiymətləndirilməli olduğunu diqqətə çatdırdı. Azərbaycan Ermənistanın otuzillik işğalına son qoymaqla BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalmış 4 qətnaməsini icra etdi.
Ölkə Prezidenti cənab İlham Əliyev çıxışında Azərbaycanın bu il COP29-a ev sahibliyi etməsinin əhəmiyyətini də vurğulayaraq qeyd etdi ki, təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək. Bakı COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərini əsirgəməyək.
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın əsas istiqamətini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Bundan başqa, Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətindədir.
Qeyd edək ki, beynəlxalq aləmdə artan qütbləşmə, bloklaşma və bunun yaratdığı böhran fonunda Qazaxıstanın ŞƏT-də sədrliyi yeni çağırışlar qarşısında bu təşkilatı xarici təsirlərdən qorumaq və daha da gücləndirmək missiyasını da daşıyır. ŞƏT-in tarixi əhəmiyyətli Astana Bəyannaməsinin qəbulu və 30-dan çox sənədin imzalanması üzv dövlətlərə böyük perspektivlər vəd edir. Əminliklə demək olar ki, Türk ailəsinin üzvü olan Qazaxıstan dünyanın diplomatik paytaxtına çevrilməkdədir. Bu da bütün türk dilli dövlətlərin, o cümlədən Azərbaycanın maraqlarına cavab verir.
Bir daha qeyd edək ki, Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə dəvət alması, həmin tədbirlərdə fəal iştirakı ölkəmizin beynəlxalq aləmdə artan imicinin ifadəsidir. Sıralarında Çin, Rusiya, Pakistan, Hindistan, İran və Orta Asiya ölkələrini birləşdirən belə mühüm beynəlxalq platformada Azərbaycanın iştirakı ölkəmizin daha geniş platformalarda söz sahibi olmasına imkan verir.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı