Siyavuş Novruzov: Azərbaycanla Çin etibarlı tərəfdaşdırlar

Çin və Azərbaycan arasında möhkəm diplomatik və mədəni əlaqələr mövcuddur. Çin dünyanın ən böyük dövlətlərindən biridir. Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Çin ilə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir.

Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) funksioneri Siyavuş Novruzov deyib.
O qeyd edib ki, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri də Çin Xalq Respublikası olub: “İki ölkə arasında rəsmi şəxslərin qarşılıqlı səfərləri diplomatik əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edib. Çin 140-dan çox ökənin əsas iqtisadi-ticarət tərəfdaşıdır. Bu ölkələr arasında Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın xüsusi yeri və çəkisi var. Bakı-Pekin münasibətləri tarixi ənənə və müasir geosiyasi reallıqlar fonunda dinamik inkişaf tempinə malikdir. 2500 il əvvəl tarixi “İpək yolu” vasitəsilə xalqlarımız arasında mədəni və ticari əlaqələr formalaşıb. Xalqlarımız arasında tarixi bağlılıq dahi Azərbaycan şairi Nizami Gəncəvinin XII əsrdə yazdığı əsərlərdə də öz əksini tapıb.

Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləməkdədir. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əlaqələr quran Azərbaycanın istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində münasibətləri yüksələn xətlə inkişaf edir. Beynəlxalq baxışın yüksək səviyyədə olması Azərbaycana böyük inamın, etimadın göstəricisidir. 2024-cü ildə Şanxay Əməkdaşlıq təşkilatının Zirvə görüşündə iştirak etmək üçün Astanada səfərdə olan Prezident İlham Əliyevin Çin, Türkiyə, Rusiya, Pakistan, Qazaxıstan liderləri ilə keçirdiyi görüşlər münasibətlərimizin dünəninin, bu gününün və onların əsasında perspektivlərin aydın mənzərəsini yaratdı. Astana Zirvə görüşü çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbulu iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin əsası kimi dəyərləndirilir”.

Komitə sədri hesab edir ki, Çin ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir: “Azərbaycanla Çin arasında diplomatik münasibətlərin qurulduğu 1992-ci ildən etibarən iki ölkə arasında əməkdaşlıq inkişaf edir və hazırda artıq strateji səviyyəyə yüksəlib. Dövlətimizin başçısı ilə Çin lideri arasında qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli dostluq münasibətləri mövcuddur. Prezident İlham Əliyevin Çin Sədri Si Cinpin ilə görüşündə ölkələrimiz arasında dostluq, tərəfdaşlıq münasibətləri əsaslı şəkildə diqqətə çatdırıldı. Bəyannamənin əsas müddəalarında da qeyd edildiyi kimi, tərəflərin strateji tərəfdaşlığı qarşılıqlı hörmət, bərabərlik, etimad və qarşılıqlı dəstəyə əsaslanır.

Azərbaycanla Çin xarici amillərdən asılı olmayaraq bir-birini etibarlı tərəfdaş hesab edir. Prezident İlham Əliyevin 21 aprel 2025-ci ildə Çinin Sinxua agentliyinə verdiyi müsahibəsində qeyd etdiyi kimi “bizim strateji tərəfdaşlığımız qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, fayda və əməkdaşlıq kimi ikitərəfli münasibətlərin əsas prinsipləri üzərində qurulacaq. Birgə Bəyannamədə, həmçinin təsdiq etdik ki, biz bir-birinin suverenliyinə və ərazi bütövlüyünə layiqli hörmətlə yanaşan, daxili işlərə qarışmamaq və dinc yanaşı yaşamaq prinsiplərindən irəli gələn müstəqil xarici siyasət yürüdən vacib və etibarlı tərəfdaşlarıq”.

Siyavuş Novruzov bildirib ki, Azərbaycan Pekinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyənlərdən biridir və Çinlə nəqliyyat-logistikaya dair qlobal təşəbbüslər müstəvisində sıx əməkdaşlıq qurub: “Ölkəmiz mövcud istiqamətdə ciddi praktik təşəbbülər də reallaşdırıb, “Bir kəmər, bir yol” layihəsinin mühüm hissəsi olan Orta dəhliz infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırıb. Azərbaycan prezidentinin də vurğuladığı kimi fəal dialoq, şəxsi görüşlər, telefon danışıqları, məktubların mübadiləsi əsasında yaranan qarşılıqlı hörmət və etimad ikitərəfli münasibətlərin dərinləşməsində misilsiz rol oynayır. Qarşılıqlı etimad münasibətlərin yüksələn xətlə inkişafında, həmçinin yeni prioritetlərin müəyyənləşdirilməsində əhəmiyyətli funksiya daşıyır. Bu əlaqələr bütün sahələrdə uğurla inkişaf edir”.