Siyəzəndə tədbir

Bu gün Heydər Əliyev Mərkəzində “Qərbi Azərbaycan irsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” adlı kitabın I cildinin təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Novruz Novruzov Qərbi Azərbaycan mövzusunun milli yaddaşımız üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb. O, Ermənistan ərazisində azərbaycanlılara məxsus maddi-mədəni irsin, xüsusilə qəbiristanlıqların sistemli şəkildə məhv edilməsinin təkcə tarixə deyil, həm də insanlığa qarşı törədilmiş cinayət olduğunu qeyd etmişdir.

Daha sonra Milli Məclisin deputatı Müşfiq Məmmədli, YAP Siyəzən rayon təşkilatının sədr müavini Ramilə Seyidova, Siyəzən Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Şəms Hüseynova və Siyəzən rayonunun Yenikənd kəndində yaşayan Qərbi Azərbaycanlı Rüstəm Əfəndiyev çıxış edərək kitabın həm faktoloji baza, həm də hüquqi yanaşma baxımından əhəmiyyətini vurğulamış, Qərbi Azərbaycana dair həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyini qeyd etmişlər. Onlar bildirmişlər ki, bu kimi nəşrlər yalnız tariximizin qorunması baxımından deyil, həm də gələcək nəsillərin milli kimliyinin formalaşmasında mühüm rol oynayır.

Təqdimat tədbiri mövzuya olan ictimai marağı bir daha nümayiş etdirmiş, iştirakçılar arasında geniş fikir mübadiləsi ilə yadda qalmışdır.