Şirvan şəhər Heydər Əliyev Mərkəzində AYB və AJB-nin üzvü, Prezident təqaüdçüsü, Mətbuat Şurasının üzvü, H.Zərdabi mükafatçısı, uşaqların sevimli yazıçısı Gülzar İbrahimovanın oxucularla görüşü keçirilib.
Görüş Şirvan şəhər Mərkəzi Kitabxanası, Şirvan şəhər Heydər Əliyev Mərkəzi, Şirvan Uşaq Musiqi Məktəbi, Şirvan Rəsm Qalereyası, Mədəniyyət Mərkəzi və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Şirvan şəhəri üzrə ümumtəhsil məktəblərinin birgə təşkilatçılığı ilə baş tutub.
“Gülzar nənənin sehrli dünyası” adı altında keçirilən tədbirdə uşaq və yeniyetmələr, uşaq bağçasının fidan balaları və ictimaiyyətin fəal nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə Şirvan şəhəri üzrə Mədəniyyət nümayəndəsi Kəmalə Quliyeva açaraq qonaqları salamladı, Gülzar İbrahimovaya yazdığı gözəl əsərlərə görə minnətdarlıq bildirib, yeni yaradıcılıq uğurları arzuladı.
uşaq bağçasının uşaqları Gülzar İbrahimovanın sözlərinə yazılmış “Gizlənpaç” mahnısına əyləncəli rəqs nümayiş etdirdilər. 21 №-li tam orta məktəbin şagirdləri “Qədim Azərbaycan” krossvord müsabiqəsində iştirak etdilər. Qaliblər diplom və hədiyyələrlə fərqləndirildi.
Məktəblilər Gülzar İbrahimovanın sözlərinə bəstəkar Elşən Nicatın bəstələdiyi “Ana dilim” mahnısını ifa etdilər. Çıxış edən bütün uşaqları Gülzar nənə Azərbaycan bayrağı olan döş nişanı, suvenirlərlə və hədiyyələrlə sevindirdi.
Yazıçı Şirvan Mərkəzi Kitabxanasına Nizami Məmmədovun və Sevda Məmmədəliyevanın kitabxanalara hədiyyə etdiyi “Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid” kitablarını da təqdim etdi.
Tədbirə informasiya dəstəyini G.İbrahimovanın Fəxri oxucusu olduğu Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası göstərdi.


