Siyasi xaosdan dialoq mədəniyyətinə doğru – Xankəndi səfəri haqqında düşüncələr

Prezident Adminstrasiyasının Siyasi Partiyalar və Qanunvericilik Hakimiyyətilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin martın 6-da Azərbaycanda fəaliyyət göstərən 24 siyasi partiyanın rəhbərləri, Azərbaycanda fəaliyyət göstərən Youtube kanallarını, media orqanlarının rəhbərlərinin və tanınmış politoloqlarının birgə Xankəndi, Xocalı və Əsgəran rayonlarına səfərləri ölkə daxilində sabitliyin və siyasi mədəniyyətin mövcudluğunun bariz nümunəsidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı təşviq olunan həmrəylik mühitinin strateji əhəmiyyəti konkret nəticələrdə öz təsdiqini tapır.

Taleyüklü, milli məsələlərdə vahid mövqedən çıxış etmək mədəniyyətini ortaya qoyan Azərbaycanın siyasi spektri daha bir örnək ortaya qoydu. Sayca 5-ci olan bu səfərdən əvvəl də siyasi partiya rəhbərləri üçün işğaldan azad olunmuş ərazilərə birgə səfərlər təşkil olunub.Bu cür səfərlər iki dəfə Şuşaya, Ağdama və Zəngilana təşkil olunub.

Bu dəfə 24 siyasi partiyanın nümayəndəsinin qatıldığı bu səfər zamanı Əsgəran qala-kompleksi, daha sonra Xocalı Soyqırımı Memorialı ziyarət olundu. Daha sonra iştirakçılar Xocalının Ballıca kəndində və Xankəndi şəhərində oldular. Xankəndi şəhərində Zəfər meydanında ölkənin bütün əsas siyasi partiyalarının bir yerdə toplanması da Azərbaycanın siyasi tarixində əlamətdar hadisədir. 2023-cü il noyabrın 8-də Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildiyi Zəfər meydanını ziyarət edən iştirakçılar öz təəssüratlarını həm mətbuatda, həm də sosial şəbəkələrdə bölüşdülər.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin verdiyi qüruru yaşayan, ildən-ilə artan əhəmiyyətini düzgün qiymətləndirən siyasi institutların, vətəndaş cəmiyyətinin nümayəndələrinin tez-tez işğaldan azad olunan bölgələrimizə səfər etmələri olduqca vacibdir.

Müharibədən sonra da siyasi birliyin qorunub saxlanılması Azərbaycana qarşı beynəlxalq miqyasda aparılan çirkin kampaniyaya ən samballı, ən təsirli cavabdır. Məhz bu birliyin nəticəsidir ki, aparılan qarayaxmalar, haqsız hücumlar heç bir nəticə vermədi.

Ölkədə siyasi dialoq mühitinin daha da dərinləşməsi, milli və dövlətçilik maraqları naminə siyasi proseslərdə etibarlı əməkdaşlıq öz nəticəsini verməkdədir. Dövlətimizin başçısı da hər zaman siyasətdə sağlam münasibətlərin bərqərar olmasının, siyasi dialoq mühitinin əhəmiyyətini qeyd edib.

Bu səfər həm də post-müharibə dövründə dövlətin işğaldan azad olunan ərazilərdə həyata keçirdiyi işlərlə bağlı siyasi institutların, vətəndaş cəmiyyətinin nümayəndələrinə, media mənsublarına bir hesabatı idi.

Səfər çərçivəsində iştirakçılar Xankəndi, Xocalı və Əsgəranın iqtisadi, habelə turizm potensialı ilə də tanış oldular. Xankəndi, Xocalı və Əsgəranın turizm potensialı digər rayonlarda yaradılacaq turizm imkanları ilə uzlaşdırılacağı barədə iştirakçılara məlumat verildi. Burada hotellər, istirahət zonaları yaradılacaq və kənd turizmi də inkişaf etdiriləcəkdir. Yaradılacaq yeni infrastruktur Qarabağa qayıdacaq insanlar üçün məşğulluq və gəlir mənbəyi olacaq.

Azad olunmuş ərazilərə səfərlər zamanı önəmli məsələlər ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb. Bütün hallarda bu cür səfərlər ölkəmiz, xalqımız üçün böyük əhəmiyyətə malikdir.

Ədil Ədilzadə

Sabahinfo.az saytının direktoru