“Türkiyə güclü zəlzələlər dövrünə qədəm qoyur, bununla əlaqədar olaraq İstanbul artıq gələcək dağıntıların nəticələrini azaltmağa hazırlaşmalıdır”.
Bunu Türkiyənin aparıcı seysmoloqu Naci Görür deyib.
“Bu barədə zarafat etmirəm, çünki növbəti dövrün necə olacağı bəllidir. Biz elə bir mərhələdə yaşayırıq ki, güclü zəlzələlərin baş verəcəyi dövrə qədəm qoyuruq”, - o bildirib.
Xatırladaq ki, avqustun 12-də Türkiyənin şərqində 4,8 bal gücündə zəlzələ, eləcə də digər yeraltı təkanlar barədə məlumat verilib. Həmin gün Türkiyənin cənubunda yerləşən Adana vilayətində 3,7 bal gücündə zəlzələ baş verib.
Bundan əvvəl, avqustun 10-da Türkiyənin şərqindəki Malatya şəhəri yaxınlığında zəlzələ olub. Yeraltı təkanlar nəticəsində 22 nəfər xəsarət alıb.
Fevralın əvvəlində ölkənin cənub-şərqində, Türkiyənin Suriya sərhədinə yaxın Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə dağıdıcı zəlzələlər baş verib. Faciə nəticəsində 50 mindən çox insan həlak olub.